Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:01

Rəşad Babalının 20-yə düşməyən hekayəsi


-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Rəşad Babalı


İŞIQ DİRƏYİ



- Alə, Firudin, konturun yoxdu vızıv atırsan?.. Nə, Akif ölüb? Nə vaxt? Yaxşı daaa? Ay sənin...

Bunu deyib Fuad sol əlini üzünə yaxdı. Aldığı xəbəri heç gözləmədiyi bəlli olurdu.

- Firudin, çalışacam tez gəlim məhləyə.

Sensorlu telefonu söndürmədən stolun üstünə atdı. Hələ də eşitdiyi xəbərin şokunu yaşamaqdaydı. Üzündə anlaşılmaz bir dəhşətin izi vardı. Dizlərinin bağı boşalıb yaxınındakı stolda oturdu. Elə bildim yaxın adamını itirib. Yadıma saldım ki, onun ailə üzvlərinin arasında Akif adında biri yoxdur. Bir az keçəndən sonra az da olsa sakitləşdiyini görüb soruşdum:

- Fuad, nə məsələdi? Ölən kimdir?

- Məhlə uşağı var, xətrini çox istəyirdik. Cərəyan vurub yazığı. Gərək tez çıxım.

Fuad işdən icazə alıb saat yarım tez çıxdı. Axşamüstü Fuaddan zəng gəldi:

- Aydın, gərək sən də gələydin ey.

- Alə, desəydün gələrdim də, kefsən eeee. Üçünə birlikdə gedərik. Onsuz da şənbə gününə düşür. Qısa iş günü olacaq

Səhərisi Fuad işə gələndə, hələ də üzündə dünənki dəhşətin izləri qalmışdı. Məyus və darmadağın olmuşdu. Tez-tez “alə, bilirsən Akif necə oğlan idi. Alə, Akifdən bir daha gəlmiyəcəy eee” deyib dururdu. İstər-istəməz içimdə Akifin kimliyini öyrənməyə böyük bir maraq yaranmışdı. İstəyirdim “həmişə yaxşılar ölür” deyiminə növbəti dəfə əmin olum. Akifi yaxından “tanıya bilmək” üçün səbirsizliklə şənbə gününü gözləyirdim.

Nəhayət şənbə günü qısa iş günü fürsətindən istifadə edib Fuadgilin yaşadığı Biləcəri qəsəbəsinə yollandım. Nə vaxtsa kiçik, sevimli, hər kəsin bir-birini tanıdığı, sovet dönəmindən qalma səliqə ilə düzülmüş, çoxmərtəbəli və iki-üç mərtəbəli yaraşıqlı binalardan ibarət bu qəsəbə, indi ölkənin dörd bir yanından axışıb gələnlərin tikdiyi, ucsuz-bucaqsız böz çöllərdə yöndəmsiz karton qutularına bənzər evlərlə ağzına kimi dolu, sıxıcı bir şəhərciyə çevrilmişdi. Fuadgilin məhəllələri köhnə Bakı kəndlərindəki məhəllələri andırırdı. Ümumi əsas, geniş küçə, ona çıxan dar dalanlar, bir-birinin qulağına nə isə pıçıldayırmış kimi qarın-qarına girmiş evlər. Məhəllənin bir ucu qəsəbənin avtobus xətti işləyən yoluna çıxırdı. Çoxu universitet bitirməmiş, iş axtarmaqdan ümidini kəsmiş cavanlar da elə səhər-axşam bura yığışıb söhbətlər edirdilər.

Bura həm də başqa məhəllələrdən gələn yolun üstüydü. Özləri demiş “çujoy-svoy”ları burdan rahat görə bilirdilər. Kimin evinə nə alıb gətirdiyindən, kimin hansı maşında gəzdiyindən, kimin harda işlədiyindən də burda xəbərdar olurdular. Arvadların qeybəti, məhəllədə hər baş verəndən xəbərdar olmaq istəyi, bura yığışan kişilərin yanında yalan olmuşdu. Əgər kimsə oradakı məhəllələrdən hansısa qızı sevirdisə, hətta nişanlanlıydısa belə, onun sevgisi ümüdsüzlüyə düçar olmalıydı. Kimin haqqı vardı, bu daşlı-kəsəkli yollarla sevgilisini ötürüb, nişanlısına “hələlik” deyəydi. Məhəllə oğlanları yad kişilərə yerli-yersiz ilişirdilər. Nişanlılar daha şanslı idilər. Onlar xəbərdarlıqla canlarını qurtara bilirdilər. Olan həmişə sevgililərə olurdu. Allah eləməsin, orda olan oğlanlardan birinin bacısı olsun gələn. Həmin oğlan azı bir ay məhəllənin toplanış yerində görünməməliydi.

Qız anaları gecə-gündüz tində keşik çəkən oğlanlarla dalaşırdılar ki, niyə imkan vermirsiniz qızlarımız ərə getsin. Məhəllənin “gömrük postu” barədə Fuad xeyli söhbət etmişdi. Ordakılardan bəzilərilə Fuadgilə gedib-gələndə tanış da olmuşdum.

