Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:06

Imdat Afşar “Türbənin dəlisi” (Türk yazıçısından hekayə)


(Hekayəni Türkiyə türkcəsindən Aslan Quliyev çevirib. "Oxu zalı" hekayəsinin çapı üçün müəllifdən icazə alıb)


İmdat Afşar


TÜRBƏNİN DƏLİSİ

Anamın iki kəlmə sözü ürəyimi sızlatdı, vurdu, yaraladı məni. «Yay gəldi, keçir, oğlum, yolunu gözlədim… Keçən gecə səni yuxuda gördüm, ürəyim istədi, qurbanı olduğum, uzaqmı yerdi, bala? Çox şükür, at var, maşın var…» «Tamam, ana, - dedim. – haqlısan, gələcəyəm».

O gecə elə hey anamın sözləri qulaqlarımda səsləndi: «Yuxumda gördüm səni, ürəyim, istədi, oğlum».

Sabah tezdən durub avtovağzala getdim.

Malatya avtovağzalı.

Iyulun sonu.

Daha günün ilk saatları, amma adamların tərdən köynəkləri bədənlərinə yapışır.

Sürücü köməkçilərinin səsləri bir-birinə qarışır.

- Istanbul, Istanbuuul!

- Ankara, indicə çıxırıq, Ankara, Ankaraaaa…

Biri yanıma yaxınlaşır.

- Abi*, haraya?

- Kırşəhrə.

- Gəl, abi, həmən çıxırıq, Ankara maşını, boş yer var.

Sözləri bir-birinə calayır, qolumdan yapışır, çantamı da alır. Səsimi çıxarda bilmirəm. Çantamla birlikdə iradəmi də alır bu iri cüssəli adam. Arxasına düşürəm bu gur səsli adamın. Tinə gedirik, «Usta, Kırşəhrə» deyir, biletimi kəsdirib verir əlimə. Pulu uzadıram.

Avtobusun yola düşməsinə bir neçə dəqiqə var. Yolçular hazırdılar. Tələsik özümü avtobusa salıram. Sürücünün müavini əlində bir dəstə kağızla dolaşır avtobusun içində. Yolçulardan soruşur:

- Abla**, on doqquz, iyirmimi?

- Bəli.

__________
* Abi – böyük qardaş, özündən yaşlıya müraciət edərkən deyilir.
**Abla – bacı, böyük bacı



- Harda düşəcəksiz?

- Ankarada.

- Iyirmi birmi?

- Hə də, qurban!

- Kirvə, harda düşəcəksən?

- Vallah, Ankarada, qurban.

- Kirvə, şəhərdəmi?

- Yox, babo, qarajda.

Müavin soruşa-soruşa yanıma qədər gəlir. Yarısı boş avtobusun ən arxasında otururam, təkəm, məndən başqa avtobusun arxa tərəfində kimsə yoxdu.

- Iyirmi dördmü, abi?

- Bəli.

- Harda düşəcəksən?

- Kırşəhirdə.

- Abi, türbədəmi?

- Bəli, bəli, türbədə.

Türbə! Birdən məmləkət canlanır gözlərim önündə. Bir məmləkət havası dolur içimə. Bir neçə il olub türbədə düşmədiyim.

Şərqdən qərbə, qərbdən şərqə gedən hər avtobus, hər sürücü, hər müavini türbəni tanıyır.

Ulu yollar üstündə bir daynacaqdı Türbə.

Qayada şahin kimi durur, əzəmətli, məğrur.

Yanı başında bir meşəlik, dörd yanı söyüt, qovaq, şam ağacları. Ətrafında minlərcə illərdən bəri ayaqda duran baş daşları.

Bir şikayət var kitabəsində, yüz illər öncə Aşıq Paşanın dilindən yazılan o səs hələ canlı, hələ də dipdiri.

Türk dilinə hər kəs baxmaz idi
Türklərə hər kəsin könlü axmaz idi


Səssiz, sakit, yüz illərdir çölün ortasında bir təpədə qərar tutub Aşıq Paşa türbəsi.
Bu təpədən əsrlərdir Kılınçözünə, Ahi Evrana, Casabəyə baxar.

