Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:03

Eldar Namazov: «Sovet dövrünə qayıtmışıq»


Eldar Namazov
Eldar Namazov
«Qırmızıların dövrünə qayıtmışıq»

AzadlıqRadiosunun «İşdən sonra» proqramında akademik Rafiq Əliyevin Dövlət Neft Akademiyasında kafedra müdirliyindən çıxarılmasına münasibət bildirən Ziyalılar Forumunun təşkilatçılarından biri Eldar Namazov belə deyib. O, Ziyalılar Forumunun bu addımı böyük narahatlıqla qəbul etdiyini bildirib:

«Bu məsələ ilə bağlı bizim xüsusi addımlarımız olacaq. Son günlər bizə yüzlərlə insan zəng edir. Tanınmış ziyalılar, ictimai-siyasi xadimlər həm Rafiq müəllimə, həm də Ziyalılar Forumuna mənəvi dəstək olurlar. Kimsə düşünürsə ki, bu addımla Ziyalılar Forumunun işini zəiflədə ya da Rafiq müəllimin fəaliyyətini məhdudlaşdıra bilərlər, yanılırlar. Bu, tam əks effekt verdi».

«REKTOR ÇOX YANLIŞ HƏRƏKƏT EDİB»

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, bu, Azərbaycan üçün çox pis bir addımdır.

«ADNA rektoru çox yanlış hərəkət edib. Təkcə akademiya üçün yox, Azərbaycan üçün. Çünki Rafiq Əliyev tək Azərbaycan alimi deyil, o, dünya alimidir. Rafiq müəllimin müdafiəsinə bütün dünya qalxacaq, tək Azərbaycan yox. Bu, Azərbaycan cəmiyyəti, dövləti, hakimiyyəti üçün çox pis addımdır».

Hüquq müdafiəçisi Rafiq Əliyevin işdən çıxarılmasına dair rəsmi izahata da toxunub:

«Biz bilirik izahatlar necə verilir. Rafiq müəllimi məhz Ziyalılar Forumunun üzvü olduğu üçün, öz sözünü dediyi üçün,
Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Azərbaycanın gələcəyini düşündüyü üçün işdən çıxarıblar. Onun hansı maddə ilə çıxarılmasına hüquq müdafiəçiləri heç fikir vermirlər».

«ÇAR DÖVRÜ BUNDAN YAXŞI İDİ»

Eldar Namazov isə deyib ki, əslinə qalsa, bu, rektorun qərarı deyil:

«Bizə bəllidir hər şey. Biz hər şeyi mətbuata deyə bilmirik… Hətta Çar dövründə nə müəllimi, nə tələbəni universitetdən elə-belə qovmaq mümkün deyildi. Həmişə rektor başda olmaqla müəllimlər, tələbələr korpusu həmin adamı müdafiə edirdi. Görün indi bizdə nə cür vəziyyət yaranıb. O, dünya şöhrətli alimdir. Belə bir adama qarşı bu cür addım təkcə Rafiq Əliyevə, Ziyalılar Forumuna qarşı deyil, Azərbaycan cəmiyyətinə, xalqına qarşıdır».

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Rafiq Əliyevi dissidentlərə bənzədib:

«Mən şahidi olmuşam ki, Soljenitsini, Saxarovu o totalitar rejimdə nə cür qovurdular. Və ya Rastrapoviçi nə cür ölkədən xaric edirdilər, onlara qarşı hansı təzyiqlər olub. Azərbaycan indi həmin dövrü keçir. Alimlərə təzyiq edirlər ki, onlar danışmasınlar».

RAFİQ ƏLİYEVƏ NOBEL MÜKAFATI?

Rafiq Əliyev
Rafiq Əliyev
Hüquq müdafiəçisi əmindir ki, bu məsələdən sonra Rafiq Əliyev dünya tərəfindən daha yüksək qiymətləndiriləcək və daha ali mükafatlar qazanacaq:

«Bu məsələdən sonra Rafiq Əliyevə Nobel mükafatı verəcəklər. Təzyiqlərdən sonra Saxarova, Soljenitsinə bu mükafatı veriblər. Deməli, Rafiq Əliyev də Nobel mükafatı alacaq».

Eldar Namazovun fikrincə isə, Rafiq Əliyevə qarşı atılmış bu addım onu deməyə əsas verir ki, Azərbaycan qırmızıların dövrünə qayıdıb:

«Biz sovetlər dövrünə qayıtmışıq. Hakimiyyətdə qırmızılardır. Müxalifətdə olanlar ağlardır ki, bir sinif kimi onlar məhv olunmalıdır. Ziyalılar da dissidentdirlər. Onlar öz sözlərini deyirlər, onlara da dissident kimi baxırlar. Sovet dövründəki vəziyyət yenidən qayıdıb».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG