Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Herkel: «Məni günahlandırdılar ki...»


Andres Herkel
Andres Herkel
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 24-də keçirilən iclasında «Azərbaycanda demokratik institutların fəaliyyəti» adlı qətnamə qəbul olundu. Həmin sənədin müəlliflərindən biri - Azərbaycan üzrə keçmiş həmməruzəçi Andres Herkel AzadlıqRadiosunun suallarını cavablandırır.

- Cənab Herkel, qətnamədə deyilir ki, Azərbaycanda sonuncu bələdiyyə və prezident seçkilərində irəliləyiş olub. Söhbət hansı irəliləyişdən gedir?

- Seçkilərin qiymətləndirilməsi mənim səlahiyyətim deyil. Bu qiyməti Avropa Şurasının seçkiləri izləyən müşahidə missiyaları verirlər və biz də qətnaməyə həmin ifadəni əvvəlki sənədlərdən götürüb qoymuşuq. Bu qətnaməyə bir başqa ifadə salınmışdı – «seçkilərdə əhəmiyyətli irəliləyiş əldə olunub». «Əhəmiyyətli» ifadəsini həmkarım - o biri həmməruzəçi və Monitorinq Komitəsinin başqa üzvləri təklif etmişdilər. «Əhəmiyyətli» sözü yalnız seçki gününə və administrativ tədbirlərə aid edilə bilər. Seçki isə daha geniş anlayışdır və keçən seçkilərdə plüralizm və azadlıq müəyyən formada çatışmırdı. Odur ki, biz kompromis variant kimi «irəliləyiş olub» ifadəsini seçdik. Mənim fikrimi soruşsanız, deyərdim ki, bu irəliləyiş ancaq administrativ mənadadır və hələ də Azərbaycanla bağlı çoxlu narahatlıqlar var. Bu, daha çox söz və toplaşmaq azadlığı ilə bağlıdır.

- Düz başa düşdümsə, dediniz ki, «əhəmiyyətli» sözünün daxil edilməsi həm də o biri həmməruzəçinin təklifi idi. Yəni, Cozef Debano Qrexi nəzərdə tutursunuz...

- Xahiş edərdim ki, bu məsələnin üzərində köklənməyək. Əsas odur ki, həmin söz yekun qətnamədən çıxarılıb. İndi günahkar axtarmaq düzgün deyil. Bir çox adam bu fikrin tərəfdarı idi. Müzakirələrdən sonra biz yekun qənaətə gəldik və «əhəmiyyətli» sözünü çıxardıq.

- «Turan»a müsahibənizdə deyirsiniz ki, Azərbaycan nümayəndə heyəti islahatlar əvəzinə AŞPA-da lobbiçilik fəaliyyətinə köklənib. Nəyi nəzərdə tutursunuz?

- Əslində, bu, daha çox Komitədəki birinci müzakirədən əvvəl baş vermişdi. Sessiya vaxtı o qədər də çox müşahidə olunmurdu. Amma Azərbaycan nümayəndə heyəti ölkənin mövqeyini çox fəal şəkildə müdafiə edir. Əslində, mən sonuncu qətnamədə daha çox düzəlişin edilməsi üçün təkliflər gözləyirdim. Amma bu dəfə Azərbaycan nümayəndə heyəti bir dənə də düzəliş təklifi qaldırmadı.

- Sizcə, bu qətnamə ölkədəki real situasiyanı əks etdirirmi?

- Qətnamədən az-çox razıyam. Bəzi ifadələr var ki, kompromisin nəticəsidir. Amma ümumi şəkildə vəziyyəti ifadə edir. Məni müzakirələrdə günahlandırdılar ki, həmişə eyni sözləri təkrarlayıram, deyirəm ki, plüralist demokratiya yoxdur Azərbaycanda. Bir opponentim dedi ki, ölkədə bu mühiti təmin etmək müxalifətin məsuliyyətidir. Mənim cavabım isə bu oldu ki, plüralizm azadlığın nəticəsidir. Azadlıq olduqca, bu problemlər həllini tapacaq.

- Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov iclasdan sonra deyib ki, ölkədəki real prosesləri düzgün təhlil edən insanların sayı artır və həmin prosesləri nəzərə almamaq mümkün deyil. Sizcə də bu, belədirmi?


- Səməd Seyidov bu fikri tez-tez deyir. Mən müzakirələrə qatılanlara təşəkkür edirəm. Amma bəzən təəssüf edirəm ki, Azərbaycan haqda müzakirələrdə daha çox Azərbaycanın özündən, Ermənistan və Türkiyədən olan spikerlər danışırlar. Mən isə daha çox deputatın danışmasını istəyərdim. Xüsusilə də həbsdəki jurnalist Eynulla Fətullayev və bloqqerlərin işi ilə bağlı. Əgər onlar doğrudan da seçkiönü vəziyyətin dəyişməsini istəyirlərsə, bu üç nəfərin buraxılması çox mühümdür. Mən demirəm ki, Azərbaycan hökuməti hər bir şeyi yanlış edir. Amma mənim qaldırdığım konkret problemlər var. Hansısa deputatın Azərbaycanın yanında, yoxsa onu tənqid mövqeyində olmasını demək bir az şişirtmə olardı. Mən həmişə Azərbaycanın tərəfindəyəm, hətta tənqidi fikirlər səsləndirəndə belə. Parlament Assambleyasında Azərbaycan hökuməti yönümlülərin sayının artıb-artmadığını demək mənim səlahiyyətim xaricindədir. Nəticə budur ki, qətnamə qəbul olundu.

- Cənab Herkel, Sizin yerinizə təyin olunmuş həmməruzəçi Pedro Aqramunt Font de Mora haqqında nə deyə bilərsiniz?

- O, uzun müddətdir ki, parlamentdədir. Kifayət qədər aktivdir. Onun işinin səmərəsini zaman göstərəcək.

- Onun monitorinq təcrübəsi varmı?

- Bəli, var, Mərakeşdə monitorinq aparıb.
XS
SM
MD
LG