Yay, qış, bahar…

Yolçular bu türbədə enər, bu türbədə minər.

Kim bilir bu türbə neçə yolçunu qarşılayıb, Karvansarayın bağrını günəş dələrkən, neçə yolçunu yola salmıb, günəş Qurd belindən aşarkən.

Mahaldan Sila torpağına gedənlər burda düşər. Düşər və çiçək açarlar. Çiçək açarlar, çünki ana, ata, oğul, bacı, qardaş və ömür yoldaşları gələr qarşılamağa.

Qürbət bu türbədən başlar, gedənlər burda ayrılar gözü yaşlı qalanlarından.

Bəzən burda nağaralar, zurnalar ötər. Əskər yola salarlar. Igidlər halaya durar, qızlar-gəlinlər ağlar. Anaların dilləri dualı, əlləri havada.

Çölün qıvraq, qayışbaldır dəliqanlıları türkülərlə, halaylarla gedər şərqə, ya da qərbə doğru. Analar əskərlərin arxasınca kasa-kasa su atarlar, əlləri kədərlə düşər yanlarına.

Əskərlər yola salınandan sonra analar türbəyə gələrlər, türbənin pəncərələrindən çölə dualar yayılar. Ərənlərdən, övliyalardan hümmət dilər analar, boya-başa çatdırdığı oğlanları sağ-salamat dönsünlər deyə.

Gecə-gündüz, yay, qış, hey yolçular minər burda, hey yolçular düşər buraya.

Fasilə vaxtı böyük qardaşıma zəng eləyirəm.

- Qağa, gəlirəm. Gözləyin, saat birdə, ikinin yarısında türbədə düşəcəyəm.

- Oldu, - deyir, - saat birdə mən türbədə olaram.

Bəydağı, Sultan Suyu, Qaradağ, Darendə, Gürün… Avtobus sürətlə keçir. Mazıqıran keçidi yavaş-yavaş əriyir, qurtarır, avtobusun pəncərələrindən yox olur. Uzunyayla, Pinarbaşı, Bünyan, bir-bir arxada qalırlar. Yırrı-yığıncaqlı qoca Kayseri, qarşısında başı dumanlı Ərciyəz… Və Mucur… Və bizim boz dağlar, əhəngli torpaqlar görünür, sarı, quru, çılpaq təpələr.

Anamın gözü yoldadır. Indi düyü kiftəsi bişirib, xəmiri yoğurub, mən çatan kimi içli çörək bişirəcək. Məni görüncə, şükr edib duaya duracaqdır. «Ya Rəbbi, cəmi-cümlətanın balasını qoru, mənimki də onların içində!»

Türbə görünür.

Yolun iki tərəfinə düzülmüş insanlar, yolçu gözləyənlər, yolçu yola salanlar, analar, atalar, uşaqlar, çamadanlar, çantalar…

Müavinin bir gözü məndədir.

- Abi, türbədə düşməyəcəkdinmi?

- Hə, türbədə.

- Ustaaa, türbədə saxla.

Aşıq Paşa türbəsi.

Düşürəm.

Məni qarşılamağa gələn birisi yox?

Təkrar zəng eləyirəm.

- Gəlirəm, gözlə, - deyir, - dərsdəyəm, bir azdan çıxacağam.

Türbənin yanındakı bulağın başında bir oturacaq var, otururam.

Aşıq Paşa türbəsi! Məmləkət! Seyr eləyirəm.

Aşağıda Qılıncözü, hər iki tərəfi yamyaşıl! Ağbayır qarşımda bozarıb durub, şoranlıq, kimsəsizlik…

Birisi yanıma gəlir.

