Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:11

Aqşin Yenisey tərcümə ilə bağlı tənqidlərə cavab verdi


Aqşin Yenisey
Aqşin Yenisey
-
"...Bu ifadə “O mənə daxil oldu” kimi də çevrilməlidir. Əks halda gərək belə yazaq: o şeyini mənə dürtdü, yaxud şeyini mənə saldı.

Belə ifadə etsək, Azərbaycan oxucusu və ədəbiyyatı üçün həddən artıq tərbiyəsiz, xoşagəlməz bir ifadəyə çevriləcək..."



150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası seriyasını nəşr edən Bakı Slavyan Universitetinin nəşriyyatında redaktor kimi çalışan şair Aqşin Yeniseylə müsahibə. Seyfəddin Hüseynlinin Azərbaycanda tərcümələrin keyfiyyəti ilə bağlı “Oxu zalı”nda çap edilən yazısında həmin seriyadan olan kitablar da tənqid edilir.


- Aqşin, Seyfəddinin iradları ilə razısanmı?

- Biz bu yazı ilə bağlı öz aramızda söhbət etmişik. Mənə elə gəlir, Seyfəddin bəyin yazısı tərcümə işi ilə bağlı obyektiv məqamları özündə əks etdirir.

150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası seriyasında nəşr olunan kitablar böyük bir layihədir. İndiyə qədər 80 kitabın tərcümə, redaktə işləri başa çatıb. Bu kitablarda iki-üç cümlə Azərbaycan dilinin sintaksisində olmaya, qrammatik qanunlara cavab verməyə bilər.

Sən təsəvvür et, 80-ə yaxın kitabdan söhbət gedir. Hətta dünya poliqrafiyasında belə bir təcrübə yoxdur ki, 80-90 kitab nəşr olunsun və onların içində 8-9 qüsurlu cümləyə rast gəlinməsin.

Bütün bunlara baxmayaraq, mənim şəxsi fikrimdi: Seyfəddin bəyin yanaşmasını haqlı hesab edirəm. Hətta onun qüsurlu cümlə kimi göstərdiyi nümunələrin bəzilərini vaxtilə mən də mətbuatda yazmışam.

Sadəcə, burda bir məqama diqqəti çəkmək istərdim: Seyfəddin bəy bu işin cüzi qüsurları ilə yanaşı keyfiyyətli tərəflərini də göstərsəydi, onda daha obyektiv görünərdi. Məsələn, biz Azərbaycan dilində ilk dəfə nəşr olunmasına baxmayaraq, həddən artıq keyfiyyətli kitablar tərcümə etmişik.

Misal kimi İlqar Əlfioğlunun Saramaqodan etdiyi tərcüməni göstərə bilərəm. Yaxud Ülkər Nəsibbəyli CAR yazıçısı, nobelçi Kutzeenin “Maykl K.-nın həyatı və zəmanəsi” əsərini əla tərcümə edib.

Amma sözsüz ki, bunlarla yanaşı bizə elə tərcümələr də gəlib, kitabı olduğu kimi geri qaytarmışıq. Çünki o şəkildə tərcümə nə Azərbaycan oxucusuna lazımdı, nə də tərcüməçinin ixtiyarı yoxdur ki, dünya səviyyəli bir yazıçını dilimizə tərcümə etmək adı altında pis günə qoysun. Bilirsən, biz bu prosesin içindəyik deyə, çox vaxt xırda şeyləri tuta bilmirik. Bu kimi tənqidlər əslində, tərcümə işinin xeyrinədir.

- Adətən, redaktorlar həmkarları ilə üz-göz olmamağın dərdindən, qeyri-peşəkar tərcüməçilərin adlarını çəkmirlər. Bəlkə, tərcüməsini yaxın buraxmadığınız müəllifləri saf-çürük edək? Kimlərdir onlar?

