Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:13

Oktay Mir-Qasımdan Rüstəm İbrahimbəyova sərt ittihamlar


Oktay Mir-Gasım
Oktay Mir-Gasım
Oktay Mir-Qasım:

“Beş il əvvəl katibliyin toplantısında mən qurumun fəaliyyətində və idarəetməsində problemlərin olduğunu, kino ilə bağlı məsələlərə yanaşmanın düzgün olmadığını, açıq şəkildə, R.İbrahimbəyovun və ətrafında olanların üzlərinə demişdim”


Iyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb.

Bunun hökumətin tapşırığı ilə yaradıldığını və rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinamatoqrafçılar İttifaqına alternativ olduğunu deyənlər də var.

Yeni qurumun idarə heyətinin üzvü, rejissor Oktay Mir-Qasım isə “Yeni Azərbaycan” qəzetinə müsahibəsində R.İbrahimbəyovun təşkilatını kinonun inkişafına yox, şəxsi maraqlara xidmət etməkdə suçlayıb.

Müsahibəni olduğu kimi çap edirik.


- Oktay müəllim, Azərbaycanda bütün sahələrə olduğu kimi kinoya da dövlət, şəxsən Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bəs bu diqqət və qayğının fonunda kinomuz inkişaf edə bilirmi, yoxsa hansısa çatışmazlıqlar var?

- Təbii ki, bu sahədə proses xeyli canlanıb və irəliləyiş var. Bununla yanaşı, vəziyyət o qədər ciddidir ki, məsələləri bir an içərisində həll etmək mümkün deyil. Çünki kinematoqrafiya sənəti, kinematoqrafiya fəaliyyəti birinci növbədə sənayedir. Kinematoqrafiya nə qədər ağır bir sahədirsə, o qədər də hərtərəfli, vacib və mühüm bir sahədir.

Çünki kinematoqrafiya həm ölkəni tanıdır, həm gəlir gətirə bilən bir sahədir, həm də insanlara nəinki bir əyləncə növü kimi lazımdır, eyni zamanda, bunun içərisində dram, mənəviyyat, maarifçilik, fəlsəfə, tərbiyə var.

Onun üçün də bu sahəni inkişaf etdirmək lazımdır və Prezident İlham Əliyevin 2007-ci il fevralın 23-də imzaladığı “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında”, həmçinin, 2008-ci il avqustun 4-də imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamlardan sonra ölkəmizdə kino sahəsinin inkişafına böyük təkan verilib.

Biz artıq böyük ümidlə gələcəyə baxırıq və heç şübhəsiz ki, kino xadimləri olaraq özümüz də kino siyasətinin reallaşdırılmasında üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik.

- Maraqlı bir məqama toxundunuz. Ümumiyyətlə, istənilən ölkədə hər hansı bir sahə ilə bağlı siyasətin uğurla nəticələnməsi üçün dövlətin diqqət və qayğısı ilə yanaşı, ictimaiyyətin də dəstəyi lazımdır. Bəs, Azərbaycanda kino siyasətinin reallaşdırılması istiqamətində dediyimiz məqamla bağlı vəziyyət necədir? Yəni, ölkəmizdə kino ilə məşğul olan ictimai birliyin-Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətinin hiss edilməməsinin səbəbi nədir?

- İndiyə kimi fəaliyyət göstərən və hazırda da mövcud olan dediyiniz ictimai qurumun rəhbərliyi təəssüflər olsun ki, kinematoqrafiya qurumunun əsas məqsədlərini demək olar ki, unutmuşdu. Unutmuşdu deyəndə, ona görə yox ki, unutqandı və hafizəsi zəifdi. Xeyir. Yəqin ki, eqoizm, şəxsi maraqlar və bəlkə də başqa səbəblər var. Amma onu da deyim ki, mən Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətinin düzgün qurulmadığını indi yox, hələ beş il əvvəl demişəm.