Avtobusdan həmin yerdə düşüb məhlənin içərisinə doğru endim. Gözlərim indicə qarşıma çıxacaq əbədi olaraq bədliyin simvolu olan yas çadırını axtarırdı. Məhəllənin mərkəzindəki kiçik meydanda çadır görməyəndə doğru yerə gəldiyimə şübhə etməyə başladım. Geri qayıtmağı düşünürdüm ki, birdən qarşıma Fuadın qonşusu Vüqar çıxdı. Nə üçün gəldiyimi dedikdə, yasın məhz onların həyətində keçirildiyini dedi. Ona qoşulub bir dalana girdik. Dalanın sonuncu darvazası Vüqargilin həyətinə açılırdı. Onların evi məhəllədə ən geniş həyəti olan ev sayılırdı. Bunu o qapıdan içəri girəndən sonra anladım.

Həyətdə üç uzun stol qoyulmuşdu. Qapının sol tərəfində böyük xeyir-şər samovarı hüznlə tüstülənirdi. Hər stolun arxasında 4-5 nəfər oturub söhbətləşir, dünya məsələlərini danışırdılar. Molla gözə dəymirdi. Bu hal məni bir qədər sevindirdi də. Onun hər yarım saatdan bir oxuduğu ərəbcə duaları onsuz da heç kim anlamırdı. Üstəlik insanlardan anlamadığı duaların sonunda “amin” demək kimi bir ekstra səy də tələb olunurdu. Amma ənənələrinə bağlı belə bir məhəllədə mollanın olmaması məni olduqca şübhələndirdi. Üç-dörd saatlıq söhbətlərdən sonra ard-arda müşahidə etdiyim qəribəliklərin səbəbi gün işığı kimi ortaya çıxacaqdı.

“Allah rəhmət eləsin” deyib stollardan birinin arxasına keçdim. Uşaqlar tez çay gətirdilər. Masanın üstü kasıbyanaydı. Kəllə qənd, limon, ucuz karamel konfetlər, bir az da halva. Alışmadığım mənzərəydi. Çünki son zamanlar hara gedirdim yas masalarını bol görmüşdüm. Bəlkə, - deyə öz içimdə düşünürdüm, - adamlar birlikdə yaşadıqları yaxınlarından bezginliklərini bundan yaxşı əks etdirə bilmirlər.

Bir azdan Fuad da gəldi. Oturub ordan-burdan danışıb giriş edəndən sonra mərhum Akifə gəldik. Fuad mühüm fürsəti qaçırırmışcasına, ağsaqqal ədasıyla hamını əliylə sakitləşdirib söz aldı:

-Aydın, “spor” edərəm “lyuboy” oğlanla Bakının heç bir məhləsində Akif kimi oğlan tapa bilməzsən. Oğul idiye, oğul. Onun kimi qonşularını düşünən, “ponyatkalı” insan görməmişəm.

Fuad üzümdəki marağı görüb iştahla monoloquna davam etdi. Hiss elədim ki “kotlet”i axıra saxlayıb.

- Məhəllədə kiminsə yası düşərdi və Akif orda olmazdı? Az qala bütün yasın işini görərdi. Kimsə uzaqdan əlidolu evə gələndə bu yaşında qabağına yüyürüb köməyinə çatardı. 37 yaşı vardı, amma məhəllədə hansısa qadın, gəlin onu nəyəsə buyursa ərinmədən gedərdi. Deməzdi ki, ayıbdı yaşımdan. Bax indiki “padsan”lara. Tindəki dükana göndərmək olmur. Elə bil “ministr” balalarıdılar. Nədi, bəlkə səhvim var?

Fuad yan stolda oturub bizim söhbəti izləyən yeniyetmələrə irad tutan vaxtı qapıdan başında yeni tip “aeradrom” kepka, əlində xırda daşlı təsbeh, gündən qaralmış, sanki yapışdırılmış iri əyri burunlu bir oğlan girdi. Gəlib ədəb-ərkanla bizimlə görüşdü, stolumuzun başında əyləşdi. Bu, məhəllənin ən yekəxana, üstəlik “cayıl” qaydalarını ən dərindən bilən Rəhim idi. Əlinin üstündəki döymələrdən görünürdü ki, o artıq yatıb-çıxmışdı, buna görə məclislərdə xüsusi hörməti olmalıydı. Rəhim sanki elə əvvəldən burdaymış kimi, Fuadın monoloqunu qaldığı yerdən davam etdirdi:

- Eşitsəydi ki, məhəllədə kimsə evini təmir etdirir, mütləq gedib orda özünü oda-közə vuracaqdı. Hamı da “ponyatka”sına görə ona pul verirdi. “Karoçe” kimin həyətində nə işi varıydısa Akif ordaydı. Canla-başla kömək eləyirdi. Keçən il bu vaxtlar evimizin çardağını düzəltmək istəyirdik. Çürüyüb tökülmüşdü. Həm imkan yox idi taxta alım, həm də vaxtım. Sağ olsun rəhmətlik, həyətlərindəki taxtalardan götürüb gəldi bizə. Özü çıxdı ölçünü götürdü və çardağın taxtasını düzəltdi. Üzr istəyirəm, uşaqların anası evdə yoxuydu ki, buna çay-çörək verim. Sağ olsun getdi evdən özü nə lazımdısa gətirdi “obed”imizi də elədik. Bax belə oğuluydu Akif.
Rəhimin ara verməyini fürsət bilən Fuad Akiflə bağlı söhbətinə davam etdi:

