Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:01

İlqar Məmmədov və Tofiq Yaqubluya 2 ay həbs verildi [Video]


İlqar Məmmədov və Tofiq Yaqubluya ittiham irəli sürülüb
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

İlqar Məmmədov və Tofiq Yaqubluya ittiham irəli sürülüb

-
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, İsmayıllı hadisələri ilə əlaqədar daha 4 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Bunlar Tofiq Yaqublu ilə İlqar Məmmədovdan başqa, İsmayıllı rayon sakinləri Mirkazım AbdullayevElşən İsmayıllıdır.

Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

Günahları sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək həbs gözləyir.

2 AYLIQ HƏBS

İlqar Məmmədov haqqında da 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib.

«Tamamilə qanunsuz, heç bir hüquqi əsası olmayan bir qərardır. İnsan Hüquqları və Əsas Azadlıqları Müdafiəsi haqda Konvensiyanın, eləcə də Azərbaycan qanunvericiliyinə zidd bir qərardır. Tamamilə siyasi sifarişlə verilən, siyasi məzmunu olan bir fəaliyyətin nəticəsidir».

***
Nəsimi rayon Məhkəməsi Müsavat başqanın müavini Tofiq Yaqublu barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Bu haqda vəkil Akif Əlizadə məlumat verib.

«İTTİHAMIN HÜQUQİ ƏSASI YOXDUR»

İlqar Məmmədova Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Vəkil Fuad Ağayev AzadlıqRadiosunun «İşdən sonra» proqramına belə deyib:

«Onu ictimai qaydanı pozan qrup hərəkətləri təşkil etməkdə təqsirli bilirlər. İndi onu Nəsimi rayon Məhkəməsinə aparırlar, haqqında həbs-qətimkan tədbiri seçilməlidir».

Fuad Ağayev İlqar Məmmədovun bu ittihamı rədd etdiyini bildirib:

«30 illik təcrübəsi olan hüquqşünas kimi deyirəm ki, bu ittihamın hüquqi əsası yoxdur».

Tofiq Yaqublu
Tofiq Yaqublu
«ONU TƏŞKİLATÇILIQDA GÜNAHLANDIRMAQ AĞLASIĞMAZ İŞDİR»

Tofiq Yaqubluya Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Nemət Kərimli deyib.

O bildirir ki, artıq Tofiq Yaqublu haqqında iki ay həbs-qətimkan tədbiri seçilməsi üçün təqdimat var. Bir azdan o, bununla bağlı məhkəməyə aparılmalıdır.

«Bu, biabırçılıqdır. Tofiq Yaqublunun həbsi hökumətin sifarişidir. Tofiq Yaqublu İsmayıllı hadisələrindən az sonra qəzetdən rayona ezam olunub. Onu təşkilatçılıqda günahlandırmaq ağlasığmaz işdir», deyə vəkil bildirir.

Respublika Prokurorluğundan isə bildiriblər ki, yaxın saatlarda bu haqda məlumat yayacaqlar.

İLQAR MƏMMƏDOV VƏ TOFİQ YAQUBLUYA QARŞI İTTİHAM İRƏLİ SÜRÜLÜB

Fevralın 4-də Real Alternativ (REAL) Hərəkatının sədri İlqar Məmmədova qarşı ittiham irəli sürülüb.

Bu haqda onun vəkili Fuad Ağayev AzadlıqRadiosuna deyib:

«Bu gün mənə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən müstəntiq zəng vurdu ki, İlqar Məmmədova qarşı ittiham irəli sürüləcək. O istəyir ki, hüquqlarını siz müdafiə edəsiniz. Mən də artıq həmin idarəyə yaxınlaşmaqdayam».

Tofiq Yaqublu İsmayıllıda saxlanılan zaman

Tofiq Yaqublu İsmayıllıda saxlanılan zaman

İlqar Məmmədov nədə ittiham olunur? Vəkil deyir ki, o bu haqda hələlik heç nə deyə bilməz:

«Ancaq ehtimal etmək olar ki, İlqar Məmmədov İsmayıllı hadisələrinə görə ittiham edilə bilər. Çünki ötən həftə Respublika Prokurorluğu ilə Daxili İşlər Nazirliyinin birgə bəyanatında İlqar Məmmədovun da adı çəkilirdi. Təxmin edə bilərik ki, söhbət nədən gedəcək».

Fevralın 4-də Müsavat başqanının müavini Tofiq Yaqublu da Respublika Prokurorluğuna çağırılıb. Onun telefonuna zəng çatmır. Ailə üzvlərinin verdiyi məlumata görə, ona qarşı ittiham irəli sürülüb və Nəsimi rayon Məhkəməsinə aparırlar. Ancaq onlar bu haqda yetərli məlumata malik deyillər.

Ötən həftə DİN ilə Respublika Prokurorluğunun birgə məlumatında deyilirdi:

«Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər. Onların ölkədə vəziyyətin gərginləşdirilməsinə hesablanmış bu qanunazidd əməlləri istintaq yolu ilə tam və hərtərəfli araşdırılaraq hüquqi qiymətini alacaq».

Bu il yanvarın 23-də İsmayıllıda etirazlar olub. Həbs olunanlar var. Etirazçılar icra başçısının istefasını və həbs olunanların azad edilməsini tələb edirdilər.
XS
SM
MD
LG