Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:42

Udan da, uduzan da ədəbiyyatımızdı


Eyvaz Zeynalov
Eyvaz Zeynalov
-

Eyvaz Zeynalov


UDAN DA, UDUZAN DA ƏDƏBİYYATIMIZDI

Martın 1-də MKM-nin uzun siyahısı açıqlandı və həmişə olduğu kimi elə o saat da dedi-qodu, qar-qur başlandı.

Siyahı açıqlanan tədbirə dəvət almasam, qatılmasam da orda səslənən bəzi fikirlərdən halıyam, qulağıma çatıb.

Eşitdiyimə görə bəziləri siyahıda cavanlara az yer ayrılmasından narazı qalıb. Halbuki iyirmilikdəkilərin yarısından çoxu cavanlardı, siyahı göz qabağındadı.

Başa düşə bilmirəm, bu müsabiqələrin məqsədi yazarları seçməkdi, yoxsa onların yazdığı əsərləri?

Müsabiqələrə bu cür obıvatelcəsinə yanaşma hardan, nədəndi bizim ədəbi mühitdə?

Hansı ölkədə bu cür ədəbi müsabiqə keçirilir? Eşidiblərmi, hardasa müsabiqəyə təqdim edilən əsərləri bir kənara qoysunlar, onları yazanları cavan, yaxud yaşlı olmalarına görə seçsinlər? Gülünc yanaşmadı! Biabırçılıq məhz belə şeyləri dilə gətirməkdi! Müsabiqələrdə əsər seçilməlidi, onların müəllifləri yox! Həm də mümkün qədər anonimlik qorunmalıdı! Babalı təşkilatçıların boynuna!

Kulis.az-da cavanlardan Cavid Zeynallının da fikirləri ilə tanış oldum. MKM-nin iyirmilik siyahısını insafı, vicdanı unudaraq biabırçı siyahı adlandırır. Nədi-nədi adı siyahıya düşməyib. Demək, düşsəydi, ədalətli siyahı olacaqdı. Məntiqə bir bax!

Daha sonra, bu adam adları siyahıya düşən E. Zeynalovu, A. Məmmədovu, A. Qaradərəlini qeyri-ciddi yazıçı sayırmış, yaradıcılıqlarına bələd imiş.

Hardan, haçan oxuyub? Axı onun kimilər yaşlı nəsli oxumurlar. Bir-iki cızma-qara ortaya qoyan kimi iddiaları yerə-göyə sığmır, nəinki bizi, heç kimi bəyənmirlər.

Düzü, mən C. Zeynallını yazıçı kimi yox, köşə yazarı, sayt yazarı kimi tanıyıram.

Görünür, münsiflər də onu elə bu cür tanıyırlar, başqa sözlə, qeyri-ciddi yazıçı kimi də tanımırlar.

Saytları dolduran bəzi özündənrazı, həddən artıq iddialı cavanların qabındakılara özüm sayt işlədəndən (shahbulaq.az) sonra daha yaxşı bələd olmuşam. Nəinki yazılarının, cümlələrinin belə başı ilə ayağı bilinmir.

A. Məmmədovu deyə bilmərəm, ancaq A. Qaradərəlinin yaradıcılığı ilə yaxşı tanışam. C. Zeynallının A. Qaradərəli olmağına hələ çox var. Tanışlıq, dostluqla üzə çıxanlar, ortada olanlar həmişə başqalarını da özləri kimi görürlər. Amma nahaq!

C. Zeynallı bir budaqda oturub neçə budağı silkələyərək iddia edir ki, adı siyahıya düşənlər münsiflərin yaxınlarıdı. Onlar hər nə qədər mənə yaxın olsalar, məni tanısalar da inanmıram onun qədər məni tanısınlar. Yazımı oxuyanda özləri də daxilən bunu etiraf edəcəklər.

