Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:22

'Sərhəd qapıları açıldıqdan bir gün sonra 20 Yanvar qırğını oldu…'


Sovet-İran sərhədi, yanvar 1990
Sovet-İran sərhədi, yanvar 1990

19 yanvar 1990-cı il saat 11:20-də SSRİ ilə İran arasında olan Astaraçay üzərindəki qapını açdılar. Bu qapı iki ölkə arasında sərhəd hesab olunurdu. 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra ilk dəfə idi ki, sərhəd qapısı açılırdı.

Şahidlərin deməsinə görə, qapı 3 gün açıq qalıb

Həm iranlılar, həm də azərbaycanlılar sərbəst şəkildə sərhədi keçə biliblər. O vaxt Moskva televiziyası sındırılmış sərhəd qapısını nümayiş etdirərək bu hadisəni törədənləri «narkoman», «sərxoş» adlandırmışdı. İran isə əhalinin bu istəyini onlara birləşmək kimi izah edirdi. Ancaq bu hadisəylə bağlı əsas sual İranın sərhədi niyə açmasına aiddir. Rus sərhədçiləri qapıları təzyiq altında açmışdılar. Sərhəddə 4 rayonun 5 minə yaxın sakinləri yığılmışdı. Bəs sərhəddə böyük hərbi qüvvə toplayan İran tərəfi nə üçün qapılarını açdı?

"Bizə demişdilər ki, sizi güllələyəcəklər"

Hadisələrin iştirakçısı Hacı Faiq Cəfərov: "Səhər saat 9-da Azadlıq meydanında toplaşdıq. Oradan da sərhədə yürüş etdik. Bizə demişdilər ki, sərhəddə 300 nəfərdən çox xüsusi təyinatlı dəstə yerləşdirilib. İranla Azərbaycan arasında olan körpünü tanklar və digər zirehli maşınlar qoruyurdu. Bizə demişdilər ki, sizi güllələyəcəklər. Lakin belə olmadı. Birinci qapını keçdik, körpünün üstündə olan ikinci qapını açmaq istəmirdilər. Bir saata qədər körpünün üstündə qaldıq. İran tərəfində bir sərhəd zabiti gəlib qapının kilidini açdı".

F.Cəfərov deyir ki, məqsəd xalqlar həbsxanasına çevrilmiş SSRİ-nin sərhədini keçmək idi. O vaxt belə fikir var idi ki, SSRİ-nin sərhədi toxunulmazdır. Digər tərəfdən Azərbaycana müstəqillik, özümüzə azadlıq istəyirdik. Onun sözlərinə görə, İrana birləşmək istəyi ümumiyyətlə olmayıb: "3 gün qapılar açıq qaldı. Gedib doğmalarımızı axtardıq. 20 yanvarda İran Astarasında olanda eşitdim ki, Bakıda qırğın olub. Sərhəd qapılarının açılması 20 yanvara hazırlıq idi".

Astara şəhərinin ətrafi tanklarla dolu idi

Hadisələrin digər iştirakçısı Elçin İbrahimli belə hesab edir ki, qapılar açılmasaydı, qırğın olardı. O deyir ki, Astara şəhərinin ətrafı tanklarla dolu idi. "Qoşun sərhədin qapısını mühasirəyə almışdı. Son anda fikirlərini dəyişdilər, qapıları açdılar".

O vaxt Astara Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri işləmiş Həbib Rəsulov deyir ki, rayonda ictimai asayişi qorumaq üçün komissiya yaradılıbmış: "Komissiyanın sədri mən idim. Rayon partiya komitəsinin birinci katibi Sultan Məmmədov xəstə yatırdı. Qalanları işə çıxmırdı. Meydanda tək qalmışdım. Yuxarıdan demişdilər ki, əhali sərhədi keçsə, bu Azərbaycanın müstəqil olmasına şərait yaradacaq. Xalq İranı yox, müstəqillik istəyirdi. Yanvarın 19-na kimi rus sərhədçiləri möhkəm durmuşdular. Xəbərimiz var idi ki, sərhəd qapılarına yaxınlaşanları vuracaqlar. Boris Brakov adlı zabitin başçılığı altında dəniz kənarı vasitəsi ilə Astara keçid məntəqəsinə yaxınlaşırdı. Onları qarşıladıq və başa saldıq ki, bu məsələni qırğın törətməklə həll etmək olmaz. Qoşun geri qayıtdı. Çox qəribədir ki, həmin günü sərhədçilər də fikirlərini dəyişdilər. Geriyə çəkildilər. Sonra bildik ki, Moskvanın göstərişi belə olub".

Astarada sərhəd qapıları açıldıqdan bir gün sonra 20 yanvar qırğını oldu, 5 gündən sonra isə Lənkəran hadisələri baş verdi, rus qoşunları 5 nəfər dinc sakini qətlə yetirdi.
XS
SM
MD
LG