Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:30

«Bloqosfer bloggerliyi siyasilikdən çıxarıb sosiallaşdırdı»


«Bloqosfer 2010» forumu - 10-12 sentyabr 2010
«Bloqosfer 2010» forumu - 10-12 sentyabr 2010
Bu həftəni yenicə tanış olduğum bloqçulara, daha doğrusu, onların gündəlik qeydlərinə həsr etmək istəyirəm. Ötən həftə sonu Nabranda «Bloqosfer-2010» forumu zamanı tanış olduğum bloqçuları sizlərə də təqdim edirəm:

Actionmeinhof Bloqosfer forumu barədə bloq və sosial şəbəkələrdə gedən fikirlərə öz münasibətini bildirib:

«Bloqosfer 2010» layihəsinin əsas məqsədi bloggerləri bir araya yığmaq və orada gələcək üçün perspektivli olan mövzularla bağlı müzakirə aparmaq idi. İndi bəzi şəxslər dirəniblər ki, nə üçün Emin Milli və Adnan Hacızadənin adı orada heç çəkilməyib və ya buna imkan yaradılmayıb... Orada müzakirə olunmalı olan «necə edək ki, gələcəkdə digər bloggerlərimiz də azad sözə görə həbsxanaya düşməsinlər» olmalı idi, daha «Emin və Adnan niyə həbsdədirlər» yox.

«BLOQOSFER 2010»NUN ƏSAS MƏQSƏDi GƏLƏCƏKLƏ BAĞLI İDİ

Emin və Adnanın yerində sabah hər bir blogger, hər bir yeni media üzvü ola bilər, lakin sözümün mahiyyəti odur ki, məqsəd məhz həmin yerdə olmamaqdır. «Bloqosfer 2010»nun əsas məqsədi də məhz gələcəklə bağlı – gələcəkdə bloggerlərə problem olan mövzuların müzakirəsi idi. Emin və Adnanın içəridə olması isə tamam ayrı bir mövzudur və mənim bu məsələyə münasibətim birmənalıdır – onların yeri həbsxana olmamalıdır, bu isə ölkədəki azad sözün olmamasından xəbər verir. Lakin onların tutulma motivləri və s. əsasında söhbətimizə davam etsək, bir qədər də fərqli olacaq».

Rüfət Əhmədzadə də forumun qüsurları olsa da, onu baş tutmuş hesab edir:

«Bloqosfer 2010»nun əsas məqsədi məhz gələcəklə bağl idi
«Bu forumun perspektivlərini və davamlılığını şübhə altında qoyacaq məqamlara görə bəzilərinin təşkilatçıları qınaq obyektinə çevirməsi isə, sadəcə gülüncdür. Amma, zənnimcə, bu qınaqlar bəzi dairələr üçün də, müəyyən rahatlıq gətirdi.

Forumda iştirak edənlər arasında, istər bloqçuluq, istər yeni media, istərsə də, ənənəvi jurnalistikada peşəkarlıq göstəricisi olan yazarlıq normalarından bixəbər olanlar da var idi. Bixəbərlik bir yana, bunu etiraf etmək və ya təvazökar davranmaq kimi etik göstəricilər kənarda idi – əsasən, etikadan dəm vuranlarda».

«BLOQOSFER BLOGGERLİYİ SİYASİLİKDƏN ÇIXARIB SOSİALLAŞDIRDI»

Elnur Kəlbizadə bloqosferi vəsf edib, yazır ki, «Bloqosfer 2010» dağınıq halda olan Azərbaycan bloqçuluğunu birləşdirə bildi. Virtuallar realda görüşdülər:

«Bloqosfer – 2010» Azərbaycanda bloggerlik fobiyasını az da olsa qırmış oldu. İndi daha blogger deyəndə nəsə qorxulu bir kabus deyil, cəmiyyətin inkişafına fikirləri və işi ilə töhfə vermək istəyən insan düşünüləcək...Bloqosfer bloggerliyi siyasilikdən çıxarıb sosiallaşdırdı».

