Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:00

Deputat oğlunun tanışlıq cəhdi və gecəyarı atəşlər?


Deputat Ayaz Orucov
Deputat Ayaz Orucov
-
Ötən il – dekabrın 13-dən 14-ə keçən gecə Bakıda içərisində iki qadının olduğu avtomobili iki nəfər izləyib. «Olimp» mağazasının önündən başlayan təqib və atmacalar «Azadlıq» prospektindəki qoşa yanacaqdoldurma məntəqəsinədək davam edib.

3 ay əvvəl baş verən bu olayla bağlı məlumat bir neçə gün öncə ictimailəşib – təqibə məruz qalan qadınlardan biri, Aynurə Cəfərova ilk baxışda diqqət çəkən bir iddianı jurnalistlərin diqqətinə çatdırandan sonra.

«SONRADAN İSMAYIL ORUCOV OLDUĞUNU BİLDİYİMİZ ŞƏXS...»

«Yeni Müsavat»a açıqlamasında Aynurə Cəfərova təqib olunarkən, deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun onlara səkkiz dəfə atəş açdığını iddia edib:

«Onlar bizdən əl çəkmədilər. Binəqədini bir neçə dəfə fırlandıq ki, bizdən əl çəksinlər. Özlərində deyildilər. Maşının şüşəsini aşağı salmışdılar. Az qalırdılar maşından özlərini maşınımızın üstünə atsınlar. Gülürdülər. Bu adamlar spirtli içkinin təsiri altında olana oxşamırdılar. Gözləri hədəqədən çıxmışdı. Hərəkətləri də normal insanın etdiyi hərəkətlər deyildi. «Qızıltac» restoranının arxasında sanki bir tappıltı gəldi. Ramilədən soruşdum ki, bu nə səsdir? Dedi ki, deyəsən, maşına daş atırlar. Bizim heç ağlımıza gəlməzdi ki, maşına güllə atarlar. Sonradan bir də həmin səs gəldi. Onda mən dedim, bizə silahdan atəş açırlar. «Leyla» şadlıq evinin qarşısına çıxanda yenə iki atəş açıldı. Artıq mən dəqiq bilirdim ki, bizə güllə atırlar. Bir az qabaqda svetoforun qırmızı işığı yandı. Sonradan İsmayıl Orucov olduğunu bildiyimiz şəxs əlini pəncərədən çıxarıb bizim olduğumuz maşının şüşəsinə yumruq vurub tələb edirdi ki, şüşəni açaq. Qışqırırdı, deyirdi ki, pəncərəni aç. Yaşıl yananda Ramilə sürdü. Gəlib qoşa «Lukoyl» «zapravka»sınının yanına çatıb dönəndə arxadan maşına daha iki atəş açıldı. Ramilənin maşınının arxa şüşəsi dağılıb töküldü. Bundan sonra qaçıb getdilər».

«GECƏ SAAT 2-3 RADƏLƏRİNDƏ... MAŞINI XANIMLARIN ARXASI İLƏ SÜRÜBLƏR»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə güllə atılması ilə bağlı deyilənlər istisna olmaqla, ötən ilin dekabrında belə bir hadisənin baş verdiyini təsdiqləyir.

Amma o, məsələnin həddindən artıq şişirdildiyini və yersiz haray-həşir salındığını deyir:

«İki gənc oğlan olub. Onlar gecə saat 2-3 radələrində tanışlıq məqsədilə maşını xanımların arxası ilə sürüblər. Tanış olmaq istəyiblər və bu, alınmayandan sonra yolları ayrılıb. Məsələ də bununla bitib. Ekspertiza da müəyyən rəy verib. Hamısının ifadələri alınıb, üzləşmə olub. Qadınların olduğu avtomobilə güllə atılması ilə bağlı deyilənlər təsdiqini tapmayıb. Onlar deyir ki, avtomobilə arxadan nə isə dəyib, amma nə dəyib, məlum deyil.
Orxan Mansurzadə
Orxan Mansurzadə
Bu səbəbdən cinayət işi açılması rədd edilib. Zərər çəkdiyi iddia olunan qadın (Ramilə Süleymanova) qalıb kənarda, indi bu biri xanımın açıqlamalar verməsi başadüşülən deyil».

