Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:53

Prezident müxalifəti xaricə işləməkdə günahlandırır


İlham Əliyev YAP-ın qurultayında, 7 iyun 2013
İlham Əliyev YAP-ın qurultayında, 7 iyun 2013
-
«Naftalin qoxusu verən köhnəlmiş «liderlər» tarixin arxivinə getməlidir».

Bu sözləri prezident İlham Əliyev iyunun 7-də Yeni Azərbaycan Partiyasının 5-ci qurultayındakı çıxışı zamanı deyib:

«Çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. İqtidar-müxalifət münasibətləri də olmalıdır. Yəni, bizdə dövləti düşünən müxalifət nümayəndələri vardır və onların fikirləri ayrıdır, ölkənin inkişaf strategiyası, iqtisadi-siyasi sahə ilə bağlı öz fikirləri ola bilər. Bu, təbiidir. Ancaq əsas odur ki, dövlətçiliyə, müstəqilliyə bütün siyasi qüvvələr sadiq olsunlar. O qüvvələr ki, buna sadiq deyil, o qurumlarda yeniləşmə getməlidir. Yeni insanlar gəlməlidir rəhbərliyə və naftalin qoxusu verən köhnəlmiş «liderlər» tarixin arxivinə getməlidir. Əslində, onlar çoxdan tarixin arxivindədir, sadəcə olaraq, bunu hələ ki, axıra qədər dərk etməmişlər».

«QARABAĞI DA ERMƏNİLƏRƏ BAĞIŞLAMAĞA HAZIRDIRLAR»

İlham Əliyev deyib ki, onlara rəqib olmaq istəyənlər xarici dairələrin təlimatı ilə işləyirlər:

«Onlar üçün xaricdən verilən vəsait, ordan verilən təlimatlar əsasdır. Onlar hakimiyyətə gəlmək üçün istənilən güzəştə getməyə hazırdırlar. Biz bunu bilirik. Biz bilirik Azərbaycanda nələr baş verir, hansı proseslər gedir. Hətta bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də hakimiyyətə gəlmək üçün böyük güzəştlərə getməyə hazırdırlar. Bunu gizlətmirlər. Söz verirlər ki, əgər onlara böyük dəstək verilərsə, Qarabağı da ermənilərə bağışlamağa hazırdırlar.

Mən bunu ona görə deyirəm ki, bu, artıq, necə deyərlər, siyasi səhnədə bir reallıqdır. Ona görə yox ki, bu, bizi narahat edir. Tamamilə yox. Yenə də deyirəm, mən bizim qarşımızda rəqabət aparmaq qabiliyyətində olan heç bir qüvvə görmürəm. Ona görə ki, bax son illər ərzində görülmüş işlər bu inamı artırır».

«BİZ SEÇKİLƏRƏ DƏ UĞURLA GEDƏCƏYİK»

Prezident payızda keçiriləcək seçkiyə də münasibət bildirib:

«Biz seçkilərə də uğurla gedəcəyik. Çünki bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır. Ölkə qarşısında duran vəzifələr də məhz Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla icra edilə bilər. Bu vəzifələrin arasında əlbəttə ki, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır. Bizim mövqeyimiz prinsipialdır. Mən bunu dəfələrlə bəyan etmişəm. Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz».

YAP-ın qurultayı
YAP-ın qurultayı
«YALNIZ BİZİM İQTİDAR BUNU TƏMİN EDƏ BİLƏR»

İlham Əliyevin fikrincə, Azərbaycanın ərazi bütövlüyünü yalnız YAP bərpa etmək iqtidarındadır:

«Mən tam əminəm, məhz buna görə və digər tərəfdən, artan gücümüz də bunu diktə edir ki, biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik. Sadəcə olaraq buna vaxt və güclü siyasət lazımdır. Güzəştsiz, kompromissiz, milli maraqlara söykənmiş siyasət ki, bu gün bizim iqtidar və yalnız bizim iqtidar bunu təmin edə bilər. Yalnız bizim iqtidar bütün təzyiqlərə, təhdidlərə, təxribatlara dözə bilər. Bizə qarşı aparılan kampaniyanın təməlində bir çox hallarda məhz bu münaqişə dayanır: Azərbaycanı zəiflətmək, ləkələmək, imicinə zərbə vurmaq ki, Qarabağ məsələsində bizdən güzəştlər qoparsınlar. Bu, keçməyəcək. Çünki bizim işimiz haqq işidir və xalq da bizim siyasətimizi dəstəkləyir».

«DEMOKRATİYANIN İNKİŞAFI BİZİM ÜÇÜN ƏSAS VƏZİFƏDİR»

Daxili siyasətə toxunan İlham Əliyev Azərbaycanda söz, vicdan, din və sərbəst toplaşma azadlığının mövcud olduğunu deyib:

«...Deməliyəm ki, biz bundan sonra da Azərbaycanda demokratiyanı inkişaf etdirəcəyik. Söz azadlığı, vicdan azadlığı, din azadlığı, sərbəst toplaşma azadlığı-bütün bu azadlıqlar mövcuddur. Azərbaycanda azad internet fəaliyyət göstərir, heç bir məhdudiyyət qoyulmur. Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geridə qalmır. Bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün də örnək ola bilər və olmalıdır».
XS
SM
MD
LG