Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:51

Iran şairlərin azad edilməsini “İslam mərhəməti”lə izah edir


Ramin Mehmanpərəst
Ramin Mehmanpərəst
-

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst sentyabrın 4-də bildirib ki, Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseyn “İslam mərhəməti” prinsipi əldə rəhbər tutularaq azadlığa buraxılıblar.

Bu barədə İranın FarsNews agentliyi xəbər verir.

Agentlik qeyd edir ki, şairlərin azad edilməsi İranın vitse-prezidenti Həsən Musəvinin Azərbaycana səfəri ilə eyni vaxta düşür.

İranın ingiliscə yayımlanan Press TV kanalı isə xəbər verir ki, Mehmanpərəst Tehrandakı mətbuat konfransında şairlərin “iki ölkə arasında dostluq və qardaşlıq əlaqələri” əsas götürülərək azad edildiyini bildirib.

Press TV qeyd edir ki, Mehmanpərəst şairlərin Azərbaycanın yüksək vəzifəli rəsmilərinin xahişi ilə azadlığa buraxıldığını bildirib.

Onun sözlərinə görə, belə xahişlər Bakıya səfər etmiş İranın təhsil naziri Həmidrza Hacı Babayi və xarici işlər nazirinin müavini Abbas Əraqçıya çatdırılıb.

Məhkəmədə şairlər casusluqda ittiham olunmasalar da, Press TV onlar barədə bir müddət əvvəl yaydığı qeyri-rəsmi məlumatı bir daha təkrarlayır.

“Hacızadə və Hüseynov İrana mədəniyyət tədbirində iştirak etmək adıyla daxil olublar. Onlara İranda əlbir olduqları şəxs saxta dəvətnamə göndərib. Onlar səfərləri zamanı İranda məxfi məlumatlar toplamış və strateji ərazi və qurğuların şəkillərini çəkmişlər”.

Ş.Hacızadə və F.Hüseynin cümə axşamına qədər Bakıya dönəcəkləri bildirilir.
XS
SM
MD
LG