Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:15

M. Saakashvili: «Milli Şuranın toplantısının Tbilisidə keçirilməsi Rusiyanın təşəbbüsüdür»


M. Saakashvili
M. Saakashvili
-
Prezident M. Saakashvili Gürcüstan ərazisində siyasi partiyaların toplantısından ehtiyatlı olmağa çağırıb. Bu barədə «Qruziya Onlayn» saytı xəbər yayıb.
Bununla belə o, belə görüşlərin Tiblisidə təşkili Rusiyanın təşəbbüsüdür:
«Biz demokratik, azad ölkəyik. Biz yaxşı bilirik ki, konkert bu şəxsləri Rusiya Federasiyası idarə edir və maliyyələşdirir. Bu insanların bir məsqədi var – Azərbaycanda siyasi sabitliyi pozmaq. Azərbaycanın siyasi sabitliyi Gürcüstanın siyasi sabitliyinə də təsir edir. Gürcüstanın Azərbaycanla, eləcə də Ermənistan, Türkiyə münasibətləri bizim üçün həssas mövzudur və Gürcüstan üçün bu münasibətləri qorumaq çox vacibdir».
İSA QƏMBƏR: «SAAKASHVİLİ DİQQƏTLİ OLMALIYDI»
«Mən bu bəyanatı Saakaşviliyə yaraşdırmadım». Müsavat Partiyası başqanı İsa Qəmbər Gürcüstan prezidenti M. Saakashvilinin Milli Şura haqda dediklərinə münasibət bildirərkən belə deyib.
İsa Qəmbər
İsa Qəmbər
«Ona hər zaman sayğımız olub, Gürcüstanda xalqın dəstəyilə hakimiyyətə gələn və bir çox islahatlar həyata keçirən, Gürcüstanın Avropaya inteqrasiyası yönündə bir çox önəmli addımlar atan siyasətçi, dövlət xadimi kimi ona hər zaman sayğımız olub. Amma indi görünür, daxildəki parlament seçkilərindəki məğlubiyyətdən və prezident seçkilərindəki çətinliklərindən sıxılan cənab Saakashvili Azərbaycandakı avtoritar hakimiyyətin dəstəyinə ehtiyac duyur. Buna görə də Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasına qarşı bu cür əsassız ittihamlar irəli sürür. Hər halda, o daha diqqətli olmalıydı».

MEHMAN ƏLİYEV: «SAAKASHVILI VƏ ƏLİYEV HAKİMİYYƏTİ AZƏRBAYCANDA DEMOKRATİYANIN QABAĞINI ALMAQ ÜÇÜN FƏAL ƏMƏKDAŞLIQ EDİBLƏR»

Milli Şuranın ictimaiyyətlə əlaqələr Komitəsinin rəhbəri Mehman Əliyev isə Saakashvilinin Milli Şura haqda dediklərini cəfəngiyyat adlandırdı:

«Mən şəxsən heç vaxt Rusiyaya işləməmişəm, heç kəsə işləməmişəm. Heç kəsə, nə Azərbaycan, nə Amerika, nə də Rusiya hakimiyyətinə. Mən 100 faiz deyə bilərəm ki, İsa Qəmbər üçün də dövlətin və xalqın maraqlarından üstün bildiyi bir şey yoxdur, eləcə də Rüstəm İbrahimbəyov üçün».

Mehman Əliyev deyir ki, Saakashvili zamanında Bdzina Ivanashvili başçılıq etdiyi «Gürcü arzusu» koalisiyasını da Rusiyaya işləməkdə suçlayırdı. Amma zaman bunun əksini göstərdi. O yada salır ki, Saakashvili ilə Əliyev hökumətləri sıx əməkdaşlıq ediblər və bir sıra böyük layihələrin reallaşmasına imza atıblar:

Mehman Əliyev
Mehman Əliyev
«Onların Bakı-Qars-Tbilisi layihəsində, başqa layihələrdə maraqları var. Mən Gürcüstanda olanda həmin layihələrdə yüksək səviyyədə korrupsiyanın olması haqda söhbətlərin şahidi oldum. Ivanashvili Bakıda olanda da onunla gələn nümayəndə heyəti ilə görüşmüşəm və demişdilər ki, korrupsiya məsələləri artıq qaldırılıb. Saakaşvilninin Azərbaycandan müəyyən asılılığı var və buna görə də ondan xahiş ediblər ki, bu fikri səsləndirsin».

Bu arada əslən azərbaycanlı olan Gürcüstan parlamentinin üzvü Əli Məmmədov «Gruziya Online»-a deyib ki, Milli Şuranın Tbilisi görüşündən Ivanashvili hakimiyyəti xəbərsiz olub, əks halda bu görüşə icazə verməzdi.

Mehman Əliyev hesab edir ki, Saakashvili hakimiyyəti zamanında bu mümkün idi.

