Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:15

Mübariz Qurbanlı: «Hakimiyyət Milli Şuranın yaradılmasından qətiyyən narahat deyil»


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
-

«Müxalifətin hansı ad altında birləşməsinin Azərbaycan hakimiyyəti üçün heç bir əhəmiyyəti yoxdur». Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Milli Şuranın yaradılmasına münasibət bildirərkən deyib:

«Hansı ad altında istəyirlərsə birləşsinlər. Bu, bizi narahat etmir. Sadəcə bu adın seçilməsi və bu adın xüsusilə tarixdə olan Milli Şura kimi təqdim edilməsi yolverilməzdir və qətiyyən anlaşılan deyil».

Mübariz Qurbanlı daha sonra söyləyib: «Bizim üçün əhəmiyyəti yoxdur ki, müxalifət bunun adını «milli şura» qoyacaq, «milli birlik» qoyacaq, «milli hərəkat» qoyacaq, çünki ötən illər ərzində müxalifətin onlarca ad altında birlik yaratdığını, dəbdəbəli ad altında birləşdiyini, guya bu ad altında hansısa uğur qazanacağı barədə cəmiyyətə mesajlar verdiyini görmüşük və eşitmişik. Hardadır «Demkonqres», hardadır «demokratik qüvvələr birliyi», hardadır digər o böyük adlar altında birliklərini nümayiş etdirdikləri qurumlar? Yoxdur, olmayacaq. Hamısı müvəqqətidir. Bir az mətbuatda görünəcək, sonra isə tamamilə iflasa uğrayacaqlar».

YAP-çı deputatın sözlərinə görə, müxalifətdə olanlar hələ də dərk edə bilmirlər ki, uğursuzluqlarının səbəbi xalqın böyük əksəriyyətinin prezident İlham Əliyevə dəstək verməsidir:

«MİLLİ ŞURANIN ADI ALTINDA TARİXİ İSTİSMAR ETMƏK HEÇ BIR NƏTİCƏ VERMƏYƏCƏK»

«Çox cüzi azlıq indiki şəraitdə «müxalifət» deyilən dairələrin ətrafındadır və bu cüzi azlığın özünün də içərisində müxtəlif maraqlar var. Milli Şura adı altında toplaşanlar həmin o müxalifətin zamanında yaratdığı müxtəlif qurumların nümayəndələri olacaqlar və bu adamların bir araya gəlməsi Azərbaycanın ictimai-siyasi həyatına heç bir təsir göstərməyəcək. Bu adı xüsusi istismar etmələri də onlara divident gətirməyəcək. Yəni tarixdə olmuş Milli Şuranın adı altında tarixi istismar etmək, tarixi adı istismar etmək heç bir nəticə verməyəcək».

Mübariz Qurbanlının sözlərinə görə, bütün bunları nəzərə alaraq, hakimiyyət Milli Şuranın yaradılmasından qətiyyən narahat deyil: «Biz narahat deyilik, bizim gələcəklə bağlı, bütövlükdə seçkilərlə bağlı, ictimai-siyasi proseslərlə bağlı, ictimai rəylə bağlı apardığımız araşdırmalar nəticəsində əlimizdə kifayət qədər dəlillər, sübutlar, əsaslar var və biz bilirik ki, həmin Milli Şura deyilən qurum elan olunduqdan sonra da onun hansısa bir formada cəmiyyətə təsiri olmayacaq. Hətta müxalifətdə olan bütün şəxslərin adlarını ora yazsalar belə, bu, nəyisə dəyişməyəcək».

Milli Şuranın yaradılması təşəbbüsü ilə Ziyalılar Forumunun rəhbəri, yazıçı, ssenarist Rüstəm İbrahimbəyov çıxış edib. Bu qurumun yaradılmasında məqsəd prezident seçkiləri öncəsi hakimiyyətə müxalifətdə olan siyasi gücləri bir araya gətirmək və onların arasından vahid namizədi müəyyən etməkdir.

Milli Şuranın yaradılacağına şübhəylə, inamsız yanaşanlar da var.

Bir neçə aydır çəkən müzakirələrdən sonra Milli Şuranın mayın 28-də elan olunacağı gözlənir.

Azərbaycanın ilk Milli Şurası 1918-ci ilin mayın 27-dən iyunun 17-nə və noyabrın 16-dan dekabrın 7-dək fəaliyyət göstərib. Parlament işə başladıqdan sonra onun işinə xitam verilib.Sayca ikinci Milli Şura 1991-ci ildə Azərbaycan Ali Sovetinin nəzdində yaradılıb. 50 nəfərlik bu Şura yarıbayarı kommunist və demokratlardan formalaşdırılmışdı. 180 gün fəaliyyət göstərən Şura 1992-ci il mayın 18-dən Milli Məclis adlandırılıb.
XS
SM
MD
LG