Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:55

Orhan Pamuku Fransada Victor Hugo-ya bənzətdilər


-
Nobel ödüllü tanınmış yazıçı Orhan Pamuka Parisdə Fransanın «Legion D'honneur» ordeni verilib.

Türkiyə mediasının verdiyi xəbərə görə, Parisdə Fransa Mədəniyyət Nazirliyində düzənlənən təqdimat mərasimində ölkənin Mədəniyyət və Rabitə naziri Aurelie Filippetti yazıçının əsərlərindən və şəxsiyyətindən ağızdolusu söz açıb.

Fransız nazir Orhan Pamukun əsərlərinin bir çox dillərə tərcümə edildiyini və milyonlarca oxucusu olduğunu söyləyib.

Nazir Pamukun ən çox İstanbul mövzulu əsərlərindən təsirləndiyini də əlavə edib və elə bu üzdən onu fransız yazıçısı Victor Hugo-ya, İstanbul barədə yazdıqlarını isə məşhur «Səfillər » romanına bənzədib.

Nazir Filippetti hətta zarafat da edib: «Bu baxımdan, (Hugo-ya bənzəməkdən -S.İ.) bizə olduqca tanış gəlirsiniz…».

Pamuk ordeni alarkən özünü «ailəsində fransız dili bilməyən və danışmayan yeganə adam» adlandırıb.

Yazıçı buna baxmayaraq, ömrü boyu ən çox fransız romanı oxuduğunu, fransız rəsm əsərlərinə baxdığını da bildirib.

Fransanın «Legion D'honneur» ordeni
Fransanın «Legion D'honneur» ordeni
O, «anama qulaq asıb küçədə futbol oynamaq yerinə fransızca dərs alsaydım, mən də indi ailəm kimi bu dildə danışardım» deyə təəssüflənib.

Pamuk Fransa-Türkiyə əlaqələrindən də danışıb və «Osmanlı-Türk siyasi qərbləşməsinin modeli Fransa olub»--fikrini ifadə edib.

Yazıçı kitablarının 61 dilə çevrildiyini, ilk tərcüməsinin 30 yaşındaykən bir fransız nəşriyyat tərəfindən nəşr olunduğunu söyləyib.

Pamuk mükafatı alandan sonra jurnalistlərə «Legion D'honneur» ordenini almaqdan xoşbəxtlik duyduğunu, bu mükafatın özü və Türkiyə üçün çox önəmli olduğunu da deyib.

Tanınmış yazıçı 38 ildir roman yazdığını və ordeni bu fəaliyyətin nəticəsi kimi qəbul etdiyini açıqlayıb.

Orhan Pamuk ordeni almazdan bir az öncə fransızcaya çevrilən və «Gallimard» nəşriyyatı tərəfindən çap edilən «Şeylerin Masumiyeti» adlı romanını –şəkillərlə birgə Parisdə tanıtmışdı.

Tanıtma mərasimi Luvr Muzeyinin konfrans zalında gerçəkləşmişdi.
XS
SM
MD
LG