Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:13

Brayza ilə bağlı səsvermənin dəqiq vaxtı bilinmir


Metyu Brayza
Metyu Brayza
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Prezident Barak Obamanın irəli sürdüyü namizəd Metyu Brayza ilə bağlı səsverməni təxirə salıb.

Bu barədə AzadlıqRadiosuna Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Kis Bin məlumat verib.

Onun dediyinə görə, komitə üzvləri senatorlardan bu məsələyə səs verməmələrini istəyiblər.

«Nəticədə xarici Əlaqələr Komitəsində Metyu Brayzanın namizədliyinin irəli sürülməsinə dair heç bir tövsiyə verilməyib».

Kis Bin Metyu Brayza ilə bağlı səsvermənin nə vaxt keçiriləcəyi barədə məlumat verməyib. O bildirib ki, hər bir səfirliyə namizədin irəli sürülməsilə bağlı müəyyən müddət var və həmin müddəti senat müəyyənləşdirir.

ABŞ Senatının Xarici Əlaqələr Komitənin sədri, senator Con Kerri deyib ki, Brayzanın namizədliyi ilə bağlı səsvermə Amerikadakı erməni icmasının maraqlarını təmsil edən senator Barbara Bokserin müraciəti əsasında Konqresin avqust fasiləsindən sonra keçiriləcək.

Metyu Brayza keçmiş prezident Corc Buşun hakimiyyətində dövlət katibi müavininin köməkçisi işlərkən və Minsk qrupunun həmsədri olarkən onun Dağlıq Qarabağ münaqişəsi, Ermənistanla Azərbaycanın digər mübahisələrində tutduğu mövqe Senat üzvlərində suallar yaradıb.

Senator Barbara Bokser Xarici əlaqələr komitəsinin iyul ayında keçirdiyi iclasda Metyu Brayzaya ABŞ-da yaşayan ermənilərin qayğılarını əks etdirən israrlı suallar vermişdi.

Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının əleyhinə çıxanlar onu səfir postuna uyğun olmayan şəxs adlandırıblar.

Xarici əlaqələr komitəsinin üzvü, respublikaçı senator Riçard Luqar isə iclasdan sonra jurnalistlərə verdiyi açıqlamada Brayzaya dəstək verərək onun çox güclü bir diplomat olduğunu vurğulayıb. Luqar həmçinin Metyu Brayzanın təyinatı ilə bağlı dinləmələrin mümkün olan ən yaxın tarixdə keçiriləcəyinə ümidvar olduğunu bildirib.
XS
SM
MD
LG