Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59

Tolstoyun bəstələdiyi yeganə vals (Dinlə, nadir kadrlar)


-

1906-cı il fevralın 10-da Yasnaya Polyanadakı malikanəsində təşkil edilmiş ev konsertində Tolstoy qonaqlarına elan edir ki, 60 il qabaq yazdığı bir mahnını ifa etmək istəyir...


Böyük rus yazıçısı Lev Tolstoy hələ gənc yaşlarında gündəliyində yazmışdı ki, "Musiqidə kamilliyin zirvəsinə çatmaq istərdim".

21 yaşı olanda o, musiqi müəllimi tutur. Rudolf adlı alman musiqiçisi Tolstoyların malikanəsinə gələr və gənc qrafa gündə 3-4 saat dərs keçərdi. Tolstoy yaxşı tələbə idi və royalda çalmağı tez öyrənir.

Çox keçmir ki, o artıq Motsartın sonatalarını, Ştrausun valslarını, hətta Şopenin 4-cü balladasını ifa etməyə başlayır.

Yazıçı məharətini ev balları və tamaşalarında göstərir, mahnı oxuyanları müşayiət edirdi. Tolstoyun dostları (onların arasında Pyotr Çaykovski, Anton Rubinşteyn, Sergey Taneyev də vardı) onun çalğısını, interpretasiyalarını bəyəndiklərini qeyd edirdilər.

Bəzən hətta dahi sayılan yazıçılar barəsində mənfi rəy bildiyi kimi Tolstoy görkəmli bəstəkarların bəziləri haqqında da sərt tənqidlər söyləyirdi.

Məsələn, o, Motsart və Şopenin musiqisini çox sevsə də, çəkinmədən deyirdi ki, Bethovenin ömrünün son illərində yazdığı əsərlərdən zəhləsi gedir.



Onun opera ilə də arası yox idi. Yalnız Motsart və Veberin operaları istisna idi.

Tolstoy royalda duet ifasını - "dörd əlli" ifanı çox sevirdi. Ən çox da öz qızıyla birgə.

Amma qonaqlarla birlikdə ifadan da zövq alardı. Ailəsi ilə birlikdə Tolstoygilə qonaq gəlmiş şair Afanasi Fet xatırlayır ki, "qraf bizim quvernantka ilə birlikdə royala elə şığıdılar ki, dörd əllə o qədər çaldılar ki, az qala birlikdə Bethovenin bütün əsərlərini ifa edib qurtardılar".

Tolstoy aydın və axıcı melodiyalı musiqini xoşlayırdı. O, rus xalq mahnılarını və qaraçı nəğmələrini də sevirdi. Minor yox, major tonallığına üstünlük verirdi.

Elə Tolstoyun yazdığı və bizə gəlib çatmış yeganə musiqi əsəri də "Fa major valsı" adlanır.

1906-cı il fevralın 10-da Yasnaya Polyanadakı malikanəsində təşkil edilmiş ev konsertində Tolstoy qonaqlarına elan edir ki, 60 il qabaq yazdığı bir mahnını ifa etmək istəyir, amma yazılmasından o qədər vaxt keçib ki, "indi yadında deyil ki, əsərin müəllifliyi onun özünə aiddir, yoxsa müəlliminə".

Tolstoy valsı "sinədən" ifa edir, əsərin notu-filanı yox idi.

Vals sonradan nota köçürülür. Bunu həmin ev konsertində iştirak etmiş bəstəkarlar - Taneyev və Qoldenveyzer edirlər. Onların ayrı-ayrılıqda - öz yadlarında qalan formada gördüyü bu işin nəticəsi demək olar ki, tam üst-üstə düşür.

Çox vaxt Tolstoy royal çala-çala öz bədii əsərlərinin qəhrəmanlarının taleyi haqda düşüncələrə dalardı.

"Budur, zaldan həzin akkordların səsi gəlir", - yazıçının oğlu Lev Lvoviç xatırlayırdı. - "bu atamdır. Yenə fortepioano arxasına keçərək sabah üçün öz romanı ilə bağlı nəyisə fikrində götür-qoy edir".

"Kultura" kanalı (Rusiya)
XS
SM
MD
LG