Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51

İşgəncə, yoxsa kobud rəftar?


Bakıda Yol Polisi, yanvar 2008
Bakıda Yol Polisi, yanvar 2008
«Mən bilmək istəyirəm, qardaşım niyə ölüb. Öyrənmək istəyirəm, həkim nə cürətlə xəstəxanaya çatar-çatmaz, 15 dəqiqə içində onu yarıb…» Qardaşının ölüm səbəbinin araşdırılmasını istəyən Gədəbəy rayon sakini Qəhrəman Qasımovdur.

«ÜRƏYİNİN ÜSTÜNDƏ İKİ QARA NÖQTƏ…»

Söhbət ötən həftə, iyulun 17-də polis bölməsində ölən 43 yaşlı taksi sürücüsü Söhbət Qasımovdan gedir. Hüquq-mühafizə orqanları deyir ki, sürücü yol qaydalarını pozduğuna, yolda tıxac yaratdığına görə Binəqədi Polis İdarəsinin dördüncü bölməsinə gətirilib, bu zaman o, əsəbi və həyəcanlı olub. Az sonra ürək ağrılarından şikayət edən sürücü 6 saylı xəstəxanaya göndərilib və orda ürək çatışmazlığından vəfat edib. Mərhumun qohumları isə əksini iddia edir və Söhbət Qasımovun bölmədə psixoloji təzyiqə və işgəncələrə məruz qaldığını deyirlər. Üstəlik qohumları şübhəyə salan mərhumun onlardan xəbərsiz yarılmasıdır. Qəhrəman Qasımov meyitin təkrar ekspertizadan keçirilməsi tələb edir:

«Nə olubsa, polisin əliylə olub. O adamda xəstəlik-filan yox idi. Biz çatana kimi, 15-20 dəqiqə içində Sulutəpədən 6 saylı xəstəxanaya aparılıb. Orda da yarılıb. Bizi meyitə yaxın buraxmayıblar. Meyit yuyulmağa götürüləndə baxmışıq ki, ürəyinin üstündə iki qara nöqtə var.

- İşgəncə izlərinə rast gəlmisizmi?

- Məncə, varıydı. Sinədə iki qara nöqtə varıydı… Hələ 15 dəqiqə içində xəstəxanada paltarı da yuyulub. Səbəb nəydi?!

DEPUTAT DA İŞƏ QARIŞDI:«İŞGƏNCƏ VERİLİBSƏ, CAVAB VERİLMƏLİDİR»

Təkrar ekspertizanın keçirilməsini istəyən, şübhələri olan təkcə ailə üzvləri deyil. Əslən Gədəbəydən olan, amma son illər dolanışıq ucbatından Bakıda yaşayan Söhbət Qasımovun ölümü ilə bağlı sualların araşdırılmasını həm də bu böləgədən seçilən deputat Nazim Məmmədov istəyir. O elə iyulun 27-də həm Səhiyyə, həm də Daxili İşlər Nazirliyinə müraciət edib:

«Çox şübhəli görünür ki, polis idarəsinə gətirilən şəxsin birdən-birə halı pisləşir və ürək çatışmazlığından vəfat edir. Əgər kimsə ona işgəncə veribsə, bu hala salıbsa, cavabı verilməlidir».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, bu hadisədən də, deputatın müraciətindən də xəbərsizdir.

«SÖHBƏT QASIMOVA İŞGƏNCƏ VERİLMƏYİB»

Bunu isə işlə bağlı araşdırma aparan Binəqədi rayon prokurorluğunun müstəntiqi Elşən Məmmədov deyir. Amma onu da söyləyir ki, hələlik ekspert rəyini gözləyirlər:

«Mən ilk dəqiqədən meyitxanada olmuşam, yəni meyit xəstəxanadan ora göndərilən kimi. Reanimasiya şöbəsinin həkimlərini də dindirmişik. Ekspert onu müayinə edəndə də yanında olmuşam. Rayon prokuroru da şəxsən gəlib. Bədənində hər hansı xəsarət olsaydı, ona özümüz hüquqi qiymət verərdik…Müayinə üçün hissələr götürülüb. Obyektiv araşdırılacaq. Histoloji müayinənin cavabı gələndən sonra ölümün dəqiq səbəbini deyəcəyik».

İŞGƏNCƏ YOXSA KOBUD RƏFTAR? «HƏR İKİSİ DƏ QANUNAZİDDİR»


Hadisəylə bağlı Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov da araşdırma aparıb. Amma əlavə edir ki, o meyiti görməyib və yaxınlarının dediklərindən də xəbərsizdir. Hüquq müdafiəçisi araşdırma zamanı sadəcə həm Binəqədi rayon polis idarəsi 4-cü bölməsinin rəis müavini İlham Hümayevlə, həm də xəstəxana həkimləriylə söhbət edib. Və belə bir qərara gəlib ki, Söhbət Qasımova fiziki işgəncə verilməsə də, onunla kobud rəftar olunub:

«Birincisi, Söhbət Qasımova nəyə görə işgəncə verilməliydi? Adam öldürməyib, oğurluq etməyib ki, döyüb etirafedici ifadə alsınlar. Amma təcrübəmə əsaslanıb deyirəm ki, post-patrul xidmətinin əməkdaşları onu bölməyə gətirəndə kobud rəftar ediblər, ona qarşı qeyri-insani rəftar olub. Çünki polis də deyir ki, o bölməyə gələndə hirsli və həyəcanlıydı. Bununla da infarkt keçirib».

Elçin Behbudov dərhal da deyir ki, kobud rəftar yolverilməzdir. Hətta polisin dediyi kimi, Söhbət Qasımov onlara tabe olmasa belə. Azərbaycan Konstiutsiyasının 31 və 46-cı maddələri də kobud rəftarı, zorakılığı qəti qadağan edir. Buna görə də fakt geniş araşdırılmalı və ona hüquqi qiymət verilməlidir. Mərhum Söhbət Qasımovun qardaşı isə prezidentə müraciət etməyi düşünür.
XS
SM
MD
LG