Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:40

«Münaqişə ilə bağlı sənəd ilin sonunadək təsdiqlənməlidir»


Prezidentlər Sankt-Peterburqda, 5 iyun 2009
Prezidentlər Sankt-Peterburqda, 5 iyun 2009
«Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin əsas prinsipləri ilə bağlı sənədi ilin sonunadək təsdiqləməlidir, əks təqdirdə tərəflərin genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə qayıtması qaçılmaz olar».

Beynəlxalq Böhran Qrupu «Dağlıq Qarabağ: Nizamlanmaya yanaşma» adlı son hesabatında belə yazır. Qrup bildirir ki, münaqişədən 20 il ötməsinə baxmayaraq, nikbinlik üçün əsas var, bu nikbinliyə regionda yaranmış şərait əsas verir.

Bununla belə, qrup Azərbaycan və Ermənistan hökumətlərini və beynəlxalq ictimaiyyəti səylərini artırmağa çağırır. Vurğulayır ki, hazırkı status-kvo vəziyyəti qəbul olunmaz hala gəlir.

Beynəlxalq Böhran Qrupu hesab edir ki, münaqişənin həlli üçün ilk addım kimi ölkə prezidentləri ictimaiyyəti mümkün sülh müqaviləsinə hazırlamalıdır. Qrup qeyd edir ki, ictimaiyyət arasında, xüsusilə də ermənilərdə mənfi münasibət istənilən baza prinsiplərini iflasa uğrada, Ermənistanın ictimai fikrindəki narazılıq çərçivə sazişinin qabağını ala bilər.

Təşkilat məsləhət görür ki, rəsmi Bakı Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə birbaşa kontaktlara getsin.

«BU, HAZIRKI ŞƏRAİTDƏ TƏRƏFLƏRİN MARAĞINDA DEYİL»

Siyasi şərhçi Rauf Mirqədirov isə Beynəlxalq Böhran Qrupunun bəzi fikirlərini bölüşmür. O hesab etmir ki, əsas prinsiplərlə bağlı razılaşma əldə olunmazsa, hərbi əməliyyatlar bərpa oluna bilər. Çünki bu, hazırkı şəraitdə tərəflərin marağında deyil. Hesabatın indiki məqamda açıqlanmasına gəlincə, R.Mirqədirov deyir ki, bu, Qərb dairələrinin marağının nümayişidir.

Rauf Mirqədirov
Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer yazır ki, tərəflərin yavaş-yavaş razılaşma istiqamətində hərəkət etməsinin əlamətləri var. Ancaq iki ölkə arasında fikir ayrılıqları yenə də qalmaqdadır, əsasən də Dağlıq Qarabağın son statusu ilə əlaqədar. Freyzer tərəflər arasında qarşılıqlı inamsızlığın olduğunu da bildirir.

Qrup əsas prinsiplər üzrə sənədin qəbul edilməsi, sülh sazişi ilə bağlı danışıqlara başlanması üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini səylərini artırmağa çağırır. Təşkilat qeyd edir ki, «həmsədr ölkələr yalnız özlərinin əməkdaşlığına güvənməməli, həm də Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşmasından yararlanmalıdırlar».

Ancaq Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşmasının vəziyyətə təsir edəcəyinə şübhə ilə yanaşır.

İLHAM ƏLİYEV SERJ SARKİSYANLA DAHA YAXŞI ANLAŞIR


Beynəlxalq Böhran Qrupu isə öz növbəsində yazır ki, Azərbaycan hökuməti Qarabağ azərbaycanlılarına danışıqlarda və daxili siyasi proseslərdə daha böyük rol oynamaq üçün imkan yaratmalı, həmçinin icma başçısını özlərinin seçə bilməsi qanunvericilikdə öz əksini tapmalıdır.

Beynəlxalq Böhran Qrupu prezidentlərin keçirdiyi görüşlərə də toxunur, 2009-cu ildə Əliyevlə Sarkisyanın 5 dəfə görüşdüyünü yazır. Təşkilat bəzi müşahidəçilərə istinadla İlham Əliyevin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla müqayisədə Serj Sarkisyanla daha yaxşı anlaşdığını qeyd edir.

Qrup yazır ki, həm Ermənistan, həm də Azərbaycan ictimaiyyətində belə bir fikir var ki, «qan hesabına verilən» torpaqlar, «yalnız qan hesabına» geri qaytarıla bilər. Qrupu narahat edən məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların manipulyasiya olunması, süzgəcdən keçirilərək, təhrif olunmuş şəkildə çatdırılmasından ibarətdir.

Beynəlxalq təşkilatın qənaətinə görə, bəzən hakim elita münaqişəni öz məqsədləri üçün istifadə edir, məsələni həll etməkdənsə hakimiyyətdə qalmağa çalışır.
XS
SM
MD
LG