Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:23

«Ermənistandakı AES-i bağlamaq lazımdır»


Ermənistanda Metsamor atom elektrik stansiyası
Yaponiyada baş verən zəlzələ və sunami bütün dünyanın diqqətini bu ölkəyə yönəldib. Üstəlik, təbi fəlakətlərin ardıyca bu ölkədəki 2 Atom Elektrik Stansiyasında baş verən partlayış və radiasiyanın yayılması təhlükənin miqyasını durmadan artırır.

Hələ Sovetlər dönəmi Azərbaycanda da Atom Elektrik Stansiyasının inşası planlaşdırılırdı. Ancaq sonradan Nəvahidə gerçəkləşdirilən bu layihənin tikintisi yarımçıq qaldı. Bunun Azərbaycana xeyri və ziyanı nə oldu? Nəvahidə belə bir layihə gerçəkləşərdisə, bunun nə kimi təhlükəsi olardı? AzadlıqRadiosunun suallarına elektrik stansiyalarının tikintisi üzrə mütəxəssis Kazım Əliyev cavab verir:

- Kazım müəllim, nədən o layihənin tikintisi yarımçıq qaldı?

«ÇERNOBILDA BAŞ VERƏN QƏZA NƏVAHİDƏ TİKİNTİNİN YARIMÇIQ QALMASINA SƏBƏB OLDU»


-1985-ci ildən etibarən Nəvahidə AES-in tikintisinə başlanmışdı. 1986-cı ildə Çernobılda baş verən qəza hər şeyi alt-üst elədi. Yəni bu qəzadan sonra SSRİ Energetika Nazirliyində və dövlətdə qorxu yarandı ki, biz deyəsən, çox şeyi nəzərə almamışıq. Birincisi, belə layihələr gerçəkləşərkən nəzərə alınmırdı ki, seçilən zona seysmik zonadır yoxsa yox? İkincisi, Çernobılda istifadə edilən reaktorların zəlzələ və ya başqa oxşar hallarda özü-özünü dəfn etməsi nəzərə alınmamışdı. Bu da böyük fəlakətə səbəb oldu. Beləliklə, Çernobılda 3-cü blokda baş verən qəza Nəvahidə tikintinin yarımçıq qalmasına səbəb oldu.

- Kazım müəllim, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 90-cı illərin ortalarında bu layihənin yenidən gerçəkləşməsi gündəmə gəldi. Ancaq sonra yenə bu, gerçəkləşmədi. Bu dəfə səbəb nə oldu?

«OĞURLUQLA BELƏ TİKİNTİ APARMAQ OLMAZ»

- Bu dəfə mən məsələləri mətbuatdan izləyirdim. Onda söhbət gedirdi ki, faydalı iş əmsalı baxımından AES-lər faydalıdır. Həqiqətən də bu, belədir. Ancaq ən təhlükəlisi də AES-dir. Kifayət qədər mütəxəssis olmalıdır. Görünür, sonradan fikirləşdilər ki, AES tikib başımıza bəla açmaqdansa, tikintini yarımçıq saxlayaq. Əslində isə ağıllı ölkə üçün, savadlı kadrların olduğu ölkə üçün bu, vacib məsələdir. Bir şərtlə ki, seçilən zonaların seysmik olub-olmaması nəzərə alınmalıdır. Bakıətrafı, Şirvan zəlzələ zonasıdır.
Ermənistandakı AES mütləq bağlanmalıdır. Çünki bu, bütün region üçün təhlükəlidir
Orada AES tikmək fəlakət olardı. Mən şəxsən bir mütəxəssis kimi bu tikintinin gerçəkləşməməsinə sevindim. Həmin tikintidə görürdüm də, sementdə oğurluq, materiallarda oğurluq. Oğurluqla belə tikinti aparmaq olmaz. Görünür, Allah bizi qorudu...

- Kazım müəllim, Ermənistanda inşa edilmiş AES-də reaktorların hər hansı fəlakət zamanı özü-özünü dəfn etməsi nəzərə alınıbmı?

«ERMƏNİSTANDAKI AES-İ BAĞLAMAQ LAZIMDIR»

- Yox, orada da nəzərə alınmayıb. Ermənistanda köhnə tip Atom Elektrik Stansiyasıdır. Necə ki, Çernobılda. Yəni, bu iş həddən ziyadə elmi bilik tələb edir. Götürün Yaponiyanı. Radiasiya olsa da, orada Atom Elektrik Stansiyasında baş verənlər o qədər də təhlükəli deyil. Çünki orada, dediyim kimi, reaktorlar öz-özlərini dəfn etmək xüsusiyyətinə malikdirlər. Ona görə də Ermənistandakı AES mütləq bağlanmalıdır. Çünki bu, bütün region üçün təhlükəlidir. Çernobıl kimi. Orada bir şey baş versə, ətraf radiasiya zonası elan ediləcək. Allah eləməsin...

- Kazım müəllim, bu belə təhlükəlidirsə, nədən bəzi ölkələrdə Su Elektrik Stansiyalarına, İstilik Elektrik Stansiyalarına yox, AES-lərə üstünlük verirlər?

- Su Elektrik Stansiyaları öz gücünə görə Atom Elektrik Stansiyaları ilə ayaqlaşa bilməz. Hərçənd, Su Elektrik Stansiyaları ilə elektrik enerjisi daha ucuz başa gəlir. Ancaq oradakı su ehtiyatı yoxdur, tələbat böyükdür, AES-lərə üstünlük verilir.
XS
SM
MD
LG