Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:04

S.Əkbər və İ.İbrahimli Musavat partiyasından istefa verdi


Musavat partiyası məclisinin iclası, Sülhəddin Əkbər (sağda) və İsa Qəmbər, 2 avqust 2008
Musavat partiyası məclisinin iclası, Sülhəddin Əkbər (sağda) və İsa Qəmbər, 2 avqust 2008
Müsavat Partiyasının iki tanınmış siması istefa verib. Noyabrın 29-da partiyanın Ali Məclisinin sədri Sülhəddin Əkbər təşkilatdakı bütün vəzifələrindən istefa verdiyini bəyan edib. Partiya divanın üzvü İbrahim İbrahimli isə Musavat partiyasından tamamilə istefa verib. Hələlik onlar istefalarının səbəbləri haqqında ətraflı məlumat vermirlər. İbrahim İbrahimli yalnız onu bildirir ki, partiyasında ona etimad göstərilmədiyi üçün bu addımı atır.

Sülhəddin Əkbər isə Musavatın strateji kursu ilə razılaşmadığını əsas gətirərək tutduğu vəzifələrindən istefa verdiyini deyib. Amma Sülhəddin Əkbərin də bütövlükdə partiyadan gedəcəyi istisna edilmir.

İbrahim İbrahimli yaxın günlərdə istefaları barədə daha ətraflı məlumat yayacaqlarını bildirir.

Sülhəddin Əkbər 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 1992-1993-cü illərdə AXCP-Musavat hakimiyyəti zamanı Milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışıb.

1995-ci ildən Müsavat Partiyası başqanının müavini, sonradan Müsavat Məclisinin sədri olub. Eyni zamanda Divan üzvü idi. İbrahim İbrahimli 1952-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunda anadan olub. 1992-ci ildən Müsavat Partiyasının üzvü olub. Divan üzvü idi.

Hələlik Musavat partiyasından da istefaları şərh etmirlər. Partiyanın divanından yayılan rəsmi məlumatda yalnız silahdaşlarının istefasına təəssüf etdikləri qeyd olunur.
XS
SM
MD
LG