«Onların xahişi ilə təhlükəsizlik orqanlarının birgə iştirakı ilə Ruslan Bəşirli əməliyyatı keçirilib. Elmar Hüseynovun ölümünü götürək. Cinayətkarlar Gürcüstandadır, bununla bağlı indiyədək addım atılmayıb. Bütün bunlar da onu göstərir ki, Saakashvili və Əliyev hakimiyyəti Azərbaycanda demokratiyanın qabağını almaq üçün fəal əməkdaşlıq ediblər».
İyulun 30-da Demokratik Qüvvələrin Milli Şurası Tiblisidə toplanıb. Toplantıda Milli Şuranın sədri və prezidentliyə namizəd Rüstəm İbrahimbəyov da iştirak edib.

«RUSİYANIN KİMİN TƏRƏFİNDƏ OLMASINI GƏLƏCƏK GÖSTƏRƏCƏK»

Yada salaq ki, Saakashvili birinci dəfə deyil belə bəyanat verir. O, bir neçə ay öncə Moskvada yaradılan və mətbuatın «Milyarderlər İttifaqı» kimi təqdim etdiyi Rusiya Azərbaycanlıları Təşkilatlarının İttifaqı haqda da bənzər sözlər söyləmişdi.
Rövşən Əhmədli
Rövşən Əhmədli
Prezident Rusiyanın Azərbaycanda dövlət çevrilişi hazırladığını və bunun üçün azərbaycanlı işadamlarından istifadə etdiyini bildirmişdi. O, ayrıca «Azerros»un sabiq prezidenti Söyün Sadıqovun və «Lukoil» şirkətinin prezidenti Vahid Ələkbərovun adlarını çəkmişdi.

Milli Şura üzvü, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədliyə görə, Saakashvili yenə öz ampluasındadır. Hər mümkün addımda Rusiyanı bu bölgədə destruktiv qüvvə kimi təqdim edir:

«Hər bir halda Rusiya ilə nə qədər problemləri olsa da, bu cür qeyri-ciddi bəyanatlar səsləndirilməsini düzgün saymıram. Milli Şura Azərbaycan xalqının və demokratik qüvvələrin yaratdığı qurumdur. Burda sərbəst toplaşmaq azadlığı olmadığından Şura üzvləri Tbilisidə yığışdılar. Milli Şura seçki yolu ilə dəyişikliklərə nail olmaq, hüquqi dövlət quruculuğuna keçidi təmin etmək məqsədi güdür. Qaldı Rusiyanın Milli Şuranın, yoxsa Milli Şuraya qarşı olanların tərəfində olmasına, bunu gələcək göstərəcək».

ZƏRDÜŞT ƏLİZADƏ: «ƏLİYEVLƏR AİLƏSİNİN ÖZÜ RUSİYA LAYİHƏSİDİR»

Vaxtaşırı Azərbaycan hakimiyyəti də Milli Şuranın Rusiya tərəfindən yaradılması haqda açıq və ya üstüörtülü söz açır.
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Hətta İlham Əliyev Milli Şura üzvlərini «qul psixologiyası ilə yaşamaqda» və «böyük qardaş» axtarmaqda qınayıb.

Politoloq Zərdüşt Əlizadənin fikrincə, hakimiyyət bu yolla Milli Şuranı, sadəcə, qaralamaq niyyətindədir:

«Hərçənd, Əliyevlər ailəsinin özü Rusiyanın layihəsidir. Amma onlar «adımı qoyaram sənə, qalarsan yana-yana» misalına uyğun hamını düşmənə, xaricə işləməkdə suçlayırlar. Bu, təbliğatdır – faşistsayağı, sovetsayağı təbliğatdır».

ƏRƏSTUN ORUCLU: «SAAKASHVILI-NİN DEDİYİ BU SÖZLƏR HƏMİN FİKRİ MÖHKƏMLƏNDİRİR»

Prezidentliyə namizəd, «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu:
Ərəstun Oruclu
Ərəstun Oruclu

«Mən bilmirəm Saakashvili bunu nəyə əsaslanıb deyir. Hökumət hər şey deyə bilər. Amma hər halda belə fikrin qonşu ölkənin başçısı tərəfindən gündəmə gəlməsi heç yaxşı hal deyil. Şübhəsiz, Azərbaycanda bundan geninə-boluna istifadə olunacaq. Bütün hallarda Saakashvili-nin dediyi bu sözlər həmin fikri – Şuranın Rusiyameylli olması haqda deyilənləri möhkəmləndirir. Azər Rəşidoğlu (jurnalist – red.) bu gün yazır ki, namizədin pasport məsələsinin Rusiyadan asılı vəziyyətə düşməsi yaxşı tendensiya deyil. Beynəlxalq aləmin gözündə Rusiyadan asılı qurum kimi görünə bilər. Belə fikirlər var və olacaq. Amma nə dərəcədə belədir, bunu deyə bilmərəm».

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Saakashvili Azərbaycanda daxili vəziyyəti bilmədən, insanları tanımadan, sadəcə, İlham Əliyevə xoş gəlmək və anti-Rusiya ritorikasını davam etdirmək, özünü qərbpərəst göstərmək üçün bu əsassız bəyanatı verib:

«Halbuki Azərbaycanın problemi demokratiyanın yoxluğudur, hakim zümrənin istibdadıdır. Amma bundan heç kim danışmır».
XS
SM
MD
LG