Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:27

«Heydər Əliyevlə Mustafa Kamalı eyniləşdirməsinlər»


Heydər Əliyev Bakıda 1 may nümayişində, 1971-ci il
Heydər Əliyev Bakıda 1 may nümayişində, 1971-ci il
“Azadlıqdan Tiranlığa” əsərinin müəllifi Turqut Ər “İşdən sonra” proqramında son zamanlar Azərbaycan KİV-lərində onun haqqında yazılanlara münasibət açıqlayıb:

- Turqut bəy, yəqin kitabınızın doğurduğu səs-küydən xəbərdarsınız?

- Xəbərdaram. İzləyirəm.

- Sizin kitab ciddi rezonans yaradıb. Hər gün telekanallarda əleyhinizə reportajlar verilir. Hətta sizi Ermənistanla iş birliyində suçlayırlar. Sizin buna münasibətinizi bilmək istərdik...

- Yəqin ki, qəhqəhələrimi eşitdiniz?

- Eşitdik, bizi dinləyən hər kəs eşitdi...

- Bu qəhqəhəm nə idi? Məni tanıyanların işlədiyim dövrdə müxalifət, iqtidar qəzetlərində, radiolarda, televiziyalarda etdiyim çıxışlarımı xatırlamaları lazımdır. Mən o vaxt işğalçılar barəsində nələr danışmışam, hansı faktları sadalamışam, bunlar hamısı axrivlərdə durur. 1998-99-cu illərdə AzTV-də Firuz Novruzovla sənədli serial gedirdi. Bu serialda, həmin illərdə “Space” kanalında, 1998-ci ilin “Xalq qəzetin”də Xocalı soyqırımı, Azərbaycan türklərinə qarşı törədilən vəhşiliklər haqda danışmışam. 1992-ci ildə Türkiyədə “Xocalıda nələr olub” adlı kitab çıxıb. Tapıb o kitabı oxusunlar və görsünlər ki, işğalçılar haqqında mən nə yazmışam. Bunlara görə məni ermənilərlə əlaqələndirmələrinə güldüm...

NEYLƏMƏLİYDİM, BU FAKTLARI BASDIRILMALIYDIM?

Əslində, kitabımı mən yazmadım. Kim yazdı, deyim?! Məsələn, Daşnaksütunün rəhbəri “Ayna” qəzetinin müxbirinə bir fikir deyib (PKK-nın yaradılmasında və maliyyələşdirilməsində KQB-nin Bakı təşkilatının rol oynadığını nəzərdə tutur - red.), müxbir yazıb, mən də onu götürüb kitaba salmışam.

1988-ci ildən başlayaraq iki il müddətində SSRİ və Azərbaycan Baş prokurorluqlarının Mixail Qorbucova və KQB-yə verdiyi raprotu salmışam kitaba. Mənim burda nə günahım var?

Rəsul Quliyevin Heydər Əliyevə qarşı qaldırdığı iddia ərizəsini çap etmişəm. Türk qanı içən, 1918-20–ci illərdə onminlərə türkü qətlə yetirən Şaumyan haqda 70-ci illərdə Heydər Əliyevin “Kommunizm uğurunda mərd mübariz” adlı kitabını qoymuşam kitaba. “OMON” məsələləri ilə bağlı faktları çap etmişəm.

Neyləməliydim, bu faktları basdırılmalıydım? Bunlar Azərbaycan türkünün tarixidir. Onların bütün qorxduğu da ondadır ki, daha tarixi saxta yaza bilməyəcəklər. Bu kitab çap olduqdan sonra Azərbaycan tarixində saxtakarlıq edə bilməyəcəklər. Onların bütün dərdləri buna görədir.

Başqa yandan saxta seçkiləri gözardı etmək üçün məni gündəmə gətirirlər və WikiLeaks-in dünən, sırağagün yayılan məlumatlarını da mənim vasitəmlə ört-basdır etmək fikirindədirlər. Buyursunlar, yayılan raportlarda İlham Əliyevin dediyi, yaxud ona dedirdilən Türkiyə əleyhinə fikirlərin cavabını versinlər.

- Ancaq Azərbaycan tərəfi bəyan edib ki, yayılan hesabat doğru deyil, İlham Əliyev həmin ifadələri işlətməyib...

- Onların həmişəki xasiyyətidir. Bir şeyi yaparlar, edərlər, görərlər, sonra da “biz yapmadıq, etmədik, görmədik” deyərlər. Azərbaycanda həmişə qətllər oldu, üstü açılmadı. “Yapmadıq, etmədik” dedikləri zaman ruslarla bağladıqları qaz anlaşması fakt deyilmi?

- Yəni, demək istəyirsiniz ki, WikiLeaks-in yaydığı məlumatlar sizin kitabdakı fikirlərinizi dəstəkləyir?

- Bəli. Bilirsinizmi, həmişə günahkar yaxalananda “mən etmədim” deyər.

- Dinləyicilər soruşur ki, kitabınızı necə əldə etmək olar?

MƏN O KITABA GÖRƏ BİR QƏPİK ALMAMIŞAM

Turqut Ər
- Bu işi yayım evi görür, mənim kitabla əlaqəm onu yazıb qurtarandan sonra bitdi.
Deyirlər pul alıb yazmışam. Mən o kitaba görə bir qəpik almamışam. Dövlətdən aldığım təqaüddən başqa gəlirim də yoxdur. Heç kimdən də bu kitaba görə bir qəpik almamışam. Bu kitabımı niyə yazmışam? Astaranı, Bakını, Qubanı, Göyçayı, Şamaxını və başqa yerləri 6 il tam dolaşmışam. Orda yaşayan zavallı insanlara edilən haqsızlığı gördüyüm üçün. Onminlərlə qaçqın uşaqlar vardı, onlar indi savadsız qalıblar. Onların pis vəziyyətlərini gördüm, bunları yazmayacaqmıydım?

