Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:04

Büdcə gəlirlərində tendensiya necə dəyişir?


2010-cu ilin büdcəsi isə 11 milyard manat nəzərdə tutulur
2010-cu ilin büdcəsi isə 11 milyard manat nəzərdə tutulur
«Son 15 ilin təcrübəsi göstərir ki, büdcəni 97-98 faizdən artıq icra etmək mümkün deyil. Əgər bunu nəzərə alsaq, istər-istəməz büdcədə ilin sonuna ən azından 500-700 milyon manat vəsait qalacağı gözlənilir ki, neftdən daxilolmalar azalarsa, həmin məqsədə yönəldilə bilər. Beləliklə də büdcənin gəlirində heç bir problem yarana bilməz».

Bu, Hesablama Palatasının sədri Heydər Əsədovun ötən il parlamentdə 2009-cu ilin büdcəsi müzakirə olunarkən dedikləridir. Cənab Əsədov o vaxt neftin qiymətinin 70 dollar nəzərdə tutulmasının büdcənin gəlirlər hissəsində problem yaratmayacağını bildirirdi.

İndi artıq 2010-cu ilin dövlət büdcəsi müzakirə ərəfəsindədir. Gələn ilin büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulur. Dünyada neftin qiyməti aşağı düşməkdə davam edərkən 2009-cu ilin büdcəsində neft 70 dollar götürülmüşdü, ancaq indi - qiymət qalxdığı halda niyə 45 dollar nəzərdə tutulur?

Doğrudanmı büdcənin gəlirlər hissəsinin əsasən neft amilindən formalaşdığını deyən bəzi mütəxəssislər yanılırlar? Yoxsa bu sahədə tendensiya dəyişir? Əgər dəyişirsə, qeyri-neft sektorunun bu dəyişikliyə hansısa formada təsiri varmı?

«NAZİRLİKLƏR GÜNÜN TƏLƏBLƏRİNƏ CAVAB VERMİR»


Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, YAP-dan olan millət vəkili Nazim Məmmədov hesab edir ki, hökumət gələn il üçün büdcədə neftin qiymətini 45 dollar götürməklə kifayət qədər ehtiyatlı davranıb.

Heç şübhəsiz ki, büdcə gəlirlərinin formalaşması yenə də əsasən neft amilinə bağlıdır. Deputat deyir ki, bunu böyük bir problemə çevirmək düzgün deyil. Çünki Azərbaycan neft ölkəsidir. Vergi, gömrük xəttilə daxil olan əsas gəlirlər, Neft Fondundan transferlər - neft amilindən asılıdır:

«İqtidar olaraq biz bunu gizlətmirik. Etiraf etməliyik ki, hələ keçən ilin də qeyri-neft sektorunun inkişaf dinamikası bizi sonadək qane etməsə də,
Nazim Məmmədov
başqa ölkələrin fonunda sevindirici haldır ki, bu sektorda Azərbaycanda 11 faizə yaxın irəliləmə var».

Nazim Məmmədov hesab edir ki, Azərbaycanda neft amilini insan amilinə, o cümlədən, qeyri-neft sektorunun inkişafına çevirməkdə hələ də hədəflərə çatılmayıb. Bunun səbəbi isə bu sahələrə cavabdeh insanların, nazirliklərin günün tələblərinə cavab verməməsi, müəyyən stereotiplərlə işləməsidir. O hesab edir ki, bu gün sahibkarlara dövlət başçısı tərəfindən çox yüksək səviyyədə siyasi, mənəvi və maddi dəstək verilir. Ancaq ayrı-ayrı nazirliklərlə bağlı hələ də problemlər mövcuddur.

«ÖLKƏDƏ QEYRİ-DÖVLƏT SEKTORUNA EHTİYATLI YANAŞMA VAR»

Bəzi mütəxəssislər isə hesab edirlər ki, neft ölkəsi olmaq qeyri-neft sektorunun büdcənin formalaşmasında əhəmiyyətli rolunu əngəlləməməlidir. Əksinə, neft amili bu sahəni inkişaf etdirməlidir ki, büdcənin yükü yalnız onun üzərində qalmasın.

İqtisadçı ekspert Zöhrab İsmayıl isə hesab edir ki, hazırda Azərbaycan hökuməti bütün diqqətini neftdən əldə olunan gəlirlərin xərclənməsinə yönəltdiyi üçün, büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynaya biləcək qeyri-neft sektoru inkişaf etmir. Digər tərəfdən, qeyri-neft sektorunun inkişafı üçün ortada nə sanballı proqram, nə də konkret addımlar yoxdur. Məqsədlərlə əməllərin üst üstə düşməməsi, monopoliyaların bəslənməsi, sahibkarlığa siyasi prizmadan yanaşılması kimi məsələlər var ki, onlar qeyri-neft sektorunun büdcənin formalaşmasına təsir edə biləcək səviyyəyə çatmasına imkan vermir. Ekspert deyir ki, sanki ölkədə qeyri-dövlət sektoruna ehtiyatlı yanaşma var. Çalışılır ki, bu sahə nəzarətdə saxlanılsın.

Z.İsmayılın fikrincə, gələn ilki büdcənin fəlsəfəsində neftin qiymətindən başqa heç bir dəyişiklik yoxdur. Yenə də neft amili büdcə gəlirlərində öz aparıcı rolunu saxlayır, dövlət investisiya xərcləri büdcənin xərclərində öz çəkisini qoruyub saxlayır.

Zöhrab İsmayıl
Bununla belə, əgər pul çox gəlsə, 2010-cu ilin ortasında ola bilər ki, büdcə dəyişsin:

«HƏR BİR ÖLKƏNİN BÜDCƏSİ 3 SUALA CAVAB VERMƏLİDİR»

«Gələn il seçkidir. Neftin qiymətinin də bu cür aşağı götürülməsində məqsəd o ola bilər ki, qiymətin yüksək tempi qalarsa, gələn ilin mayında hökumət büdcəyə dəyişikliklər edəcək və 2005-2008-ci illərdəki ənənəsini bərpa eləmiş olacaq. Deyəcək ki, pul çox olduğu üçün büdcəni dəyişmək siyasətini davam etdiririk. Amma həmin büdcənin Azərbaycanın iqtisadi inkişafında, insanların həyatında, ölkənin təhlükəsizliyində hansı rolu oynayacağı suallarına cavab yoxdur. Halbuki, hər bir ölkənin büdcəsi bu 3 suala cavab verməlidir».

Z.İsmayıl deyir ki, neftin qiymətinin necə olacağından asılı olmayaraq, 2010-cu ilin dövlət büdcəsinə Neft Fondundan 5 milyard manata yaxın vəsait köçürüləcək. Bu, büdcənin təxminən 50 faizindən bir qədər azını təşkil edir.

2009-cu ilin təsdiqlənmiş dövlət büdcəsinin gəlirlər hissəsi 12 milyard manatdır.

2010-cu ilin büdcəsi isə 11 milyard manat nəzərdə tutulur. Zöhrab İsmayılın sözlərinə görə, bu illə müqayisədə gələn ilin büdcəsi 18 faiz azalıb.
XS
SM
MD
LG