Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:10

«Mənə qarşı məhkəmələr eyni mərkəzdən idarə olunur»


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
Dekabrın 3-ü Yasamal rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlı 3 hazırlıq iclası keçirilməli idi.

Onu Yeni Azərbaycan Partiyasının üzvü, deputat Hüseynbala Mirələmov, hakim partiyanın keçmiş deputatı Əhəd Abıyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məhkəməyə veriblər. Onlar AXCP funksionerinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə məhkum olunmasını istəyirlər.

Fuad Qəhrəmanlı hesab edir ki, onu 7 noyabr parlament seçkiləri ərəfəsində İctimai Televiziyadakı çıxışına görə həbs etdirmək istəyirlər. Ancaq bu ittihamlar tam əsassızdır:

“PROSES EYNİ MƏRKƏZDƏN İDARƏ OLUNUR”

“Efirdə ilk təhqir ifadəsi məhz Hüseynbala Mirələmov tərəfindən işlədilib. Əhəd Abıyevlə Hafiz Hacıyevə gəlincə, mən onların məhkəmə qarşısında iddia qaldırmaq hüququna hörmətlə yanaşıram. Ancaq onların məhkəməyə müraciət etməsinin məntiqini başa düşə bilmirəm. Çünki çıxışımda onların adını çəkməmişəm. İddiaçıların 3-ü də məhkəməyə eyni vaxtda, noyabrın 2-də müraciət ediblər. Ərizələr da bir-birinə oxşardır. Bu onu göstərir ki, proses eyni mərkəzdən idarə olunur”.

Fuad Qəhrəmanlı bunu siyasi sifariş sayır.

İDDİAÇILAR MƏHKƏMƏYƏ GƏLMƏDİLƏR

İddiaçıların heç biri günün müxtəlif vaxtlarına nəzərdə tutulan məhkəmə iclaslarına qatılmadılar. Hər 3 proses dekabrın 10-dək təxirə salındı.

ZAKİR QARALOVA MÜRACİƏT


Hafiz Hacıyev
Seçki Məcəlləsinin 70-ci maddəsinə əsasən, deputatlığa namizəd haqda cinayət işinin başlanması və deputatlığa namizədlə bağlı xüsusi ittiham qaydasında qaldırılan iddiaya baxılması üçün baş prokurorun razılığı olmalıdır. Hər üç hakim iddialara baxılmasına razılıq verilməsi üçün baş prokuror Zakir Qaralova müraciət etmək barədə qərar çıxarıb.

Proses bu razılıq alınandan sonra davam etdiriləcək.

Fuad Qəhrəmanlı düşünür ki, iddiaçılar bu razılıq olmadan prosesin getməyəcəyini bildikləri üçün iclasa qatılmayıblar.

İddiaçılardan Hafiz Hacıyev isə məhkəməyə gəlməməsinin səbəbini başqa cür izah edir. O deyir ki, ola bilsin qarşı tərəflə barışığa gediləcək. Çünki arada elə bir ciddi problem olmayıb:

“MƏHKƏMƏYƏ BİLƏRƏKDƏN GETMƏMİŞİK”

“Hər halda gedən proseslərdə müəyyən yanlışlıqlara yol vermişik. Bu yanlışı düzəltmək üçün seçkilərin nəticələrini tanımamışıq. Biz də müxalifət partiyası kimi çalışırıq ki, ölkədə gedən siyasi proseslərdə bütün müxalif qüvvələrlə bir yerdə olaq. Ona görə düşünmürəm ki, biz bundan sonra aparıcı qüvvələrə böyük siyasi müharibə elan edək. Hər halda məhkəməyə bilərəkdən getməmişik və bundan sonra bir az da düşünəcəyik. Hələ vaxt var”.

“BU NAMİZƏDLƏR ARASINDA OLAN FƏRDİ MƏSƏLƏLƏRDİR”

Musa Qasımlı
Deputat Musa Qasımlı isə hesab edir ki, təşviqat-təbliğat kampaniyası zamanı televiziya ekranında çıxış edən, diskussiya aparan hər bir şəxs adi etik normalara əməl etməlidir. Çünki bu debatlara təkcə onlar özləri baxmırlar. Ona görə tamaşaçıya hörmət etmək lazımdır.

Musa Qasımlı məhkəməyə müraciətlərin bir mərkəzdən idarə olunmasına da inanmır:

“Hesab edirəm ki, bu namizədlər arasında olan fərdi məsələlərdir və bir mərkəzdən idarə olunmur”.

Musa Qasımlı televiziya ekranından belə təhqirlərin eşidilməsinə təəssüf edir.

“HAKİMİYYƏTİN DİQTƏSİ İLƏ QALDIRILAN İDDİALARDIR”

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli isə hesab edir ki, iddiaçıların kimliyi, müraciətlərin vaxtının eyniliyi bu prosesin bir mərkəzdən idarə olunduğunu istisna etmir:

“Bu, bir mərkəzdən idarə olunan və çox güman ki, hakimiyyətin diqtəsi ilə qaldırılan iddialardır. Və artıq yəqin ki, müxalifət də, cəmiyyət də buna vərdiş edib ki, bir qədər fəal olan siyasətçiləri müxtəlif üsullarla susdurmağa, qorxutmağa çalışırlar”.

Fuad Qəhrəmanlı parlament seçkisində “AXCP-Müsavat” blokunun 33 saylı Xətai seçki dairəsindən vahid namizədi olub. İctimai Televiziyadakı debatda onunla YAP namizədi Hüseynbala Mirələmov arasında qarşılıqlı təhqir baş verib.
XS
SM
MD
LG