Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:52

Kitabi-Dədə Qorqud (Qazılıq Qoca oğlu Yeynək boyu )


əvvəli

Qam Ğam oğlu Bayındır xan yerindən durmuşdu, qara yerin üzərində
uca evini tikdirmişdi. Böyük alaçığı göy üzünə dirənmişdi. Min
yerdə ipək xalça döşənmişdi. İç Oğuz və Daş Oğuz bəyləri məclisə
toplaşmışdı. Yemək-içmək idi.
Qazılıq qoca deyilən bir kişi var idi. Bayındır xanın vəziri idi.
Şərabın təsiri başına vurdu. Qaba dizləri üstə çöküb, Bayındır xandan
yürüş üçün izin istədi. Bayındır xan icazə verdi: “Haraya istəyirsən,
get!” – dedi.
Qazılıq qoca dünyagörmüş, işə yarayan adam idi. Etibarlı qocaları
yanına cəmlədi. Yataq-yarağı ilə yola düşdü. Çox dağlar, dərə-təpələr
keçdi. Günlərin bir günü Düzmürd qalasına gəldi. Qara dəniz
kənarında idi; oraya çatıb dayandılar.
O qalanın bir təkuru vardı. Adına Arşın oğlu Dirək təkur
deyərdilər. O kafirin altmış arşın qaməti vardı. Altmış batmanlıq gürz
atırdı. Ən möhkəm yayı da çəkərdi...
Qazılıq qoca oraya çatan kimi döyüşə başladı. Sonra o təkur qaladan
bayıra çıxdı. Meydana girdi, özünə tay igid istədi. Qazılıq qoca
onu görən kimi yel kimi yetişdi, yeləm kimi yapışdı. Kafirin ənsəsinə
bir qılınc vurdu. Zərrə qədər kəsə bilmədi. Növbə kafirə çatdı. O
altmış batmanlıq gürzlə Qazılıq qocanı vurdu. Boş dünya başına dar
oldu. Qanı düdük kimi şoruldadı. Qazılıq qocanı qarmalayıb-tutub qalaya
saldılar. İgidləri durmayıb qaçdılar.
Qazılıq Qoca düz on altı il qalada dustaq oldu. Sonralar Əmən
deyilən bir kişi altı dəfə getdi, həmin qalanı ala bilmədi.
Sən demə, Qazılıq qoca dustaq düşən vaxt bir yaşında bir oğlu
varmış. On beş yaşına girdi, igid oldu. Atasını ölmüş bilirdi. Atasının
dustaq olduğunu oğlandan gizlədirdilər. Həmin oğlanın adına Yeynək
deyərdilər. Günlərin bir günü Yeynək oturub bəylərlə söhbət edərkən
Qaragünə oğlu Budaqla sözü düz gəlmədi. Bir-birinə söz atdılar. Budaq
dedi: “Burada boş-boş danışıb neyləyirsən? Dalaşmağa adam axtarırsansa,
gedib atanı qurtarsana! Bəs niyə on altı ildir, dustaqdır?”.
Yeynək bu xəbəri eşidəndə ürəyi oynadı, qara bağrı sarsıldı.
Qalxdı, Bayındır xanın hüzuruna getdi. Üzünü yerə qoydu, dedi:
Səhər çağı sərt yerdə tikilən hündür evli!
Atlasdan yapılmış göy alaçıqlı!
Tövlə-tövlə çəkilən şahanə atlı!
Çağıranda hay verən, yolu çavuşlu!
Süfrəsindən yağ tökülən, bol nemətli!
Bütün igidlərin arxası, yoxsulların ümidi!
Türküstanın dirəyi! Tüklü quşun balası!
Amit soyunun aslanı! Qaracığın qaplanı!
Dövlətli xan, mənə kömək!
Qoşun ver, məni atamın dustaq olduğu qalaya göndər!
Bayındır xan əmr etdi: “İyirmi dörd vilayətin bəyləri gəlsin!
Birincisi, Dəmir qapı Dərbənd bəyi, qarğı süngü ucunda ər böyürdən,
döyüşə girəndə “kimsən” deyə soruşmayan Qıyan Səlcik oğlu Dəli
Dondaz səninlə birlikdə getsin! Ayğırgözlüdə at üzdürən, əlli yeddi
qalanın kilidini sındıran İlək Qoca oğlu Tüləkvuran birlikdə getsin!