- Sözün açığı, bu məsələyə münasibətimi müsahibə yox, yazılı şəkildə bildirsəm, daha yaxşı olar. Həmin tərcüməçilərin adlarını mən çəkməsəm də, Azərbaycan ədəbi mühiti o adamları lap yaxşı tanıyır.

Məsələn, bir tərcüməçi Ayzek Əzimovun əsərlərini tərcümə edib bizə təqdim etmişdi. Mən o əsərləri orijinalla tutuşduranda məlum oldu ki, iki-üç səhifə ümumiyyətlə, tərcümə olunmayıb, mətndən çıxarılıb. Tərcüməçidən soruşduq ki, qardaş, bu nə məsələdir? Adam belə bir bəyanatla çıxış etdi: əsərin həmin yeri zəif idi, mənim xoşuma gəlmədi, ona görə də o hissəni tərcümə etməyi lazım bilmədim. Ayzek Əzimov dünya fantastika ədəbiyyatının böyük nümayəndələrindən biridir. Bizim də kənddə oturmuş tərcüməçi Ayzek Əzimovun əsərindən özbaşına səhifələr çıxarır ki, bu hissə zəif yazılıb. Burda bir məsələ də var: istənilən redaktor istənilən mətnə özünün redaktor gözü ilə baxa bilər.
Məsələn, mənim redaktə etdiyim mətni Seyfəddin müəllim tamam ayrı gözlə redaktə edə bilər.

- Amma burda başqa məsələ var: “Gözlərimi yatan kimi yumdum və ləzzətli bir keçişlə bu yana vardım” kimi cümlələrdə redaktorların fikri eyni olmaya bilməz, axı...

- Başa düşdüm. Məsələn, Ştefan Sveyqın əsəri almancadan tərcümə olunur. Alman dilinin söz tərkibi 500 min, Azərbaycan dilininki 50 mindir. Təsəvvür et ki, yarım milyonluq bazası olan dildə yazılan əsəri 50 minlik dilə tərcümə edirsən. Sözsüz ki, burda həddən artıq istedadlı olmaq lazımdır ki, yazıçının üslubunu, təhkiyəsini qorumaq şərtilə bizim dilə uyğunlaşdırmaq mümkün olsun.

Seyfəddin müəllimin yazısında tərcümələrdən belə bir sitat gətirilir: “O, paltarımı soyundurdu və mənə daxil oldu” Əsərin ruscası da eynilə belədir. Mən elə bir redaktor istərdim ki, bu ifadəni tənqid edən adam kimi çıxsın ortaya və sözün ekvivalentini tapsın.

- Onda mən səndən soruşuram: bu ifadəni necə tərcümə etmək olar?

- Bu cümləni elə olduğu kimi yazmaq lazımdır. Gərək onda belə yazaq: o şeyini mənə dürtdü, yaxud şeyini mənə saldı. Belə ifadə etsək, Azərbaycan oxucusu və ədəbiyyatı üçün həddən artıq tərbiyəsiz, xoşagəlməz bir ifadəyə çevriləcək. Ona görə də, bunu ruslar necə tərcümə ediblərsə, elə də saxlamaq lazımdır. Onsuz da oxucu söhbətin nədən getdiyini bilir də...

Mən bir dəfə müsahibəmdə də demişdim: Markesin “Polkovnikə məktub yoxdur” əsərində arvad soruşur ki, nə yeyəcəyik? Polkovnik də cavab verir ki, pox. Bunu ruslar olduğu kimi, bizimkilərsə “p...” kimi yazıblar. Guya oxucu bilmir ki, söhbət nədən gedir? Ona görə də bizim ədəbiyyatımızda tərcümə səviyyəsi hələ ideal vəziyyətə gəlib çıxmayıb. Bunun üçün vaxt lazımdır.