Bu saat Cavid kimi gənclər daha mütəhərrikdilər, ortalıqlarda daha artıq dolaşır, tanınırlar. Mən birdən-ikiyə nə elə bir kitab təqdimatı keçirmişəm, yazarları bir yerə toplamışam, nə də yığıncaqlarda iştirak etmişəm. Yazarların da, tənqidçilərin də çoxunun yalnız imzası ilə tanışam. Münsiflərdən yenə Z. Əzəmətlə bir balaca yaxın tanışlığım var, o da saytı ilə əlaqədardı. O birilərini müəyyən ədəbi yığıncaqlarda bir-iki dəfə kənardan-kənara görmüşəm, olsa-olsa qarşılaşanda “salamməleyk” eləmişik. Bu neçə ildə müsabiqələrdə münsif olanların bircə nəfəri belə arxamca da olsa deyə bilməz ki, haçansa onlardan üzgörənlik və s. xahiş etmişəm.

2010-cu ildə Azadlıq radiosu ilk ədəbi müsabiqə təşkil etmişdi. Orda mənim “Əli metroda işləyir” hekayəm birinci yeri tutmuşdu. Nə münsiflərdən hansısa məni tanıyırdı, yəni üzbəsurət görmüşdü, nə də mən onlardan hansınısa. Mükafatı təqdim edəndə elə orda, camaatın içində özləri də etiraf etdi ki, məni cavan yazıçı güman ediblər. Yəni mən gündə ora-bura baş vuran, tanışlıqlar quran adamlardan deyiləm. Necə deyərlər, bu yaşıma da yaraşmaz, başıma da. MKM-də yaxşı əlaqələrim, tanışlıqlarım olsaydı, məni də yada salar, tədbirə çağırardılar. Amma yəqin ki, Cavidi dəvət ediblər.

Adam gərək haqqını tələb edəndə insafı, vicdanı unutmasın, ona-buna daş atmasın, qara yaxmasın, bir budaqda oturub neçə budağı silkələməsin. İnsan haqq, ədaləti cavanlıqdan qulağında sırğa eləməlidi. Doğrudan da, haqsızlığa məruz qalmısansa, yazdığın nəyəsə layiqdisə, onun davasını apar, həm də kimlə lazımdı, onunla. Nala, mıxa döymək, könül bulandırmaq yaxşı əlamət, yaxşı vərdiş deyil.

Nə zamana qədər bərkə düşəndə, kimsə ayranınıza turş deyəndə insafı-mürvəti unudaraq cəhənnəmə gedən yar-yoldaşını çox arzulayan kimi başqasının bostanını daşlayacaqsınız? Vallah, billah, qulağınızda qalacaq, özünüz də yaşlaşacaqsınız və əkdiyinizi biçmək zamanı çatanda peşiman olacaqsınız. Daldan atılan daş da topuğa dəyir tərslikdən.

Sonda, çox istərdim ki, iyirmiliyə düşən əsərləri onlara qiymət verəcək münsiflərin hamısı oxuyaydı, insafla, vicdanla onluğu seçəydilər. Növbəti mərhələ üçün çox az vaxt ayrılıb. Bu məndə böyük şübhə doğurur. Bir də, sonrakı mərhələdə iyirmilikdəki əsərləri qiymətləndirəcək münsiflərin adları məndə heç nikbinlik hissi oyatmadı.

Qısa müddətdə onların bizim əsərlərimizi oxuyacaqlarına qəti inamım yoxdu. Çünki onlarda hardadı bizim əsərlərimizə sərf etməyə qıyacaqları boş vaxt! Onlar olsa-olsa əvvəlkilərlə məsləhətləşməyə və bir də tərəfkeşliklə məşğul olmağa vaxt tapacaqlar.

Kaş zənnim məni aldadaydı! Oxumamaqları bir yana, heç olmasa insaflarını unutmayaydılar, vicdanlarına xəyanət etməyəydilər. Doğrudan da, ədəbiyyatsevərdilərsə, bircə şeyi unutmayaydılar: udan da, uduzan da ədəbiyyatımızdı!


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Fərqli mövqeli yazıları da çap etməyə hazırıq. Bura yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az
XS
SM
MD
LG