Şəkibloq, Civə, Babayevz, Nextaz, Battler, Gercekler də ötən həftə keçirilən tədbirdən yazıb.

QUBA İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI YER AXTARIR

Quba xəbər Quba icra başçısının üzləşdiyi problemdən yazıb və öz məsləhətini təklif edir:

«Müəllimlərin ənənəvi sentyabr konfransında Quba rayon İcra Hakimiyyətinin başçısı artıq neçə vaxtdır səsləndirdiyi fikrini təkrar edib. O, çıxışında bildirib ki, Quba şəhərində 1200 yerlik möhtəşəm bir məktəb tikintisi üçün Təhsil Nazirliyindən icazə alıb amma şəhərdə bu məktəbi tikmək üçün yer tapmır. Maraqlıdır, o əhalidən kömək istəyib ki, ona bu tikinti üçün yer göstərsinlər.

Amma son vaxtlar Qubada mövcud olan boş məkanlarda ya banklar tikilib, ya da ticarət mərkəzləri. Amma bir yer var. Bizdən demək. Şəhərin mərkəzində indiki Avtovağzalın ərazisi...

Qubada məktəb tikintisi üçün yer axtarılır
Amma əhali arasında gəzən söz-söhbətə görə, köhnə avtovağzalın ərazisində hansısa ticarət obyekti və ya hündür mərtəbəli yaşayış massivi tikiləcək. Bəlkə orda məktəb tikək, hə?».

Kitabqurdu öz bloqunda yeni kitablar barədə məlumat verir. Sonuncu postunda isə Sədi Şirazinin hekayələrindən yazıb: «Sədi Şirazi şeir yazmaqda Firdovsi və Ənvəridən sonra İran ədəbiyyatının üçüncü böyük şairidir. Nəsrdə isə onlardan irəlidədir».

Travnik ən çox yayılmış «süni dil»lərdən – Esperanto barədə yazıb, maraqlı gələrsə oxuyun:

«Bu günə qədər 200-ə qədər süni dil layihəsi yaradılmışdır: Vikipediyada məqalələrin sayı 100000 (!) ötmüş Volapükdən ta Tolkiyenin elf dillərinə qədər. Lakin bütün layihələr arasında yalnız Esperanto özünün təkmilliyini XX yüzillik boyu daim təsdiq etdi...».

YAPON «BOMJ»LARI DÜNYADA ƏN SƏLİQƏLİ «BOMJ»LAR SAYILIR

Sakura adlı bloqun sahibi Yaponiya və onun mədəniyyətini həddindən artıq sevdiyindən Yaponiyaya aid bir bloq yaradıb və yapon ədəbiyyatından tərcümələr edərək bloqunda yerləşdirmək niyyətindədir. Yeri gəlmişkən, yapon dilindən tərcümədə sakura – «albalı» deməkdir. (Bloqçu özü bu sirri bizimlə bölüşüb).

Sakura qeydlərindən birində yazır:

«Yaponiyada 25 minə yaxın «bomj» var. Deyilənə görə, yapon «bomj»ları dünyada ən səliqəli və sadə «bomj»lar sayılırlar. Onlar cinayətkarlara qoşulmurlar, içki içmirlər, narkotik qəbul etmirlər və cəmiyyət onları müstəqil yaradıcı şəxsiyyətlər hesab edir və biz görəcəyik ki, onlar bu ümidləri necə doğruldurlar. Əgər onlar nəsə yaradırlarsa, deməli, bunu kimsə tədqiq etməlidir. Belə tədqiqatçı var. Bu Kyohei Sakaguchi-dir. Tokiyolu bu rəssam bir neçə il «bomj»ları və onların qurduqları «yaşayış məskənləri»ni tədqiq edib...».
XS
SM
MD
LG