Bu, sənədlərlə təsdiqlənmiş bir faktdır. Beş il əvvəl katibliyin toplantısında mən qurumun fəaliyyətində və idarəetməsində problemlərin olduğunu, kino ilə bağlı məsələlərə yanaşmanın düzgün olmadığını, açıq şəkildə, R.İbrahimbəyovun və ətrafında olanların üzlərinə demişdim. Mən həmin söhbətlər zamanı onlara deyirdim ki, niyə aşağı, döşəməyə baxırsınız? Mənim gözümün içinə baxın. Çünki mən həmin ərəfəyə qədər ümid edirdim ki, bəzi adamlara həqiqəti xatırlatmaqla, vəziyyəti normallaşdırmaq, bəzən düşünülməmiş, bəzən nadürüst əməlləri aradan qaldırmaq olar. Təəssüflər olsun ki, bu alınmadı.

Eyni zamanda, ona da təəssüf edirəm ki, həmin vaxt qurumun rəhbərliyində təmsil olunan məsləkdaşlarımız lazımi mövqe nümayiş etdirmədilər. Məhz bu məqam, həmçinin, qurumun qəbul etdiyi, lakin heç də kinonun inkişafına xidmət etməyən, heç bir ağıla, məntiqə sığmayan qərarların qəbulu zamanı sadəcə mexaniki kuklalar kimi əllərini qaldırdılar. Halbuki, mən bu cür məsələlərin dar çərçivədə, yəni, katiblik
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
səviyyəsində müzakirə edilib, qərarların qəbul olunmasına qarşı idim. Çalışırdım ki, bu cür məsələlər heç olmasa İdarə Heyətində müzakirə olunsun.

Ancaq bir daha deyirəm, məni Şəfiqə xanım Məmmədovadan başqa kimsə müdafiə etmədi. Beləliklə, məhz həmin vaxtdan mən faktiki olaraq Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etmişəm. Bununla belə, açıq şəkildə bəyan edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyi heç vaxt sözün düzünü deyənləri sevməyib və hər zaman sözün düzünü deyənlərdən çəkinib. Onlara bildirmişdim ki, qurultayın kürsüsünə çıxıb bütün həqiqətləri geniş ictimaiyyətə söyləcəyəm. Və onlar bundan narahat olaraq mən xaricdə olarkən tez-tələsik bir qurultay keçirdilər.

- Oktay müəllim, dediniz ki, siz hələ beş il əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə, konkret olaraq Rüstəm İbrahimbəyova qurumda idarəetmənin və fəaliyyətin düzgün qurulmamasına dair xəbərdarlıq etmisiniz. Beş il çox böyük zamandır ki, bəhs edilən problemləri aradan qaldırmaq mümkün olsun.

Lakin görünür, ötən beş ildə nəinki mövcud problemlərin aradan qaldırılmasına cəhd göstərilib, əksinə vəziyyət daha da pisləşib ki, yeni bir ictimai qurumun - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis olunması zərurəti yaranıb. Bununla belə, Rüstəm İbrahimbəyov verdiyi açıqlamalarda məsələni siyasiləşdirməyə cəhd göstərir...


- Sualınıza konkret cavab verməzdən öncə bir məqama toxunmaq istəyirəm. Uzun zaman Rüstəm İbrahimbəyovun fəaliyyətini yaxından, verdiyi açıqlama və müsahibələri mətbuatdan izləmiş, o cümlədən, onu yaxşı tanıyan bir şəxs kimi deyə bilərəm ki, Rüstəm İbrahimbəyov praqmatik bir insandır.

O mənada ki, Rüstəm İbrahimbəyov şəxsi maraqlarına ziyan gətirəcək heç bir addım atmaz. Yəni, bu adam hər zaman şəxsi maraqlarını güdüb. Onun son açıqlamalarından və bəyanatlarından görürük ki, hər bir cümlədə bir əmlak, vəsait, daşınmaz əmlak, yaxud da hansısa biznesə aid məsələlər öz əksini tapır. Bu da onun təbiətindən xəbər verir. Digər tərəfdən, bəzən onu ictimai maraqların müdafiəçisi kimi qələmə verməyə çalışırlar. Lakin onun müsahibələrini və açıqlamalarını dərindən analiz edəndə orada biz vətənpərvərlik meyillərini görmürük.

