Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:25

6 milyard dollarlıq layihə


«Mərkəzi Azəri» platforması
«Mərkəzi Azəri» platforması
Martın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Chirag Oil» layihəsinin sanksiyalaşdırılması mərasimi keçirilib.

ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib ki, bu layihənin həyata keçirilməsi üçün «Azəri-Çıraq-Günəşli» yatağının işlənməsi üzrə konsorsiumun bütün səhmdarlarının razılığı alınıb və Azərbaycan hökuməti işlərin başlanmasına icazə verib.

Layihəyə qoyulan sərmayələrin dəyəri 6 milyard dollarla qiymətləndirilir. Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycanın xarici neft şirkətləri ilə əməkdaşlığı tarixində ilk dəfə olaraq layihədə bütün tikinti işləri Azərbaycanda həyata keçiriləcək. Bu, Azərbaycan vətəndaşları üçün 1800 iş yerinin yaradılması deməkdir.

«BP-Azerbaijan» şirkətinin rəhbəri Rəşid Cavanşir qeyd edib ki, bu layihə çərçivəsində bundan əvvəl Xəzərdə tətbiq edilməmiş yeni texnologiyalar tətbiq olunacaq. Bu, Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində kontrakt sahəsindən əlavə olaraq 360 milyon barrel neft çıxarmağa imkan verəcək. Bu zaman gündə 1 milyon barel həcmində stabil neft hasilatı dövrü «maksimum uzadılacaq».

«Chirag Oil»-də tikinti işlərinin cari ilin iyununda başlanacağı nəzərdə tutulub. 2012-ci ilin 4-cü rübünə qədər tikinti işlərinin başa çatdırılması və qazma və istismar işlərinin başlanması, 2013-cü ilin 4-cü rübünə isə neft hasilatına başlanması nəzərdə tutulub. Platformada maksimum hasilat səviyyəsinə çatıldıqda gündə 25 min ton neft çıxarılması nəzərdə tutulur.

«Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi üzrə «Əsrin müqaviləsi» 1994-cü ilin sentyabrında imzalanıb. Birinci neft 1997-ci ilin noyabrında çıxarılıb. Ümumilikdə müqavilə sahəsinin işlənməsinə başlandıqdan bu günə qədər 170 mln ton neft çıxarılıb.

«BP-Azerbaijan»ın məlumatına görə, yataqda neft ehtiyatları 730 milyon ton, ARDNŞ-nin məlumatına görə isə 930 milyon ton təşkil edir. Gündə 1 milyon barrel səviyyəsində maksimum neft hasilatı dövrü 2014-2018-ci illərə təsadüf edəcək.

Azərbaycan tərəfin məlumatlarına görə, 2024-cü ildə «Əsrin müqaviləsi»nin müddəti bitənədək gündəlik neft hasilatı təxminən 450 min barrel təşkil edəcək.

«Azəri-Çıraq-Günəşli»nin işlənməsi üzrə konsorsiumun səhmdarları BP (operator - 34,1367 faiz pay iştirakı), ChevronTexaco (10,2814 faiz), ARDNŞ (10 faiz), INPEX (10 faiz), Statoil (8,5633 faiz), ExxonMobil (8,006 faiz), TPAO (6,75 faiz), Devon Energy (5,6262 faiz), Itochu (3,9205 faiz), Delta Hessdir (2,7213 faiz)
XS
SM
MD
LG