Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:17

«Azadlıqdan Tiranlığa»


Heydər Əliyevi Bakıya kim gətirib?
Heydər Əliyevi Bakıya kim gətirib?
1994-2000-ci illərdə Türkiyənin Bakıdakı səfirlyinin mətbuat müşaviri vəzifəsində çalışmış Turqut Ər o dönəm Azərbaycan hadisələrindən bəhs edən kitab yazıb.

Bu günlərdə nəşr olunan və “Azadlıqdan Tiranlığa” adlanan bu kitabda 1994-95-ci illərdə prezident Heydər Əliyevlə Surət Hüseynov və Rövşən Cavadov arasında yaşanan qarşıdurma və digər bu kimi hadisələr də əksini tapıb.

Yeni kitab barədə AzadlıqRadiosuna danışan Turqut Ər deyib ki, o hadisələrdən sonra onu “müxalifətə dəstək verdiyi” və “Azərbaycanda PKK-nın üzərinə çox getdiyi” adı ilə “arzuolunmaz şəxs” (Persona Non Grata) elan edib ölkədən çıxarıblar:

PKK MƏSƏLƏSİ

“Dedilər PKK barədə üzərimizə çox gəlirsən. İkincisi, müxalifət mətbuatına, partiyalarına kömək edirsən. Mənim köməyim, yardımım bütün Azərbaycan mətbuatına idi. Sadəcə, Azərbaycanın demokratik qüvvələri ilə deyil, onun iqtidarı ilə də çox yaxın əlaqələrim var idi. Mən Heydər Əliyevlə və adamları ilə də çox işləmişəm. Yəni, Azərbaycanın daha müstəqil, firavan və demokratik bir dövlət olması üçün əlimdən gələni etmişəm. Amma məni bu iki məsələ ilə bağlı “arzuolunmaz şəxs” elan ediblər. Mən bunu indiyədək heç söyləmədim. Amma indi ki, yayımlanıb, Azərbaycanın bir daha belə səhvlərə yol verməməsini istərdim”.

Turqut Ər deyir ki, onun Azərbaycanda PKK-ya dəstək verilməsi barədə kitabında yazdıqları daha çox həmin dövr mətbuatından götürülüb. Və əslində, bunlar Azərbaycan mətbuatında dərc olunan materialların cüzi bir hissəsidir:

“HƏJAR HEÇ BİR YERƏ GETMƏYİB, MOSKVADADIR”

“O vaxtın bütün Azərbaycan qəzetlərində PKK barədə hər cür məlumat var. Və hər gün iqtidara məxsus, eləcə də müxalifətyönlü və müstəqil qəzetlərdə yüzlərcə xəbər çıxırdı bu mövzuda. Əslində, onlarla müqayisədə mənim kitabda yazdıqlarım çox azdır. Orada hələ də PKK ilişkili təşkilatlar var. Onun başçılarını siz məndən yaxşı tanıyırsınız. 1988-ci ildə Kəlbəcərdə qurulan Kürdüstanın qurucuları hələ yaşayırlar. Həjar heç bir yerə getməyib, Moskvadadır. Yəni, bunlar var. Bizim dövlətimiz də böyük dövlətdir. Dünyanın harasında lehimizə və əleyhimizə nə olursa Türkiyə hamısını bilir və nəzarətdə saxlayır. Və zamanı ilə Azərbaycan dövlətinə da dostcasına bildirilib ki, PKK-ya orada himayədarlıq yapılmasın. Mən də o vaxt çatdırırdım ki, Azərbaycan kiçik və yeni bir dövlətdir. Bu ilanın bura soxulmasına imkan verilməməlidir. Əgər soxulsa, Azərbaycana və onun müstəqilliyinə zərbə vuracaq. Bizim məqsədimiz orada Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, Azərbaycan türkünün demokratik dəyərlərə söykənən dünyəvi bir dövlətdə firavan yaşaması idi. Buna kimsənin kənardan zərbə vurmasını Türkiyə əsla istəməyib və istəməyəcək. Bizim orada çalışan rəsmilər də daim bu yöndə işləyib”.

İDDİALAR

Turqut Ər
Müəllif üzərində “Sanki Stalin və Berya xortlamışdı” sözləri yazılan kitabda həmçinin bir sıra iddialara yer verib. Həmin iddiaların bəzilərində deyilir:

“Heydər Əliyevlə Dəmirəlin dostluğunun başlanğıcı Əliyevin Azərbaycan DTK-sının rəhbəri olduğu dövrə təsadüf edir”.

İddialarda həmçinin bu kimi suallar qoyulur:

“Elçibəyin iddia etdiyi kimi PKK-nı Primakov və Heydər Əliyev qurubmu? Heydər Əliyevi Moskvadan Bakıya Türkiyəmi gətirib?”.

“ALAGÖZ” ƏMƏLİYYATI

Turqut Ər bu və digər sualları Türkiyə və Azərbaycan diplomatları, siyasətçiləri, eləcə də yazılı mənbələr-sənədlər vasitəsilə cavablandırır. Məsələn, o kitabında DTK sənədlərinə və dövrün şahidlərinə istinadən yazır ki, Süleyman Dəmirəllə Heydər Əliyevin tanışlığı 1967-ci ilə təsadüf edir. O illərdə baş nazir olan Dəmirəl 1967-ci ildə Sovetlər Birliyinə rəsmi səfər edir. Və orada Heydər Əliyevlə tanış olur. SSRİ-nin arxivlərində kod adı “Alagöz” olan əməliyyat da məhz o tarixdən sonra başlayıb.

Bu kitabın niyə məhz Dəmirəllə Əliyevin rəhbər olduqları vaxtda dərc olunmadığı, indiyə saxlandığı barədə AzadlıqRadiosunun sualını cavablandırarkən isə müəllif deyir ki, buna sadəcə işin böyüklüyü - yəni, çox zaman tələb olunması imkan verməyib:

“BELƏ KİTABLAR ASANLIQLA YAZILMIR”

“Arzuolunmaz şəxs elan edildikdən sonra Türkiyəyə gəldim. Bir müddət dövlət işində işlədim. Sonra pensiyaya ayrıldım. Gündəliyim, qeydlərim, xatirələrim vardı. Belə kitablar asanlıqla yazılmır. Vaxt tələb edir. Çünki orada tarixlər, qeydlər gerçəkliyi əks etdirməlidir. Ona görə ancaq yazıb qurtara bildim. Bu 450 səhifəlik bir kitabdır və vaxtımı çox aldı”.

Turqut Ər deyir ki, o bu kitabın Heydər Əliyevin sağlığında çap olunmasını çox istərdi:

“Amma bu sadəcə Heydər Əliyev məsələsi deyil. Bu kitab bir qafqazlar, bir türk dünyası məsələsidir. Türkiyə ilə qafqazların, Türkiyə ilə Azərbaycanın əlaqələri məsələsidir. Bu tarixçilərin gələcəkdə istifadəsinə mənbə olaraq yazılmış bir kitabdır”.
XS
SM
MD
LG