Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

İnternetdə qarayaxma: «Cəza olsun, həbs olmasın»


Əli Novruzov
Əli Novruzov
-
«Bu Əhməd necə axmaq adamdır» – təsəvvür edin öz «Facebook» hesabınızda belə bir status yazmısınız. Bu statusdan sonra Əhməd məhkəməyə müraciət edə bilər və yazmış olduğunuz bu statusa görə, 3 ilədək həbs oluna bilərsiniz.

İyunun 3-də Azərbaycan prezidenti internetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan və parlamentin qəbul etdiyi qanun dəyişikliyini imzalayaraq onu təsdiqləyib. Bu dəyişikliklərdən sonra internetdə təhqir və böhtana görə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə cinayət işi açmaqla həmin şəxsləri 3 ilədək həbs cəzası gözləyə bilər.

«QONAQ OTAĞIMIZDA ETDİYİMİZ SÖHBƏTƏ GÖRƏ HƏBS»

Bloqqer Əli Novruzov qanunvericiliyə edilən son dəyişikliyi belə anlayır:

«Mən bunu qonaq otağımızda dostlarımızla birgə söhbətin cinayət məsuliyyəti yarada bilməsinə oxşadıram. Məndə belə bir bənzərlik görürəm».

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Diffamasiya haqqında qanunvericilik perspektivləri» mövzusunda keçirilən konfransda Azərbaycan cəmiyyətinin əxlaq normalarına əməl etməli olduğunu vurğulamışdı:

«Biz Azərbaycan cəmiyyətində «bespredel» (hərc-mərclik – N.F.) yaradacaq heç bir prinsipin üstündə durmayacağıq. Bu, kimin tələbi olursa-olsun. İnternet indiyə qədər sahibsiz pişik kimi istənilən barını aşırdı, istənilən həyətə girirdi, heç kim də onun qarşısına çıxa bilməzdi. Niyə? Necə olur, 10 min oxucusu olan hansısa bir qəzetdə yazılan yazıya görə jurnalist məsuliyyət daşıyır, amma internetdə 3 milyon, 10 milyon insanın oxuduğu informasiyaya görə heç kim məsuliyyət daşımır? Bu, ola bilməz, «bespredel»dir doğrudan da».

Erkin Qədirli
Erkin Qədirli
«QANUNVERİCİLİKDƏN SİYASİ MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏ OLUNUR»

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu internetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliyin qüvvəyə minməsini pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, böhtan və təhqirə görə cəza tətbiqi prezident seçkiləri ilində fəalları qorxutmaq məqsədi güdür. Hesabatda özəlliklə bu vurğulanır ki, qanunlara dəyişikliyin kökündə Azərbaycanda tənqidi fikirlərin qarşısını almaq məqsədi dayanır.

Elə hüquqşünas Erkin Qədirli də belə düşünür ki, internetdə təhqir və böhtana görə cinayət məsuliyyəti yaratmanın kökündə siyasi iradə dayanır. Onun fikrincə, iqtidar seçkilər öncəsində insanları susdurmaq üçün ardıcıl tədbirlər görür. Erkin Qədirli bu tədbirlərə gənclərin həbsini, razılaşdırılmamış etiraz aksiyalarında iştiraka görə inzibati həbs müddətlərinin uzadılmasını, cərimələrin artırılmasını, eləcə də internetdə böhtan və təhqirə görə cinayət məsuliyyətinin yaradılmasını misal çəkir:

«Yeni qanuna guya düzəliş ediblər. Amma buna heç ehtiyac yox idi. Axı əvvəlki qanunvericilikdə bu məsələlər də əhatə edilirdi. Hüququn öz ehtiyaclarından doğmurdu bu düzəliş. Təhqir və böhtan bəhanəsi ilə təbii ki, tənqidi ifadələri boğmaq istəyirlər, özünü azad ifadəni məhdudlaşdırmaq, sıxışdırmaq istəyirlər. Qanuna dəyişikliyin ümumi fonu, siyasi konteksti budur. Hüquqşünas kimi mən təəssüflənirəm ki, qanunvericilikdən belə siyasi məqsədləri üçün yararlanırlar».

«BEYNƏLXALQ TƏŞKİLATLAR BU MƏSƏLƏDƏ HƏSSAS OLMALIDIR»

Əli Hüseynli
Əli Hüseynli
İnternetdəki böhtan və təhqirə görə 3 ilədək həbs cəzasının gözlənilməsindən sonra Azərbaycan Qismən Azad İnterneti olan ölkədən Qismən Qeyri-Azad İnterneti olan ölkələr sırasına daxil olub.

Bir çox media, eləcə də insan haqları üzrə yerli və beynəlxalq təşkilatlar prezident İlham Əliyevə bu qanunları təsdiqləməməyə çağırmışdı.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic Milli Məclisin qanun dəyişikliklərinin ATƏT-in tövsiyələrinə uzlaşmadığını vurğulayıb. ATƏT rəsmisi də prezident İlham Əliyevdən qanun dəyişikliyini təsdiq etməməsini istəmişdi.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynli beynəlxalq təşkilatları bu çağırışlarında ehtiyatlı davranmalarını bildirmiş və qanun dəyişikliyinin Azərbaycanda söz və ifadə azadlığını məhdudlaşdıracağına dair fikirlərlə razılaşmamışdı:

«Bu cür həssas məsələlərdə gərək beynəlxalq tərəfdaşlarımız da ehtiyatlı davransınlar. Çünki o verilmiş bəyanatlar, hesab edirəm ki, Azərbaycan dövlətinin imicinə əsassız və xoşagəlməz elementlər gətirə bilər. Axı bu məcəlləyə dəyişiklik heç bir halda sərtliyi nəzərdə tutmur. Söhbət ancaq dispozisiyada dəqiqləşdirmədən gedir».

«TƏHQİR VƏ BÖHTAN OLMAZ. AMMA TƏHQİR VƏ BÖHTANA GÖRƏ HƏBS DƏ OLMAZ»

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, burada mübahisə mövzusu internetdə kiminsə təhqir və ya böhtan yazıb-yazmaması məsələsi deyil. Burada əsas mübahisə mövzusu təhqir və böhtana görə həbs cəzasının verilməsidir:
Rəşid Hacılı
Rəşid Hacılı

«Bütün hallarda qanuna yeni dəyişikliklərin tezliklə tətbiqinə başlanacaq. Təhqir və böhtan varsa, bundan öncəki qanunvericiliyə əsasən də bunun qarşısını almaq olardı. Bura internet sözünü də əlavə etmənin kökündə insanların gözünü qorxutmaq dayanır. Hakimiyyətin əsas arqumenti təhqir və böhtana yol verilib-verilməməsi məsələsidir. Amma biz bunun mübahisəsini etmirik. Burada mübahisə mövzusu təhqir və böhtana görə həbs cəzasının nəzərdə tutulmasıdır. Bütün dünyada KİV-də gedən təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması ilə bağlı müzakirələr getdiyi vaxtda, Azərbaycanda interneti də buraya daxil edirlər. Üzərilərinə götürdükləri öhdəliklərin, verdikləri bəyanatların əksinə olaraq bildirirlər ki, internetdə yazılanlara görə də onları tutub cinayət məsuliyyətinə cəlb edəcəyik».

Rəşid Hacılı Azərbaycan hökumətinin internetdə təhqir və böhtana görə həbs cəzası müəyyənləşdirən qanun dəyişikliyini geriyə doğru daha bir addım kimi dəyərləndirir.
XS
SM
MD
LG