Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 21:48

İlham Əliyev NATO-ya Azərbaycanın regional narahatlıqlarını çatdırıb


NATO-nun Baş katibi Andres Fogh Rasmussen və Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə birgə mətbuat konfransında. 15 fevralı 2012
NATO-nun Baş katibi Andres Fogh Rasmussen və Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə birgə mətbuat konfransında. 15 fevralı 2012
Azərbaycan prezidenti İlham Əliyev fevralın 15-də Brüsseldə NATO Baş katibi Anders Fogh Rasmussenlə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Rasmussen deyib ki, NATO tərəfdaş ölkələri ilə məsləhətləşmələrə böyük önəm verir və bu görüş də həmin qəbildən olub.

Rasmussenin sözlərinə görə, Azərbaycan və NATO bir çox ümumi dəyərləri bölüşür, müxtəlif sahələrdə əməkdaşlıq edir: "Biz NATO-nun Əfqanıstandakı əməliyyatlarına verdiyi dəstəyə görə Azərbaycana minnətdarıq. Və Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün ötən il imzalanan Fəaliyyət Planı üzrə də işlərin gedişindən məmnunuq."

Rasmussen bildirib ki, İlham Əliyevlə görüşdə əməkdaşlıq məsələlərini, narahatlıq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər: "NATO olaraq tərəfdaşlarımızı narahat edən məsələləri nəzərə almaq bizim öhdəliyimizdir."

Prezident İlham Əliyev də bildirib ki, Azərbaycan NATO ilə əməkdaşlığa və inteqrasiyaya böyük önəm verir: “Biz silahlı qüvvələrimizi NATO standartlarına uyğunlaşdırmaq üçün addımlar atırıq və bütün sahələr üzrə - istər NATO-nun Əfqanıstandakı əməliyyatlarına dəstək vermək, istərsə də inteqrasiya sahəsində tərəfdaşlığımızı davam etdirməkdə maraqlıyıq”.

İlham Əliyev deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və Ermənistanın işğal edilən torpaqlardan çəkilməsinin vacibliyi bir daha vurğulanıb.

Azərbaycan prezidenti NATO Baş katibi ilə məsləhətləşmələr zamanı enerji təhlükəsizliyi məsələsinin də müzakirə olunduğunu və gələcəkdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə daha önəmli töhfə verməkdə maraqlı olduğunu da əlavə edib.
XS
SM
MD
LG