Təsəvvür elə ki, biz təzə-təzə işə başlayanda redaktor tapa bilmirdik. Fəxri Uğurlu, Mahir Qarayev və bir-iki başqa redaktordan savayı güvənə bildiyimiz adamlar yox idi. 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanasında təmsil olunan indiki peşəkar komandanı formalaşdırmağın özü böyük prosesdir. Amma eyni zamanda cümlə davası aparmağı da qəbul edirik. Bu layihə, bu iş müştərək işdir, xalq işidir. Bu kitabları xalqın gələcək övladları oxuyacaq. Ona görə də mən çox arzu edirəm ki, qüsurlarımızı yazsınlar, desinlər.

- “Qanun” nəşriyyatının sifarişi ilə kitab tərcümə edən müəlliflər qüsurların olmağını qonorar və vaxt azlığı ilə izah edirlər. Sizin də işinizdə belə problemlər var?

- Yox, bizdə qonorar və vaxt məsələsi o qədər də öndə olan məsələ deyil. Biz bazara işləmirik. Bizim kitablar prezidentin sərəncamı ilə nəşr olunur. Bu seriyadan çıxan
Dünya Ədəbiyyatı Kitabxanası seriyasından kitablar
Dünya Ədəbiyyatı Kitabxanası seriyasından kitablar
kitablar satış üçün nəzərdə tutulmayıb. Amma başqa nəşriyyatlar bazara işlədiyinə görə, onu bazar dolandırdığına görə öz qərarını özü verir.

Bizim işimizin qərarını dövlət verir. Ona görə bizim ixtiyarımız yoxdur ki, dövlətin qərarını bazar tələbatı ilə uyğunlaşdıraq. Bizim işimiz Azərbaycan dövlətinin verdiyi qərarı layiqincə yerinə yetirməkdən ibarətdir. “150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından nəşr olunan kitablar satılmır, oxucular onları yalnız abunə yolu ilə əldə edirlər.

- Maraqlıdır ki, həmin nəşrlərə kitab mağazasında rast gəlinir...

- Bunun səbəbini deyim: tutalım, mənim kitab dükanım var və abunə yolu ilə aldığım kitabları mağazamda satıram. Məsələn, mən bu seriyaya abunəyəm. Kitablar çıxdıqca, gətirirlər evimə, pulunu ödəyib alıram. İstəsəm, həmin kitabları “Nərimanov” metrosunun qarşısında sata bilərəm.

- Nadir Qocabəylinin tərcüməsində Xulio Kortasarın əsərləri də tənqid olunmuşdu. Bu haqda fikrin necədir?

- Sözün açığı, bu kitabın redaktorunu xatırlamıram. (Kitabın redaktoru Mahir N. Qarayevdir - C.Z.) Nadir Qocabəyli bizim tərcüməçilərin ən yaxşılarından biridir. Düzdür, əsər ruscadan tərcümə olunub, amma çox gözəl tərcümədir və bizim problemsiz kitablarımızdan biridir.

- Orxan Pamukun əsərində isə “Otuzbir çəkmək” ifadəsinin izahını “narkotik maddə” kimi veriblər...

- Həmin ifadə tərcüməçinin ucbatından yanlış gedib. Azərbaycan dilində həddən artıq vulqar səsləndiyinə görə, küçə leksikonu kimi verilməyib. Amma onu yazıçı necə yazıbsa, elə də saxlayıb, izahsız vermək olardı.

Səndən çox xahiş edirəm, bir dəfə Azadlıq Radiosunun adından Slavyan Universitetinə gəl, bizim işimizlə tanış ol, redaktəmizə bax, gör mətn necə redaktə olunur, hansı proseslər gedir. Bir nəfər durub tənqid yazır, guya hər şey onun düşündüyü kimidir. Elə deyil axı... Burda 30-a yaxın tərcüməçi, yeddi-səkkiz redaktor çalışır. Amma bütün hallarda səmimi, obyektiv tənqidə biz açığıq və bunu gözləyirik.
XS
SM
MD
LG