Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

Günel Mövlud redaktorluqdan istefa verdi


Günel Mövlud
Günel Mövlud
Şair, publisist Günel Mövlud martın 17-dən «Publika.az» saytının redaktorluğundan istefa verib. Onun AzadlıqRadiosuna dediyinə görə, buna səbəb saytda gənclərin şənbə mitinqiylə bağlı qərəzlli yazıların getməsi olub:

«Dünən (martın 17-də - Ş.B) səhhətim pis olduğundan işə getməmişəm və bir neçə saat sayta nəzarət etməmişəm. Axşam saatlarında dostlarımdan xəbər gəlib ki, saytda gənclərin mitinqiylə bağlı qeyri-peşəkar və tərəfli xəbərlər gedib. Açdım və gördüm ki, doğrudan da mitinqlə bağlı rəsmilərlə yanaşı ciddi ictimai persona olmayan şəxslərə istinadən xəbərlər verilib. Aksiyaçı gənclərin ünvanına təhqiramiz ifadələr işlədilib. Dərhal təsisçi ilə əlaqə saxladım və tələb etdim ki, həmin yazılar saytdan çıxarılsın. Üstəlik biz oxuculardan üzrxahlıq edək. Razılaşmadı. Mən də bu məsuliyyətin altına girə bilməzdim. Ona görə istefa verməyə məcbur oldum».

Saytda mitinqi müşahidə etdiyini söyləyən jurnalist Turan İbrahimovun fikirləri yerləşdirilib. O aksiyaya qatılan gənclərin əksəriyyətinin sərxoş olduğunu, küçə söyüşləriylə danışdıqlarını və əlbəyaxa dava etdiklərini bildirib.

Martın 17-də Bakıda müxalif və müstəqil gənclər icra hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçiriblər. Mitinqdə «Qarabağ!», «Siyasi məhbuslara azadlıq!», «Təhsildə rüşvətə yox deyirik!» və «İstefa!» şüarları da səsləndirilib. Mitinqin sonunda münaqişə olub və 4 nəfər saxlanılıb.

«Publika.az» saytı bir neçə gündür fəaliyyətə başlayıb.

Təsisçisi keçmiş deputat, həmçinin bir vaxtlar Müsavat Partiyasının üzvü, «Yeni Müsavat» qəzetinin köşə yazarı olmuş, daha sonra yazılarından imtina etdiyini söyləyən Aynur Camalqızıdır.
XS
SM
MD
LG