Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:13

MTN mayoru ilə bağlı həm xahiş var, həm tələb


Mahir Abdullayev
Mahir Abdullayev
-
«Mahir Abdullayevin 2003-cü ildə itkin düşməsi bir qrup yüksəkvəzifəli şəxsin himayəsi altında baş verən insan oğurluğudur. Mahir Abdullayevin qardaşı, keçmiş rektor Elşad Abdullayevin yaydığı videomateriallar da bunun insan oğurluğu olmasına bir sübutdur» – Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Azad Mürsəliyev belə deyir.

Avqustun 14-də Komitənin İctimai Təhqiqat Qrupu Mahir Abdullayevin yoxa çıxmasının 10 ili bağlı hesabatı və onun haqqındakı saytı təqdim etdi.

«HAKİMİYYƏT CİNAYƏTİN AÇILMASINDA MARAQLI DEYİL»

Müdafiə Komitəsinin üzvü Oqtay Gülalıyevin fikrincə, hakimiyyət bu cinayətin açılmasında maraqlı deyil:

«Hakimiyyətin bu cinayətin açılmasında maraqlı olmaması bir daha onu göstərir ki, cinayət hadisəsinin həyata keçirilməsində dövlət orqanlarında təmsil olunan, təsir imkanları geniş şəxslər iştirak ediblər. Məhz onların iştirak etməsi bu cinayətin ötən müddət ərzində açılıb ortaya qoyulmasına çox ciddi maneə törədib».

Komitə sədri Azad Mürsəliyev Abdullayevlər ailəsinin hədələndiyini deyir. Xaricdə müalicəyə zərurət duyan ailə üzvlərinin ölkədən çıxması qadağan edilib. Onların əmlak və mülklərinə də həbs qoyulub:

«Şəxsən mənim özümə təzyiq var. Kimlər ki bu ailənin müdafiəsinə qalxır, bu insanları müdafiə vasitələri əllərindən alınır. Bizim özümüzü müdafiə etmək imkanımız yoxdur».

Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Müdafiə Komitəsi bildirir ki, 2003-cü il oktyabrın 13-də oğurlansa da, 2004-cü ilin iyununda milli təhlükəsizlik naziri Namiq Abbasovun əmri ilə Mahir Abdullayevə polkovnik-leytenant rütbəsi verilib.

MTN mayoru olan Mahir Abdullayev 2003-cü ildən yoxa çıxıb. Müdafiə Komitəsi belə düşünür ki, cinayətin üstünün açılmaması bəzi vəzifəli şəxslərin maraqları ilə bağlıdır. İstintaqın hadisəyə insan oğurluğu yox, itkin düşmək kimi yanaşması da ailə üzvlərini narahat edir.

Təhqiqat qrupu bu işdə adıkeçən bütün vəzifəli şəxslərin, eləcə də istintaqa peşəkar yanaşmadıqlarına görə, 12-yə yaxın müstəntiq və prokurorun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

«PREZİDENTDƏN XAHİŞ VƏ TƏLƏB EDİRƏM Kİ...»

Mahir Abdullayevin böyük qardaşı İsmayıl Abdullayev cinayətin üstünün açılması üçün Azərbaycanın dövlət başçısına müraciət edib:

«Prezident İlham Əliyevdən xahiş və tələb edirəm ki, Mahir Abdullayevin cinayətkar qrup tərəfindən oğurlanmasına qatılanların istintaqa cəlb olunmalarını daha ciddi tələb etsin və ortalığa çıxartsın. Hazırda bizim ailə üzvlərinə təhdidlər var. Əmlakımıza qadağa qoyulub. Xəstələrimizi xarici aparmağa imkan verilmir. Bizim bütün hərəkətlərimizə yasaq qoyulur».

ARZU KAZIMOVA 7 İL CƏZA İSTƏNİLİB

Avqustun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində işadamı Arzu Kazımovun məhkəməsi olub.
Arzu Abdullayev və Elşad Abdullayev
Arzu Abdullayev və Elşad Abdullayev
O, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı tutulub. Prosesdə məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı Arzu Kazımovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Arzu Kazımov 2003-cü ildə yoxa çıxmış MTN zabiti Mahir Abdullayevin qaytarılması üçün onun qardaşı Elşad Abdullayevdən pul almaqda təqsirləndirilir. İttihamlara görə, o, 2003-cü ildə – ayrı-ayrı vaxtlarda Elşad Abdullayevdən ümumilikdə 1 milyon 500 min dollar alıb. İddialara əsasən, Arzu Kazımov bu pulları Daxili İşlər Nazirliyindəki mənbələrə verməklə Mahir Abdullayevin tapılıb ailəsinə qaytarılmasını vəd etsə də, pulu mənimsəyib. Özünü təqsirli bilməyən Arzu Kazımov məhkəmədə deyib ki, Elşad Abdullayevdən pulları qardaşının qaytarılması üçün almayıbmış, sələmə götürübmüş. Elşad Abdullayev pulu vaxtından əvvəl tələb edəndə isə pulun əvəzində ona tikdirdiyi binadan mənzillər və torpaq sahəsi verib.

Məhkəmədə bildirilib ki, istintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı başqa şəxsin, o cümlədən daxili işlər nazirinin sabiq müavini, mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsi cinayət tərkibindən çıxarılıb.
XS
SM
MD
LG