Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:47

«Əsgərlər deyirlər ki, yeməklər o qədər keyfiyyətsizdir ki…»


Ələkbər Məmmədov
Ələkbər Məmmədov
KEÇMİŞ HƏRBÇİ ORDUDAKI KÜTLƏVİ ZƏHƏRLƏNMƏ XƏBƏRİNƏ TƏƏCCÜBLƏNMƏYİB

«Hərbi hissədə bizə elə bir heyvanın ətini verirdilər ki, o heyvan quruluşuna görə çox əcaib formadaydı. Uşaqlar zarafatla deyirdilər ki, bu, dinozavr ətidir. Çünki o görkəmdə heyvanla biz Azərbaycanda rastlaşmamışdıq. Həmin ətlər soyuducusu olmayan, yük maşınlarının arxasında üst-üstə qalaqlanmış, tozun-torpağın içində hərbi hissələrə daşınırdı. Bizə Quba şirə zavodunun bir xeyli meyvə şirələrini də gətirmişdilər. Hamısının da vaxtı keçmişdi. Biz onları açıb çaya tökürdük. Bu vəziyyət indi də var. Azərbaycanda orduya nəzarət olmadığı üçün onun yeməyinə də nəzarət yoxdur».

Jurnalist Zamin Hacı deyir ki, orduda xidmət etdiyi vaxt keyfiyyətsiz ərzaqla qidalanmaları adi hal imiş. Üstəlik, əsgərlər heç vaxt göstərilən normaya uyğun qidalanmırmışlar. Z.Hacı deyir ki, ona görə də mayın 26-da baş vermiş kütləvi zəhərlənmə haqqında eşidəndə təəccüblənməyib.


AZƏRBAYCAN ƏSGƏRİNİN QİDA RASİONU

«Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə deyir ki, Azərbaycan Silahlı Qüvvələrinin ərzaq menyusuna heksavit dərman preparatı daxil olmaqla 29 adda ərzaq daxildir. Bunların arasında kartof, soğan, ət, balıq, yumurta da var. Zabit və əsgərlərin qida menyusunda fərqlər var, zabitlər daha güclü qidalanır:

«Rasionda süd məhsulları qeyd olunur, ancaq reallıqda süd verilmir. Vaxtilə yumurta verilməsi qeyd olunurdu. Əvvəllər verilmirdi, ancaq indi verilir, çünki yumurtanın qiyməti düşüb. Ət, balıq təminatında problemlər olub, ancaq tədricən aradan qaldırılıb. Ancaq əsas bu məhsulların keyfiyyətidir».

C.Sümərinli deyir ki, Qaraheybətdəki hərbi hissə maddi-texniki cəhətdən təmin olunmuş hərbi hissədir. Əsgərlərə köhnə məhsulun verilməsi araşdırılmalıdır:

«Aydın məsələdir ki, yemək köhnə olub. Bu cür yeməyin hərbi hissəyə buraxılmasına nəzarət edən qurumlar aydınlaşmalıdır. Bir şey var ki, konserv məhsulundan səhra təlim şəraitində istifadə olunur. Bu hərbi hissədə isə səhra təlim vəziyyəti olmayıb. Belə olanda bu konservdən niyə istifadə ediblər, bu konserv hansı qidanı əvəz edib? Əsgər çantası ildə bir dəfə dəyişdirilir, ola bilər ki, bir il əvvəlki konserv olub».

Ekspertlər onu da deyirlər ki, zəhərlənməyə səbəb orduya Müdafiə Nazirliyi rəhbərliyinə yaxın yüksək vəzifəli məmurlardan birinin firması tərəfindən gətirilən xarici, ola bilsin ki, vaxtı keçmiş konservlər olub.


YAY MÖVSÜMÜNDƏ ZƏHƏRLƏNMƏ TƏHLÜKƏSİ ARTIR

İstefada olan mayor Tahir Əbilov isə deyir ki, orduda keyfiyyətsiz məhsullardan istifadə olunması yayda çox təhlükəli fəsadlara gətirib çıxarır:

«May ayında təzə balıq yemək təhlükəlidir, o ki qala konservləşdirilmiş olsun. Bu ayda konservanın əsgərə verilməsi qəti qadağandır. İllərlə qalmış məhsullardır, bu da belə vəziyyətə gətirib çıxarıb».

Orduya Nəzarət İctimai Birliyinin rəhbəri Ələkbər Məmmədovsa deyir ki, onlara qida keyfiyyətsizliyi ilə bağlı onlarla şikayətlər daxil olur:

«Əsgərlər deyirlər ki, yeməklər o qədər keyfiyyətsizdir ki, iydən yeməkxanaya girə bilmirik. Ətlər keyfiyyətsiz, iyli olur, hətta üstlərində yaralar olur. Məlumatlar var ki, Qazaxıstandan ucuz keyfiyyətsiz at ətləri gətirilir».


MÜDAFİƏ NAZİRLİYİ TƏKSİB EDİR

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə orduda əsgərlərin keyfiyyətsiz qidalanması haqqında deyilənlərlə razılaşmır. Deyir ki, Müdafiə Nazirliyindəki ərzaq təminatı idarəsi bütün qida rasionuna nəzarət edir. Tenderlər elan edilir, hansı şirkət qalib gəlirsə, o şirkətin məhsulu götürülür:

«Həmin ərzaqlar da laboratoriya analizlərindən keçirilir. Ziyan vurmayan məhsuldursa, qəbul edilir, əksinədirsə, geri qaytarılır. İndi baş verən bu hadisəylə bağlı şayiələr yayırlar, bu, məqsədli şəkildə edilir».

E.Sabiroğlu deyir ki, baş verən hadisədə 164 əsgər hərbi hospitala gətirilib, 158-i geri qaytarılıb. Altısı hospitalda qalıb. Onlardan müxtəlif bakterioloji - laborator nümunələr götürülüb. Nəticələr üç gün ərzində açıqlanacaq.
XS
SM
MD
LG