Üstü-başı dağınıq, yayın ortasında şalvarının qıçlarını corabına salıb. Dərə keçirmiş kimi. Şalvarının belini ağ iplə möhkəmcə sarıyıb. Əlində bir dəyənək var. Başında şapka, şapkanın əvvəllər ağ olduğu bəlli, amma indi o ağlıqdan əsər qalmayıb, torpaq rənginə çalır. Köynəyinin yaxaları dovşan qulağı kimi, bir də nazik bir qalstuku vurub. Qalstukun düyünü yaxasının içində itib, yox olub. Gözləri fırıl-fırıl oynayır, əlində siqaret var, çəkib-çəkib tüstünü yuxarı üfürür. Kefi sazdı, dünya vecinə deyil, aramsız gülür.

- Salami əleyküm, abi.

- Əleykümə salam.

Siqaretini çıxardır. Siqareti «Samsun»dur. Əzilmiş siqaret qutusu. Qutunun içində bir neçə dənə siqaret qalıb. Gözlərimə baxaraq birini mənə uzadır.

- Çək.

- Sağ ol, mən sənə verərəm, bax, mənim siqaretim daha çoxdu, al, bunlardan çək.

- Olmaz! Sən qəribə bənzəyirsən, qardaş, burdan çək.

Hansımızın daha qərib olduğunu düşünürəm, gülümsəyirəm.

- Yaxşı, - deyirəm, bir siqaret yandırırıq.

- Adın nə, qurban? – soruşuram.

- Rəşid, abi.

- Burda neyləyirsən?

- Vətəni gözləyirəm, onuynan ikimiz gözləyirik.

- O kimdi?

- O, gündüz yatır, uyuyur türbədə, gündüz mən gözləyirəm, gecə o. Qədir əmini deyirəm, övliyalar gecə gözləyirlər…

- Hə, tamam.

- Abiiiiii?

- Nə var, Rəşid?

- Mənim ağlımda zor bir fikir var, amma kimsəyə demərəm.

- Nəydi ağlındakı, Rəşid, haydı, mənə de.

- Iııh ıh. Demərəm.

- Eləmə, Rəşid, inciyərəm, vallahi, söylə, qurban.

- Kimsəyə deməsən, söylərəm.

- Oldu, kimsəyə demərəm.

- Kimsəyə demə haaa!

- Tamam, tamam, kimsələrə demərəm.

- Bax, burdan bir avtobusa minəcəyəm.

- Eeee?

- Ver əlini, Ankara. Ankaraya yaxınlaşınca da, özümü avtobusdan aşağı atacağam.

- Aman Rəşid, niyə özünü avtobusdan atırsan?

Əlini ağzına qoyur, səsini tamam aşağı salır.

- Susssss! Sürücüyə heç pul verməyəcəyəm, onun üçün…

- Həəə, anladım, Rəşid. Ağlındakı fikrin doğrudan da zor imiş Rəşid.

- Zordu, əlbəttə, beş kuruş vermədən Ankaraya get.

Rəşidlə həmən sirdaş oluruq, birbirimizi sevirik. Vətənin, məmləkətin, millətin qayğıları da var Rəşidin çiyinlərində. Məmləkətdə quraqlıqdır, yağış yağmır. Əkinlər yaxşı deyil…

- Susayıbbsansa, su iç, - deyib bulağı göstərir, sonra davam eləyir. – Yağış yağmır, abi, yenə əkinlər olmadı.

- Niyə yağmır, Rəşid?

- Namaz qılmırlar, şərəfsizlər. Qədir əmim elə deyir.

- Qılsalar, yağarmı?

- Gurultu ilə yağarmış həm də.

- Sən qılırsan?

- Mənə düşmür.

- Niyə?

- Vətəni gözləyirəm mən.

- Həəə, unutdum dediyini.

- Bax, mən burda olmasam, gələrlər.

- Kim gələr?

- Makaryus…

- Daha ölmədimi o?

- Yox, tutsam öldürəcəkdim, qaçdı, tuta bilmədim.

- Başa düşdüm.

Dəqiqədən bir siqaret qutusunu uzadır, qutunun içində iki-üç siqareti var.

- Sağ ol, Rəşid, çəkməyək.

- Xərcliyin, beşliyin varmı? Yolçusan, qurban, yoxsa, çəkinmə…

- Sağ ol, Rəşid, var, var.

- Onda mənə bir milyon ver.