Qoşa bürcdən qayın oxu dayanmayan Yağrıncı oğlu Elalmış səninlə
birlikdə getsin! Üç dəfə düşmən görməsə, qan ağlayan Doğsun oğlu
Rüstəm səninlə getsin! Əjdahalar ağzından adam alan Dəli Vuran
birlikdə getsin! “Yerin bir ucundan o biri ucuna çatım!” – deyən
Savğan Sarı səninlə getsin!...”
Sayılmaqla oğuz igidləri tükənməz. Bayındır xan iyirmi dörd
vilayətin pəhləvan əylərini Yeynəyə belə yoldaş etdi. Bəylər yığışıb,
hazırlıq gördülər. Birdən o gecə Yeynək yuxu gördü. Yuxusunu yoldaşlarına
soyladı, görək, xanım, nə dedi: “Bəylər, dərdli başım-gözüm
yatmışkən yuxu gördü. Ala gözümü açanda dünyanı gördüm.
Ağ-boz atlar çapdıran alpanları gördüm. Ağ işıqlı igidləri yanıma
saldım. Ağ saqqallı Dədə Qorquddan öyüd aldım. Qarşıdakı uca dağları
aşdım. İrəlidə uzanan Qara dənizi gördüm. Gəmi düzəltdim;
köynəyimi çıxarıb, yelkən qurdum. Qabaqdakı dənizi üzüb keçdim.
O tərəfdəki uca dağın bir yanında alnı-başı balqara bənzəyən bir kişi
gördüm. Qalxıb yerimdən durdum. Qarğı dilli iti süngümü qapıb, o
kişiyə sarı getdim. Qarşıdan o kişiyə sancmaq istədiyim zaman gözucu
ona baxdım; tanıdım, dayım Əmən imiş. Dönüb o kişiyə salam
verdim. “Oğuz ellərində kimlərdənsən?” – dedim. Göz qapaqlarını
qaldırıb, üzümə baxdı. “Oğul, Yeynək, haraya gedirsən?” – dedi.
Mən dedim: “Düzmürd qalasına gedirəm. Atam orada dustaq imiş”.
Burada dayım mənə soyladı:
Yetdiyim yerə yel yetməzdi.
Yeddi dəstə igidlərim
Yeni Bayırın qurduna bənzərdi.
Yeddi kişlə qurulurdu mənim yayım!
Qayın budağından yonuldu oxum,
Lələkli, qızılı möhürlü oxum!
Yel əsdi, yağış yağdı, tufan qopdu,
Yeddi dəfə getdimsə də, qalanı ala bilməyib geri döndüm.
Məndən igid ola bilməzsən, Yeynəyim, dön! – dedi.
Yeynək də yuxusunda dayısına soylayıb, demişdir:
Qalxıb yerindən duranda
Ala gözlü igid bəyləri yanına salmadın.
Sən tanınmış bəylərlə getmədin,
Beş axçaya qulluq edən, ot-ələf yığan
adamları özünə yoldaş elədin.
O qalanı ona görə ala bilmədin!
Yeynək yenə deyir:
Qovurmanı kəsə-kəsə yemək yaxşıdır.
Döyüş günü su içməyə çeşmə yaxşıdır.
Dövlət daim gəldiyi tək dursa yaxşıdır.
Bildiyini unutmasan, ağıl yaxşıdır.
Ölümündən qorxmasan, mərdlik yaxşıdır.
Yeynək bu yuxunu yoldaşlarına danışdı.
Sən demə, dayısı Əmən oraya yaxın imiş. Bütün bəylərlə yoldaş
olub getdilər. Gedib Düzmürd qalasına çatdılar. Dairə şəklində
dayandılar. Elə ki, kafirlər bunları gördü, Arşın oğlu Dirək təkura
xəbər verdilər. O lənətə gəlmiş də qaladan çıxıb, bunlara qarşı gəldi
və özünə uyğun döyüşçü istədi. Qıyan Səlcik oğlu Dəli Dondaz durub
gəldi. Altmış tutamlıq sür nizəsini qoltuğuna qısıb, “o kafiri qabaq
tərəfdən vurum”, – deyə fikirləşdi, vura bilmədi. Kafir təkur onu qarmalayıb,
zərbə vurdu. Süngüsünü çəkib əlindən aldı: O, altmış
batmanlıq gürz ilə Dondazı bərk vurdu. Gen dünya Dondazın başına
daraldı, Qazlıq atını döndərdi, qayıdıb gəldi.
Bundan sonra Dönəbilməz Tüləkvuran at üstündə altı pərli çomağı
ilə hücum edib, kafiri yuxarıdan aşağı möhkəm vurdu, yıxa bilmədi.
Təkur onun da çomağını qarmalayıb aldı. Onu da gürzlə vurdu. O da
Qazlıq atını döndərib qayıtdı. Xanım, iyirmi dörd vilayətin bəyi təkurun
əlində məğlub oldu.
