Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:59

Lənkəranda hicablı çempion qızların həyatı...


Yeganə Aslanova
Yeganə Aslanova
-
Lənkəran şəhərinin küçə və meydanlarında hər addımda hicablı qızlara rast gəlirsən. Məscidlərdə ibadət edən yeniyetmə qızların sayı da çoxdur. Ancaq burada idmana maraq göstərən qızların sayı da az deyil.

TAEKVANDOÇU QIZ

Orta məktəbdə təhsil alan 15 yaşlı Yeganə Aslanova idmançı qızlardan biridir. O, dini ayinləri də yerinə yetirir, namaz qılır və hicab taxır:

«Taekvando idman növü ilə məşğul oluram. Nailiyyətlərim olub, respublika çempionu olmuşam. İdmana qardaşlarımın həvəsinə getmişəm. Onlar 5 yaşından gedirlər idmana».

«ONLARIN VALİDEYNLƏRİ QOYMUR»

O deyir ki, Lənkəranda idmana gəlmək istəyən qızların sayı çoxdur. Lakin qız olduqları üçün valideynləri buna icazə vermirlər:

«Onların valideynləri qoymur. Valideynlərim, qardaşlarım icazə verdi, idmana getdim. Əvvəllər çətin olurdu, indi asandır. Özüm hicablıyam. İdmana gedəndən sonra hicab taxmışam. Çoxu deyir çətindir hicabla. Amma heç bir çətinliyi yoxdur. Belə rahatdır».

Yeganə Aslanova deyir ki, yarışlardan 11 dəfə qələbə ilə geri dönüb. Çoxlu fəxri fərmanları var. Məktəbdə də həmyaşıdları onun qələbələrinə sevinir və idmançı olmasına normal baxırlar. Hazırda onunla birlikdə taekvando ilə 7 həmyaşıdı qız məşğul olur.

«ÇOX YAXŞI EDİB Kİ, İDMANA GƏLİB»

Fərid
Fərid
Yeganə Aslanovanın qardaşı 16 yaşlı Fərid də bacısı ilə yanaşı taekvando yarışlarında iştirak edir. O, bacısı kimi yüksək nailiyyətlər əldə etməsə də, bacısının qələbələrini özününkü hesab edir. Bacısı ilə fəxr etdiyini söyləyir:
«Çox yaxşı edib ki, bacım idmana gəlib. Özüm də 5 yaşımdan bu idman növündən məşqə gedirəm. Bizim məşqçimiz Vüqar müəllimdir. Bacım turnirdə qələbə qazananda, qonşuların hamısı təbrik edir».

«OTÜSTÜ XOKKEY, FUTBOL ÜZRƏ QIZLAR KOMANDASI VAR»

Lənkəran rayonunda 8 nəfər yeniyetmə qızdan ibarət ağır atletika üzrə komanda fəaliyyət göstərir. Neçə illərdir ki, otüstü xokkey, futbol üzrə qızlar komandası var .

Ağır atletika üzrə SSRİ idman ustası, Azərbaycan respublikasının əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov deyir ki, qızlardan ibarət ağır atletika komandasının yaradılması ideyası 10-12 il bundan əvvəl meydana gəlib:

«2000-ci ildə Osman Mirzəyev adına qarışıq tipli uşaq evində qızlardan ibarət ağır atletika komandası yaratdıq. Biz orda məşqlərə başladıq. 2001-ci ilin fevral ayında Azərbaycan çempionatı keçirildi, biz orda 3 qızla iştirak elədik, yüksək nəticə qazandıq».

Məmməd Məmmədov
Məmməd Məmmədov
«GÖRDÜK Kİ, QIZLARI YARIŞLARA BURAXMIRLAR»

Məmməd Məmmədovun bildirdiyinə görə, bu yarış sübut etdi ki, qızlar ağır atletikada da böyük nailiyyətlər qazana bilərlər:

«İdman məktəblərinin yarışında 7 qızla iştirak elədik və hamısı da uğur qazandı, hamısı da medalla döndülər. Sonralar 2003-2004-cü illərdə belə söhbət getdi ki, bu idman növü bizim mentalitetə uyğun deyil. Qızlarımıza ştanq qaldırmaq olmaz. Bununla bu işlər dayandı. 90-cı illərdə olub Təranə Abbasova, sonra Səbinə Rzayeva. Əyalətdə, heç bir rayonda yox idi. Lənkəran yeganə rayon idi ki, burda qızlardan ibarət komandamız var idi. Sonra Sumqayıt bizə qoşuldu. Onunla da biz qızlarla məşğul olmağı dayandırdıq. Gördük ki, qızları yarışlara buraxmırlar. Artıq qızları dərsliyə, jurnala da yaza bilmirdik. İcazə verilmədi».

LƏNKƏRANDA 15-Ə YAXIN QIZ AĞIR ATLETİKA İLƏ MƏŞĞUL OLUR...

Məşqçinin dediyinə görə, uzun illərdən sonra ağırlıqqaldırma üzrə qızlardan ibarət komanda yenidən bərpa olunub. O deyir ki, Azərbaycanın rayonlarında qızlardan ibarət olan yeganə komanda Lənkərandadır:

«Yenə də bizdə qızlardan ibarət yığma komanda var. Hazırda Sevər Məhərrəmova yığma komandanın tərkibindədir, Azərbaycan yığmasının. Lənkəranda 15-ə yaxın qız bu idman növü ilə məşğul olur».

Foto: Arxiv
Foto: Arxiv
​Məmməd Məmmədovun bildirdiyinə görə, ağır atletika üzrə qızlardan ibarət komandanı təşkil etmək asanlıqla başa gəlməyib. O deyir ki, qız uşaqlarının idmana gəlişi həmişə çətin olub. Onun dediyinə görə, bu işdə valideynlərin razılığı olmalıdır ki, iş alına bilsin. Digər tərəfdən, ağırlıq qaldırmanın qız uşaqlarına ziyanı ola biləcəyini əsas gətirib yaxına buraxmırlar:

«İdmanla vidalaşandan, ailə qurandan sonra onlarda heç bir problem baş verə bilməz. Ağır atletika idman növünə gəliş əsasən 10 yaşındandır. Biz qızları da 10 yaşından götürürük. Biz onların fiziki hazırlığına baxırıq. Fiziki gücünə baxırıq. Əvvəl onları hazırlayırıq, ondan sonra ştanq veririk qaldırmağa».

«HİCABLA BAŞINI BAĞLAYIR, TRİKONUN ALTINDAN DA REYTUZ GEYİNİR»

Məşqçi deyir ki, son illərdə qızların idmana maraqları artıb. Baxmayaraq ki, dini amil və mentalitet məsələsi rayonlarda ciddi rol oynayır:

«Dində belədir ki, qadınlarda bir çox yerlər görsənməməlidir. İcazə veriblər ki, yarışda da hicabla başını bağlayır, trikonun altından da reytuz geyinir. Onda heç bir bədən əzələsi görsənmir».

Lənkəran rayon Gənclər və İdman İdarəsindən AzadlıqRadiosuna bildiriblər ki, müntəzəm olaraq 60-a yaxın yeniyetmə qız idmanın müxtəlif növləri ilə məşğul olur, respublika və beynəlxalq yarışlarda iştirak edirlər.
XS
SM
MD
LG