Adamın nəyi varsa, yoxsa, hamısını vermək istəyir.

- Al, Rəşid, bu olarmı?

- Olmaz! Bir milyonun varsa ver!

Rəşid ilə danışırıq, bir yandan da böyük qardaşımı axtarır gözlərim. Gələn gedən yoxdu. Birdən ortalıq şənlənir. Seçki var, son gündü, şəhərləri dolaşan partiyanın maşın karvanı türbənin önündən keçir, şeypur səsləri, qalmaqal, gurultu, nağara, zurna səsləri. Hər maşın karvanı da özünü sabahısı günün iqtidarı kimi görür. Karvanlar dəstə ilə keçirlər, yüzlərcə maşın, rəngbərəng bayraqlar. Rəşid sıçrayıb ayağa qalxır, hər karvan Rəşidi salamlayır, bütün partiyalar onu tanıyırlar. Rəşid hamısına salam verir. Dəyənəyini qaldırıb gələnləri qarşılayır və yola salır. Hər karvandan da bir bayraq uzadırlar, bayraqları alıb gəlir, Rəşid. Gülərək oturur. Sonra mənə tərəf dönür.

- Səsini kimə verəcəksəən?

- Mənim burda səsim yoxdu, Rəşid… Sən səs verəcəksənmi?

- Hə, verəcəyəm.

Partiyaların bayraqlarını göstərirəm.

- Hansına verəcəksən?

- Hamısına da vuracağam!

- Nəə?

- Hə, hamısına vuracağam, möhürü alacaq, hamısına vuracağam.

- Həəə, gözəl, vur, Rəşid, vur.

- Abi.

- Əfəndim, Rəşid.

- Bunlar namaz qılsa, yağış yağar, elə deyilmi? Bunlar namaz qılmırlar, ona görə də yağmır.

- Onu bilmərəm, Rəşid. Kim dedi sənə bunları?

- Bizim caminin imamı dedi. Mən səhərlər quran kurslarına da gedirəm. Kiçik uşaqlar var orda. Hoca*** məni qovur, amma yenə gedirəm. Soruşsan, hər şeyi bilərəm. Haydı, məndən soruş.

- Nə soruşum?

- Hoca kimi soruş.

- Yaxşı, Rəşid, söylə görüm, kimin qulusan?

- Allahın.

- Afərin, Rəşid.

- Başqa şey də soruş.

- Kimin ümmətisən?

- Iıııııh, Həzrəti Əlinin?

Gülürəm, Rəşid də gülür, gözlərinin içi gülür, gözləri billir-billir oynayır. Sağa-sola baxıram, gözüm yolda, böyük qardaşımı gözləyirəm. Hələ gəlib gedən yoxdu. Ağlı çoxluq eləyən Rəşid susmur.

- Abi, mənim ağlımda bir şey də var. Sənə deyimmi?

- De, Rəşid.

- Kimsəyə demə haaa.

- Tamam, demərəm.

- Kafeyə gedəcək, iki stəkan çay istəyəcəyəm, çay gəlincə də qaçacağam.

- Eeee?

- Çaya bir quruş da verməyəcəyəm, hahahaaaaaa…

- Bu da çox zor fikir, Rəşid.

- Hə, zor.

- Rəşid, qurban.

- Nə var, abi?

- Sən bu ağlının yarısını icarəyə versən, yarısı ilə də keçinərsən.

- Kimə versəm?

- Az öncə gedən partiyaçılar vardı ha, onlara.

- Vermərəm o şərəfsizlərə, namaz qılmırlar, yağış yağmır, əkinlər yaxşı olmur…

Bir maşın dayanır türbənin qabağında. Içindən mənə gülümsəyən gözlər baxır.

Siqaretimi Rəşidə verirəm, çantamı götürüb qalxıram. Rəşid arxamca qışqırır:

- Gülə-gülə, abiii!

Dönüb cavab verirəm:

- Sağ ol, Rəşid, ağlından muğayat ol, qurban.

___________
***Hoca – müəllim, tərbiyəçi, məşqçi, xoca.
XS
SM
MD
LG