Sonra cavan, təzəcə igid olan Qazılıq Qoca oğlu Yeynək Allaha
sığındı. Qüdrətli Allahı təriflədi:
Ucalardan ucasan,
Kimsə bilməz necəsən, əziz Allah!
Anadan doğulmadın, sən atadan olmadın.
Heç kimin malını yemədin,
Kimsəyə güc etmədin.
Hər yerdə əhədsən, Allahü səmədsən!
Adəmə sən tac qoydun,
Şeytana lənət etdin.
Bir günaha görə qapından qovdun.
Nəmrud göyə ox atdı.
Qarnı yarıq balığı qarşıya tutdun.
Böyüklükdə həddin yox,
Sənin boyun-qəddin yox,
ya bədənin, cəddin yox!
Vurduğunu ulatmayan ulu Tanrı!
Basdığını bildirməyən bəlli Tanrı!
Apardığını göyə yetirən əziz Tanrı!
Qəzəbləndiyini batırıb-boğan acıqlı Tanrı!
Birliyinə sığındım, qadir Tanrı!
Qara donlu kafirə qarşı at sürürəm,
İşimi sən başa vur, sən kömək et!
Həmin dəmdə atını irəli sürdü. Yel kimi yetişdi, yeləm kimi yapışdı.
Kafirin çiyninə bir qılınc vurdu. Geyim-kecimini doğradı. Altı barmaq
dərinliyində yara vurdu. Qara qanı şoruldayıb axdı. Qara inək gönündən
tikilmiş çəkmələri qanla doldu. Qara başı dumanlandı, fırlandı. Dərhal
döndü, qalaya qaçdı. Yeynək arxasından çatdı. Hasar qapısından girən
yerdə böyük, iti polad qılıncını ənsəsinə elə vurdu ki, başı top kimi yerə
düşdü. Ondan sonra Yeynək atını döndərib, qoşunun içinə gəldi.
Qazılıq qocanı dustaqlıqdan çıxartdılar. “Hey, bəy igidlər, kafiri
kim öldürdü?” deyə soruşan Qazılıq qoca soylamış, görək, xanım, nə
soylamış-demişdir:
Qaytabanın mayasını yüklü qoyub getmişəm,
Kaş biləydim, nərmi, mayamı doğdu?
Böyük aulda qoyunları yüklü qoyub gəlmişəm.
Kaş biləydim, erkək ya dişi doğdu?
Ala gözlü gözəlimi yüklü qoyub gəlmişəm.
Kaş biləydim, oğlu ya qızı oldu?
Ay igidlər, yaradanın eşqinə,
xəbər verin siz mənə!
Yeynək burada soylamış, görək, xanım, nə soylayıb-demişdir:
Qaytabanın mayasını yüklü qoydun, nər oldu!
Böyük aulda qoyunların yüklü qaldı, qoç doğdu!
Ala gözlü gözəlini yüklü qoydun, aslan bir oğlu oldu!
Yeynək atası ilə görüşdü. Ondan sonra qalan bəylər görüşdülər. Sonra
bəylər bir anda hasara hücum etdilər, düşmən malını çalıb-çapdılar.
Yeynək və atası bir-birinə həsrət qaldıqları üçün xeyli qucaqlaşıb
öpüşdülər. Sahibsiz yerlərin qurdu kimi inildədilər. Allaha çox şükür etdilər.
Qalanın kilsəsini yıxıb, yerində məscid tikdilər. Əziz Tanrı adına xütbə
oxutdular. Şahinlərin ən yaxşısını, qumaşın gözəlini, qızların göyçəyini
doqquz cərgə zər naxışlı çuxanı Bayındır xana hədiyyə ayırdılar. Qalan
şeyləri döyüşçü igidlərə bağışladılar. Dönüb evlərinə gəldilər.
Dədəm Qorqud gəlib boy boyladı, soy soyladı. “Bu oğuznamə
Yeynəyin olsun!” dedi. Xeyir-dua verək xanım:
Yerli uca dağların yıxılmasın!
Kölgəlik iri ağacın kəsilməsin!
Ağ saqqallı atanın yeri cənnət olsun!
Ağ birçəkli ananın yeri cənnət olsun!
Axır gündə Allah sizi pak imandan ayırmasın!
Ağ alnın önündə beş kəlmə dua etdik, qəbul olunsun!
Günahınızı adı gözəl Məhəmməd Mustafa
üzü suyuna bağışlasın, xanım, hey!!!

davamı
XS
SM
MD
LG