Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:55

Gün işığında imzalanan blok sazişi


Saziş imzalanan zaman Müsavat Partiyasının qərargahında elektrik enerjisi yox idi
- İcazə versəniz, biz bu sazişi imzalayarıq…

Sentyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat Partiyası arasında yeni seçki blokunun yaradılması ilə bağlı saziş imzalandı. «AXCP-Müsavat» adlanan blokun yaranması ilə bağlı sazişi Müsavat Partiyasının qərargahında sözü gedən partiyaların rəhbərləri imzaladılar.

«AXCP VƏ MÜSAVAT BRENDDİRLƏR»

Sazişin imzalanmasından sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər dedi ki, onlar hələ ki, 90 dairədə razılıq əldə ediblər. Ancaq hələ bundan sonra da bir neçə dairədə razılaşmaların əldə ediləcəyini istisna etmirlər. İsa Qəmbərin fikrincə, Müsavat və AXCP ölkədə ən məşhur siyasi brendlərdir:

- Bu brendlər Azərbaycanın müstəqilliyi deməkdir, demokratik yolla inkişafı deməkdir, torpaqların işğaldan azad edilməsi deməkdir. Bir sözlə, Azərbaycan üçün hansı vacib dəyərlər varsa, bu adda əks olunur…

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə dedi ki, bu blokun yaranması ilə hakimiyyətə real alternativin mövcudluğu ortalığa qoyulur. Üstəlik, bu sazişin imzalanması həm iki partiyanın öz resurslarını birləşdirməsinə, həm də cəmiyyətin fəallığını artırmağa imkan yaradacaq.

Əli Kərimlinin fikrincə, əvvəllər olduğu kimi yenə də hakimiyyətin azad və ədalətli seçkilərin keçirilməsi üçün iradəsi yoxdur. Hakimiyyət yenə də seçkiləri saxtalaşdırmaq niyyətindədir:

«BİZ HAKİMİYYƏTİN SSENARİSİNİ POZACAĞIQ»

- Biz hər şey edəcəyik ki, bu ssenarini pozaq. Hesab edirəm ki, real imkanlar var ki, hakimiyyətin seçki ssenarisini pozaq…

Əli Kərimlinin fikrincə, azad və ədalətli seçkilər keçirilərsə, onlar yerlərin ən az 3/2-ni qazanarlar
Ancaq nə Əli Kərimli, nə də İsa Qəmbər 125 dairədən konkret nə qədər yerə iddia etdiklərini deyirlər. Onların fikrincə, bu, seçkilərin nə dərəcədə demokratik keçirilməsindən asılıdır. Əli Kərimlinin fikrincə, əgər azad və ədalətli seçkilər keçirilərsə, onlar yerlərin ən az 2/3-ni qazanarlar.

Ancaq hakim düşərgədə belə fikirləri boş iddialar sayırlar. Hələ AXCP-Müsavat danışıqlarının ilkin mərhələsində hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov demişdi ki, hansı blok yaranır-yaransın, cəmiyyətdə onların yerini tuta bilməzlər.

HAKİMİYYƏTİN PEYKLƏRİ?

Ancaq tək hakim partiya yox, bir çox müstəqil müşahidəçilər də bu blokun cəddi uğurlar əldə edəcəyinə şübhə ilə yanaşırlar. «Alma» qəzetinin baş redaktoru İsrail Musayev deyir ki, indi Azərbaycanda yaradılan istənilən blokun uğurlar əldə edəcəyinə ümid bəsləmək sadəlövhlük olar. Çünki onların proseslərə ciddi təsir imkanı olmayacaq:

- Bu blokun uğur qazanması olsa-olsa hakimiyyətin ətrafındakı peyklərdən birinə çevrilmək olar. Özü də çoxsaylı peyklərdən birinə…

Saziş imzalanan zaman Müsavat Partiyasının qərargahında elektrik enerjisi yox idi. AXCP sədri Əli Kərimli işığın kəsilməsini hakimiyyətin onlara növbəti təxribatı adlandırdılar. Saziş isə elə pəncərələrdən düşən günəş işığında imzalandı.
XS
SM
MD
LG