1993-cü ilin iyunu ilə 1994-ci ilin mayı arasında nə baş vediyini niyə heç kim göz qabağına gətirmir? Niyə bu haqda danışmırlar? Azərbaycanın 6-7 rayonu o vaxt ermənilərdə verildi. İndi bu faktları yazan mənmi günahkaram, yoxsa o rayonları verənlər?

- Kitabı dərc edən şirkət “Azadlıq” qəzetinə müraciət edərək, onun internetdə yayımını dayandırdı. Buna baxmayaraq, bəzi bloqlar kitabdan parçaları yenə də yayırlar. Onlara nə deyərdiniz?

- Onlara heç bir sözüm yoxdur. Bu “Azadlıq” qəzeti ilə yayım evi arasında bir hüquqi məsələdir. Çap haqlarının hamısını o yayım evinə vermişəm. Onlar təmənnasız, məndən pul almadan bu işi görüblər. “Azadlıq” qəzeti də sağ olsun, elə belə də olsa, bu kitabı yayıb və bunun nəticəsində Azərbaycan xalqında maraq oyanıb, indi hər kəs kitabı oxuyur.

- Timurçin adlı dinləyici soruşur: Rast gəlməmişəm ki, Rusiya və fars rejimi kimi, o vaxtkı türk rejiminin də Azərbaycanda qardaş qırığını başlamasında maraqlı olduğunu, aranın qarışmasını istədiyini yazasınız. Niyə yazmamısınız? Belə etsəydiniz daha obyektiv olmazdımı?

DÖVLƏTİMİN DƏ SƏHVLƏRİNİ GÖSTƏRMİŞƏM

- Bəzi faktları yazmışam. Hökumətimin də, dövlətimin də səhvlərini göstərmişəm. Bizim hökumətimiz də, dövlətimiz də düşünürdü ki, orda kiçik, müstəqil bir dövlət qurulub. Müdaxilə etməyək, özləri problemlərini həll etsinlər. Bir növ ehtiyatlılıq. Mən kitabımda bunu pisləmişəm...

- Yəni, deyirsiniz ki, Türkiyə Azərbaycanda aranın qarışmasını istəməyib?

- Təbii ki, istəməyib. Niyə istəsin ki? Biz orda işlədiyimiz dövrdə həmişə birlik, bərabərlik istədik. 1994-cü ilin martında Rusiyanın dəstəyi ilə Sürət Hüseynov Heydər bəyə qarşı qalxanda onun qarşısını biz almışıq. Müxalifətdən də, başqa adamlardan da xahiş etmişik ki, gedib meydanda Heydər Əliyevə dəstək versinlər. Bunları niyə unudur indi əleyhimə qalxanlar?

- Kitabınızın telekanallarda müzakirəsi zamanı ortaya belə bir təklif çıxdı ki, Milli Məclis Heydər Əliyevin “ulu öndər” statusunu qanuniləşdirsin və bu status təxminən Atatürkə Türkiyədə verilən statusa bərabər olsun. Buna sözününz nədir?

HEYDƏR ƏLİYEV NƏ EDİB?

- Azərbaycan Milli Məclisinin, millətin öz işidir. Xalq bunu qəbul edər, ya etiraz göstərər, bir söz deyə bilmərəm. Deyəcəyim bir şey var ki, Mustafa Kamal Paşa arkadaşları ilə bərabər yoxdan bir dövlət qurub. Vətən torpaqlarını düşmənlərin işğalından qurtarıb. Türk adı ilə bir dövlət qurub, başa düşürsünüzmü? Bəs Heydər Əliyev nə edib? Heydər bəylə Mustafa Kamalı eyniləşdirməsinlər.

- Son sözləriniz...

-Mənim ölkəmdə demokratik, hüququ dövlət qurulmuşdur. Mənim vətəndaşlarımın qarnı toxdur, onlar Azərbaycandakı kimi heç bir hüquqsuzluqla qarşılaşmırlar. Dolayısı ilə belə bir dövlətdə yaşayan vətəndaşa qarşı xaricdən nə deyirlər, desinlər. Bir şeyi açıqcasına demək istərdim: Azərbaycanı idarə edən insanlar mütləq düz insanlar olmalıdırlar.

Nə deyirsə, onu etməlidir. Edib sonra “etmədim”, deyib sonra “demədim”söyləməklə ciddilik qazanmaq olmaz. Kimsə belə dövlətə inanmaz, güvənməz, onun arxasında durmaz, ona şübhə ilə baxar.

Qaldı ki, mənim haqqımda danışan parlamentarilərə, onları xalq seçməyib, bir qəzetçinin sözləri ilə desək, onlar deputatxanaya təyin ediliblər. Onlara deyəcəyim heç nə yoxdur. Azərbaycan türklərinin isə hamısını qucaqlayıram.

SABİR PULU, MƏQAMLARI ÇOX SEVDİ

- Bəs deputat Sabir Rüstəmxanlı və onun partiyadaşlarının sizin haqda dediklərinə münasibətiniz necədir? Çünki burda olarkən onunla yaxşı münasibətləriniz vardı...


- Mən Sabiri bir Azərbaycan türkü və şairi kimi düşünürəm. Amma görünən odur ki, Sabir pulu, məqamları çox sevmiş, bacarmayacağı işə - siyasətə, deputatlığa şairliyini dəyişmişdir. O, yazarlığında, şairliyində qalsaydı, Azərbaycan, Türk dünyası daha çox qazanardı. Nə deyim mən ona?...

XS
SM
MD
LG