Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:22

Gəncədə sahibsiz itləri güllələyirlər...


Firudin Sadıqov
Firudin Sadıqov
-
«Məni 2 dəfə it tutub. Yenə də istəmirəm itlərin öldürülməyini, ürəyim ağrıyır».

Bunu heyvan sevər Nəcibə Hüseynova deyir.

Gəncədə isə gün ərzində onlarla sahibsiz it öldürülür.

«GÜNDƏ 12-13 İT VURURAM»

Gəncə şəhər Təmizlik İdarəsinin əməkdaşı Firudin Sadıqov indiyədək öldürdüyü itlərin sayını yadından çıxarıb:

«Əsas gecə saat 3-4 radələrində çıxıram, iti vururam. Camaatın az olan vaxtı. Götürülür, səhər saat 9-da aktlaşdırılır, sayılır ki, nə qədər it vurulub. Gündə 12-13 it vururam. Ay ərzində 300-380 it vururam. Yaxın rayonlarda - Göygöldə, Samuxda it vuran yoxdur deyə, axın olur. Əsasən it ildə 2 dəfə balalayır, hər dəfəsində də 6-7 dənə balalayır. Bir az azaltmışıq. Ziyanvericidir də, xəstəlik yayır».

«MƏN HEYVANLARLA NƏFƏS ALIRAM»

8 ildir ki, «Pudi» cinsində olan itə sahiblik edən heyvansevər Nəcibə Hüseynova isə küçələrdə itlərin vurulmasını dəhşətlə izlədiyini deyir. İtlərin çox sədaqətli heyvan olduğunu vurğulayır. İtinin qıvırcıq tüklərinə sığal verərək əlavə edir ki, onların belə əzabla öldürülməsi yolverilməzdir. Heyvan sevər qadın deyir ki, bu canlıların amansızlıqla öldürülməsinə laqeyd yanaşmaq olmaz.
Nəcibə Hüseynova
Nəcibə Hüseynova

- Mən heyvanları xoşlayıram. Özümə öyrəşdirmişəm, bununla nəfəs alıram.

- Özünüzlə aparırsınız harasa gedəndə?

- Hə, aparıram. Bacımgilə gedəndə. Məni 2 dəfə it tutub. Yenə də istəmirəm itlərin öldürülməyini, ürəyim ağrıyır.

Nəcibə Hüseynova küçə itlərinin quduzluq xəstəliyi yaymasından da narahatlığını bildirir. Təklif edir ki, itlərin zərərsizləşdirilməsi üçün başqa metod və proqramlar hazırlanmalıdır.

Gəncənin Zibil poliqonu sahibsiz itlərin yem, Firudin Sadıqovun isə ov məkanına çevrilib. Ov tüfəngindən demək olar ki, boşa keçən güllə yoxdur. Hər atışında hədəfə vurur. Gülləyə tuş gələn, ağrı-əzabdan zingildəyərək o tərəf bu tərəfə qaçışan heyvanlar yerə sərilir. Qısa müddət ərzində zibilliklərin arasından onlarla it leşləri görünür.

Öldürülən itlər akta salınır, daha sonra xüsusi yerlərdə basdırılır
Öldürülən itlər akta salınır, daha sonra xüsusi yerlərdə basdırılır
«ONLARI ŞƏHƏR ZİBİLXANAMIZDA AKTLAŞDIRANDAN SONRA BASDIRIRIQ»

Şəhər Təmizlik İdarəsinin baş mühəndisi Eldəniz Yusubov deyir ki, hər bir ölən it akta salınır, daha sonra xüsusi yerlərdə basdırılır:

«Onları şəhər zibilxanamızda aktlaşdırandan sonra basdırırıq. Bizdə elə bir yer, şöbə yoxdur ki, itləri yığıb saxlayalar və ya iynə ilə öldürələr».

İtlərin sayının azaldılmasına, aktlaşdırılmasına birbaşa Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edir. Mərkəzin direktor müavini Hürriyyət İsmayılova quduzluq xəstəliyinin yayılmasının qarşısını almaq üçün itlərin öldürüldüyünü deyir. Ancaq təəssüflənir ki, Azərbaycanda itlərin zərərsizləşdirilməsinin yeganə yolu onların öldürülməsidir. Direktor müavini xarici ölkələrdə itlərin zərərsizləşdirilməsi təcrübəsindən danışır:
Rusiyada sahibsiz itlər üçün sığınacaq
Rusiyada sahibsiz itlər üçün sığınacaq

«Hələlik zərərsizləşdirmə metodu belədir. Ancaq xarici ölkələrdə onları saxlayırlar, xüsusi sahibkarlar onları tuturlar. Xüsusi məntəqələri olur. Ancaq bizdə bu, mümkün deyil. Bununla məşğul olan idarə yoxdur. Vəsait lazımdır, müəssisə qurulmalıdır».

«YENİ QANUNA EHTİYAC VAR»

«Sahibsiz Heyvanlara Qayğı» İctimai Birliyinin sədri Leyla Axundovanın deməsinə görə, sahibsiz itlər analiz edilmədən, onun xəstə olub-olmaması müəyyənləşmədən öldürülür. Deyir ki, itlərin öldürülməməsi ilə bağlı qanun layihəsi hazırlayıb Milli Məclisə təklif veriblər:

«Hazırda Milli Məclisə yeni qanun təklifi vermişik ki, itləri vurmasınlar, axtalasınlar və sığınacaqlar tikilsin. Bütün dünyada Avropada, Türkiyədə də bu mövcuddur. Axtalanır və sığınacaqlara toplanır. Strelizasiya edilir».

Leyla Axundova deyir ki, strelizasiya edilən heyvanlarda təbii artım baş vermir və onların saxlanılması mümkün olur.

Statistikaya görə, bu ilin təkcə 2 ayı ərzində isə Gəncədə 870 sahibsiz it öldürülüb.
XS
SM
MD
LG