Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:49

Tunisin hakim partiya üzvləri partiyalarını tərk etdilər


Fouad Mbazaa
Fouad Mbazaa
HAKİM PARTİYA MƏRKƏZİ KOMİTƏSİNİ BURAXDI

Yanvarın 20-də Tunisdə yeni müvəqqəti etimad hökumətində təmsil olunan keçmiş prezident Ben Alinin partiyasının bütün üzvləri partiyalarından istefa veriblər. Onların arasında prezidentin səlahiyyətlərini icra edən parlamentin sədri Fouad Mebazaa və Baş nazir Muhammad Ghannouchi də var.

BBC televiziyasının məlumatına görə, Ben Alinin partiyası - Konstitusional Demokratik Hərəkat bu gün özünün Mərkəzi Komitəsini də buraxdığını bəyan edib. Təşkilat onun bütün nümayəndələrinin hökuməti tərk etmək qərarından sonra bu addımı atdığını bildirir. Müxalifətin Ben Ali ilə sıx əlaqə saxlamaqda ittiham etdiyi nazirlərdən biri partiyası ilə yanaşı, yeni qurulan hökuməti də tərk etdiyini bildirib.

POLİS ETİRAZ AKSİYASINDA ATƏŞ AÇDI, AMMA BU DƏFƏ GÖYƏ...

Amma bütün bunlar da müxalifət partiyalarını və həmkarlar təşkilatlarını qane etməyib. Onlar keçmiş prezident Ben Alinin komandasına daxil olmuş bütün nazirlərin yeni hökumətdən çıxarılması, keçmiş prezidentə çalışan hakimlərin işdən kənarlaşdırılması və hakim partiyanın tamamilə ləğv edilməsi tələbilə yanvarın 20-də paytaxt Tunisdə etiraz aksiyaları keçiriblər. Partiyanın paytaxtdakı baş qərargahının qarşısına toplaşan qəzəbli aksiya iştirakçılarını dağıtmaq üçün polis havaya xəbərdarlıq atəşi açıb.

Baş nazir Muhammad Ghannouchi müxalifət partiyalarının və həmkarlar təşkilatlarının liderlərinin də daxil olduğu yeni etimad hökumətini yanvarın 17-də elan etmişdi. Amma Ben Alinin tərəfdarlarının yeni hökumətdən çıxarılmasını tələb edən müxalifətin dörd naziri ertəsi gün kabineti tərk etdi.

KLAN ÜZVLƏRİNİN EVLƏRİNDƏN LƏL-CƏVAHİRAT ÇIXIB

Yanvarın 20-də yayılan məlumata görə, Ben Alinin klanının 33 üzvü dövlətə qarşı cinayətlər törətmək ittihamı ilə həbs edilib. Onların harda saxlandıqları məlum deyil. Amma dövlət televiziyası xəbər verir ki, tutulanların evlərindən böyük miqdarda qızıl və zinət əşyaları müsadirə edilib.

Keçmiş prezident Ben Ali ölkədə işsizliyə və korrupsiyaya etiraz olaraq keçirilən bir aylıq aksiyalara tab gətirməyərək yanvarın 14-də ailəsi ilə birlikdə Tunisdən Səudiyyə Ərəbistanına qaçıb.

İsveçrə də dünən Ben Ali və onun komandasına məxsus hesabları dondurduğunu bəyan edib. “Associated Press” agentliyinin xəbərinə görə, İsveçrə rəsmiləri bu ölkədəki banklarda Tunis rəhbərlərinin azı 620 milyon dollar pulları olduğunu guman edirlər.

Ben Ali
BBC xəbər verir ki, bütün ölkə boyu gərginlik davam etsə də, hökumət komendat saatının müddətini qısaldıb. Fövqəladə vəziyyət qərarı hələ qüvvədədir. Ordu paytaxt Tunisin mərkəzində yerləşdirilib. Məktəblər, universitetlər bağlıdır.

YENİ SEÇKİ İKİ AYA KEÇİRİLMƏLİDİR, HÖKUMƏT ALTI AY DEYİR

Müvəqqəti hökumət altı ay müddətində azad və ədalətli seçkilər keçiriləcəyini vəd edir, amma seçki üçün konkret tarix göstərilmir. Tunisin Konstitusiyasına görə isə indiki vəziyyətdə azı iki ay ərzində yeni prezident seçkisi keçirilməlidir.

ABŞ Tunisi həqiqi demokratiya uğrunda irəliləməyə çağırıb və bunun üçün yardım vəd edib.

“The Financial Times” qəzetində Zalmay Khalilzad yazır ki, yaxşı, ya pis, artıq Tunisdə inqilab baş verib. İndi bu regionda demokratik proseslərin nə qədər güclənəcəyi və davamlı olacağı ABŞ və Avropa Birliyinin dəstəyindən asılıdır.
XS
SM
MD
LG