Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:53

Azərbaycanın xarici siyasətində balans limiti tükənirmi?


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
İranla münasibətlərin pisləşməsi fonunda Azərbaycanın NATO ilə regional məsələlər barədə danışıqlar aparması siyasi dairələrdə müzakirə obyektinə çevrilib. Azərbaycanın balanslı xarici siyasət aparması limitinin tükəndiyini düşünənlər də var, əksini izah edənlər də.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, əslində Azərbaycanın xarici siyasətinin özü yox, adı balanslı siyasətdir. Zərdüşt Əlizadə qeyd edir ki, Azərbaycanın əsas ticarət tərəfdaşı Qərbdir. Nefti Qərb şirkətləri çıxardır, onlar da alır:

«BUNLARIN PULLARI ŞƏRQDƏN ÇIXIR, AMMA GÖZLƏRİ QƏRBDƏDİR»

«Bizim oliqarxların pulları Qərb banklarındadır. İstirahətə, müalicəyə İrana yox, Qərbə gedirlər. Yəni, bunların pulları Şərqdən çıxır, amma gözləri Qərbdədir. Bu baxımdan əvvəl də balans olmayıb. Amma hər halda yaxşı ki, Əbülfəz Elçibəy dövrünə nisbətən indi Azərbaycan hakimiyyəti açıq-aydın İranı hədələmir. Yəni, «biz səni parçalayacağıq», «İran dağılacaq» kimi sərsəm bəyanatlar yoxdur və bu, özü özlüyündə müsbət hadisədir».

Zərdüşt Əlizadə Azərbaycanın çəkisinin süni şəkildə şişirtməyin də tərəfdarı olmadığını bildirir. Deyir ki, Azərbaycan kiçik bir ölkədir. Politoloqun fikrincə, Azərbaycan Qərb-İran qarşıdurmasında yalnız vasitəçi alət rolunu oynaya bilər. Bunu arzuolunmaz hesab edən Zərdüşt Əlizadə deyir ki, qonşu erməni xalqı ömrü boyu böyük dövlətlərin aləti olub və ona görə də bədbəxtdir.

Bununla belə, nəzərə almaq lazımdır ki, Gürcüstandan fərqli olaraq NATO-ya münasibətdə Azərbaycan özü ilə bu qurum arasında bəlli bir məsafə saxlayır.

Zahid Oruc
Zahid Oruc
Milli Məclisin son toplantısında isə bəzi deputatlar Azərbaycanın anti-İran bloklara qoşulmasını təklif edib. Həmin təklif müəlliflərindən biri, deputat Zahid Oruc deyir ki, Suriyadan sonra İranın hədəfə çevriləcəyi perspektivi formalaşdıqca, bu dövlətin regionda gərginliyi artırmaq cəhdi aydın hiss olunur. Deputatın fikrincə, İranın dini və siyasi elitası bu təzyiqi sağa-sola paylaşaraq özünü guya hədəfdən yayındırmaqla müharibənin daha böyük miqyas alacağını bəyan edir:

«AZƏRBAYCAN QƏRBİN İRANA QARŞI SİYASƏTİNDƏ İŞTİRAK ETMƏLİDİR»

«Azərbaycanın İrana qarşı siyasətdə fəal şəkildə yer almasının zamanıdır. Biz - dövlətin siyasətini müdafiə edən insanlar bir ay əvvəl bildirirdik ki, İkinci Dünya müharibəsində Türkiyə hansı addımları atıbsa, Azərbaycan da neytrallığı ilə o rolu təkrarlamalıdır. Ancaq indi geopolitik reallıqlar dəyişib. Azərbaycan Qərbin İrana qarşı siyasətində iştirak etməlidir».

Zahid Oruc Azərbaycanın alternativ təhlükəsizlik məkanına daha güclü inteqrasiyasını, Qərblə işbirliyini gücləndirməsini və bu dönəmdə İrana qarşı sanksiyalarda iştirak etməsini məqbul sayır. Hərçənd, rəsmilər bu günlər də dönə-dönə bəyan edirlər ki, İranla mehriban qonşuluq münasibətləri hər vəchlə qorunmalıdır.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər
Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər isə deyir ki, balanslı xarici siyasət yürütmək üçün manevr meydanı getdikcə daralır. Onun fikrincə, Azərbaycan artıq aktuallaşan regional məsələlərdə konkret mövqe tutmağa məcbur olur. Sülhəddin Əkbər fikrini əsaslandırmaq üçün Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Rusiyadan fərqli olaraq Suriya ilə bağlı qətnamənin lehinə səs verməsini misal göstərir:

«GETDİKCƏ VƏZİYYƏT DAHA DA AYDINLAŞACAQ»

«Getdikcə vəziyyət daha da aydınlaşacaq. Azərbaycanın resursları İranla qarşıdurmada yetərsiz olduğuna görə məcbur idi ki, bu yetərsizliyi kompensasiya etmək üçün təbii müttəfiqləri ilə əməkdaşlığı gücləndirsin. Azərbaycanın təbii müttəfiqləri də Türkiyə, ABŞ, Avropa Birliyi və NATO-dur».

Azərbaycan prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Anders Fogh Rasmussen fevralın 15-də Alyansın Brüsseldəki mənzil-qərargahında görüşdən sonra media nümayəndələri qarşısına çıxıblar. Hər iki tərəf Azərbaycan-NATO əməkdaşlığını müsbət dəyərləndirib və bu əməkdaşlığın genişləndirilməsi barədə müzakirələri davam etdirməyə hazır olduqlarını bildirib.
XS
SM
MD
LG