«MAŞINA 8 GÜLLƏNİN ATILMASI TƏSDİQİNİ TAPMAYIB»

Orxan Mansurzadə qadınların olduğu avtomobilin arxa hissəsindəki zədələrin odlu və ya pnevmatik silahdan açılan atəş zədələri olmadığını bildirir:

«Maşında qeydə alınan zədələr, sadəcə, mexaniki zədələr olub. Ona görə, xanımların dedikləri kimi, maşına 8 güllənin atılması öz təsdiqini tapmayıb. Həmin maşının arxa şüşəsi çatlayıb və onun sınıb-tökülməsi barədə deyilənlər də yalandır. Əgər maşına güllə dəysəydi, arxa şüşə sınardı».

Şöbə rəisinin sözlərinə görə, olayla bağlı avtomobili sürən Ramilə Süleymanova Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət edib. Həmin ərizə əsasında araşdırmalar aparılıb, Aynurə Cəfərova şahid qismində dindirilib.

Deputat Ayaz Orucov mediaya açıqlamasında oğlu İsmayıl Orucovla bağlı yayılan xəbərlərin əsassız və yalan olduğunu söyləyib.

«GƏRƏK 100 GÜLLƏ ATILA Kİ, CİNAYƏT SAYILA?»

Aynurə Cəfərovanın atası Novruz Cəfərov həm DİN sözçüsünün, həm də deputatın doğru danışmadığını bildirir:

«Cinayət hesab olunması üçün gərək güllə adamın başına dəyib öldürə? Bunlar cinayət nəyə deyir? Cinayət adamı dirəyib öldürməkdir? Sillə vurmaq cinayət sayılır, güllə atmaq yox? Anlamıram bu nə məsələdir. Mən prezidentə müraciət etmişəm, Daxili İşlər Nazirliyi özü üçün nağıl danışır. Səkkiz güllə atılıb. Bu, cinayət deyil, bəs nədir? Gərək 100 güllə atıla ki, cinayət sayıla? Bunlar nə cəfəngiyatdır danışırlar? Pul alıblar, neynəyiblər, indi özlərini müdafiə edirlər».

«DEDİ Kİ, HARA MÜRACİƏT EDİRSƏN-ET...»

Olay barədə məlumatın mətbuata gec çıxarılmasına gəlincə, Novruz Cəfərov deyir ki, o, prezidentə müraciət edəndən sonra məsələnin obyektiv araşdırılacağına əmin olub.
Novruz Cəfərov
Novruz Cəfərov
Amma bir müddət sonra işi aparan müstəntiqdən aldığı cavab onu hövsələdən çıxarıb və yalnız bundan sonra hadisə barədə mətbuata məlumat verib:

«Binəqədi rayon Polis İdarəsinin Sadiq adlı müstəntiqi işi aparırdı. Onunla iki dəfə danışdım. Bir dəfə yanında olmuşam, bir dəfə də telefonla danışmışam. Axırıncı dəfə telefonla danışanda mənə dedi ki, hara müraciət edirsən-et. Bundan sonra müxtəlif yerlərə, o cümlədən bizim qarantımız olan prezidentə müraciət etdim».

Adıçəkilən müstəntiq AzadlıqRadiosuna danışmaqdan imtina edib:

«Bizim Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edin...».

Ötən ilin dekabrında üzləşdikləri hadisə ilə bağlı polisə müraciət edən Ramilə Süleymanova (avtomobilin sürücüsü) iddiasını geri götürüb.

Aynurə Cəfərova «Yeni Müsavat»a müsahibəsində rəfiqəsinin pul alıb çəkildiyini deyib:

«Mən pul istəmirəm. Bu cinayətin araşdırılmasını tələb edirəm. Bu adam bizim həyatımıza qəsd edib. Həmin məqamda Ramilə maşını divara vura bilərdi, aşırardı. Atılan güllə bizi öldürə bilərdi. Bu adamlar şəhərdə əlisilahlı gəzirlər. Keflərinin kök vaxtında kimi istəsələr güllələyəcəklər. Bizi Allah qoruyub. Bu işin Binəqədidən alınıb Baş Prokurorluqda araşdırılmasını tələb edirik».

İLHAM ƏLİYEV: «ƏGƏR BİR DƏ BİLSƏM Kİ...»

Aynurə Cəfərovanın atası Novruz Orucov da eyni iddia və tələbləri səsləndirir. Üstəlik, iki il əvvəl prezident İlham Əliyevin məmurlara etdiyi bu xəbərdarlığı yada salır.

Söhbət 2012-ci il fevralın 12-də regionların sosial-iqtisadi inkişafı ilə bağlı konfransda prezident İlham Əliyevin dilə gətirdiyi sözlərdən gedir:

«Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları vəzifəyə mən təyin etmişəm, lazım bildikdə mən də çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq».
XS
SM
MD
LG