Burada daha çox kosmopolitizm, bəzən də özgəni öz qardaşından çox istəmək, üstün tutmaq meyilləri hiss olunur. Heç uzağa getməyək, onun “BBC”yə müsahibəsini xatırlamaq yerinə düşər. Başqa bir məsələ, bu adam vaxtı ilə yaradıcılıqda müəyyən uğurlar qazanıb. Lakin son illər?..

Sualınıza gəlincə, kimin nə deməsindən asılı olmayaraq, hər şey bütün çılpaqlığı ilə ortadadır. Bir daha deyirəm, mən bu qurumda işlərin düzgün qurulmadığını indi yox, hələ beş il əvvəl demişəm. Eyni zamanda, onların fəaliyyətinə ötəri nəzər salmaq kifayət edir ki, nəyin necə olduğunu deyə biləsən.

Mən yazılarımda da qeyd etmişəm ki, orada daşınmaz əmlak və maliyyə məsələlərində çox qəribə, necə deyərlər, ekzotik hərəkətlər müşahidə edilir. Digər tərəfdən bu qurumun keçirdiyi Şərq-Qərb kino festivalının yaşadılması üçün neçə il dövlət
Şəfiqə Məmmədova
Şəfiqə Məmmədova
büdcəsindən yardım edilib. Ancaq bu festival bir iz qoyubmu? Məhz kiminsə düzgün qurulmayan fəaliyyəti nəticəsində bu festival ciddi beynəlxalq tədbir statusundan çıxaraq, ailəvi, dostbazlıq qonaqlığına çevrilib.

Dövlətin kino siyasətinin reallaşdırılması istiqamətində üzərlərinə düşən işlərin öhdəsindən bu cürmü gəlirlər? Məncə, onlar hansısa bir iş görmək istəyən yeni bir ictimai qurumun yaradılmasına qarşı aqressiv davranmaqdansa, özlərinin buraxdıqları səhvləri müzakirə etməlidirlər.

- Nəhayət, bu yaxınlarda sizin də iştirakınızla yaranan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının hədəfi nə olmalıdır?

- Bilirsiniz, yeni qurumun hədəfi bəllidir. Yəni, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda bütün sahələrə olduğu kimi kinoya da dövlət, şəxsən Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Lakin bu da bir həqiqətdir ki, istənilən ölkədə hər hansı bir sahə ilə bağlı siyasətin uğurla nəticələnməsi üçün dövlətin diqqət və qayğısı ilə yanaşı, ictimaiyyətin də dəstəyi lazımdır.

Bax, bizim yaratdığımız yeni qurum ilkin olaraq Azərbaycanda kino siyasətinin reallaşdırılması istiqamətində kino ictimaiyyətinin üzərinə düşən vəzifələrin müəyyən edilməsi və reallaşdırılmasına çalışacaq. Hesab edirəm ki, bizim qurum deyilən istiqamətdə üzərinə düşən işin öhdəsindən layiqincə gələcək və qəbul edilən qərarlar zamanı üzvlərinin rəyinə hörmətlə yanaşacaq. Mən buna tam əminəm.

Çünki Şəfiqə Məmmədova fəaliyyətində məhz bu amillərə üstünlük verən bir insandır. Lakin qəzetiniz vasitəsilə ictimaiyyətdən bir xahişim də var. Bizdən dərhal hansısa bir kino festivalını keçirəcəyimizi, hansısa səs-küylü layihələri tez bir zaman ərzində reallaşdıracağımızı gözləməsinlər. Çünki biz hər şeyi sıfırdan başlayırıq və hansısa işlərin görülməsi üçün zamana ehtiyac var. Qarşıda duran məsələ çox ciddi və böyükdür. Eyni zamanda, bizim peşəmizə, sənətimizə məhəbbətimiz də kiçik deyil. Onun üçün gələcəyə ümidlə baxırıq.

Nadir AZƏRİ
"Yeni Azərbaycan"
XS
SM
MD
LG