- Alə, Rəhim, yadındadı həyətimizdəki su krantının altını düzəltmək lazım idi? Bax bu qənd haqqı, bütün daşı, sementi Akif tapdı gətirdi. Pul vermək istədim, dedi ayıb deyil, axı biz məhlə uşağıyıq. Axırda zor-bəlayla 50 manatı cibinə sala bildim. Birtəhər götürdü.

Beləcə orada olanlar Akifin fədakarlığından bol-bol danışdılar. Həyatımda hələ bu qədər altruist insan olduğunu eşitməmişdim. Yadıma düşmüşkən, Akifin ölüm səbəbini də təfsilatıyla öyrənmək istədim. Buna Rəhim cavab verdi:

- Ataş, ondan bir gün əvvəl güclü külək əsdi. Bax o dirəyin kabellərindən bəzilərini qırdı. Axşam işıq idarəsinə zəng vurduq gəlmədilər. Səhərisi bu rəhmətlik istədi özü çıxıb bəzi kabelləri bağlasın. Başı çıxırdı az-çox. Amma olmadı, cərəyan vurub saldı bunu yerə. Məhəllə uğrunda getdi yazıq. Heyf...

Getməyə hazırlaşanda birdən yadıma düşdü ki, bəs onun ailəsinə dəymək lazımdı. Vay, vay, vay, nə pis oldu. Yaxşı qarşılanmayacaq. Gərək səhvimi düzəldim:

- Fuad, gəl Akifgilin evlərinə də bir baş çəkək, başsağlığı verək.

Bu sözümdən sonra hamının üzündə şübhəli bir ifadə yarandı. Əvvəl elə bildim gec yadıma düşdüyü üçün belə edirlər. Amma baxdım ki yox, vəziyyət başqadı. Sanki hər kəs məndən bir şeyləri gizlətməyə çalışır. Fuad aradakı pərtliyi götürmək üçün dedi:

- Yazığın yaşlı anası var, o da xəstəxanada, canının hayındadır. Sonra gəlib görərik.

Bunu deyib həyətdən çıxdıq. Hamıyla sağollaşıb dayanacağa tərəf gedirdim ki, birdən bütün söhbət boyu dinməz-söyləməz söhbətimizə qulaq asan, bura gəldiyimdən bəri fərqində olmadığım bir nəfər dilləndi, kim şəhərə gedirsə maşınla apara bilərəm:

- Sağ ol, qardaş, minnətdaram. Əziyyət çəkmə, onsuz da hələ saat səkkizdir, avtobuslar işləyir.

Oğlan əl çəkmədi, dedi onsuz da şəhər istiqamətinə gedirəm. Belimdə aparmıram ki, maşınla gedirik. Oğlanın israrını görüb razılaşdım. Onun “Tofaş”ına oturub düzəldim şəhərə tərəf. Elə məhəllədən təzə aralanmışdıq ki, sözə başladı, sanki bayaqdan bəri mənə nə isə demək istəyirdi. Özünü təqdim edərək sözə başladı.

- Qardaş, adım Zaurdu. Görürəm yaxşı oğlansan, bizim Fuadın da iş yoldaşısan. Gərək biləsən ki, orda deyilənlərin azı yarısı yalan idi.

Təəccüblə onun üzünə baxdım. İçimdə qarşısıalınmaz bir maraq yarandı. Ola bilsin, hansısa əhvalatı danışanda üstünə əlavə edə bilərlər. Onu az-çox hamı edir. Amma, deyəsən, Zaur nəsə başqa bir mətləbdən danışır. Elə bir şey ki, mənim ondan elmi-gümanım yoxdur. O, fikrimi oxuyurmuş kimi davam etdi.

- Narahat olma, onların Akif barədə dediklərinin hamısı düzdü. Deyərdim hələ beş dəfə azdır. Ancaq onlar Akifdən istifadə ediblər. Yazıq adam kimi gün görmədi bunların əlindən. Elə ölümü də bunların üzündən oldu.

- Necə yəni öldürüblər?

- İşıq dirəyinə bunlar çıxartdılar da.

Zaurun sözləri beynimin ortasına zərbə kimi çaxıldı. Sual dolu nəzərlə onun üzünə baxıb dedim:

- Qardaş, bəs eləydisə niyə Akifdən belə bəh-bəhlə danışırdılar?

- Vaxtın varmı?

- Nədi ki?

- İstəyirsən oturaq bir yarım saat danışım sənə bunların Akif “sevgi”sini.

İçimi bürüyən dəhşət qarışıq maraq güc gəldiyindən həmən razılaşdım. Metronun “Memar Əcəmi” stansiyasının çıxışına yaxın yerdə bir çayxanada oturduq. Narahat baxışlarımı Zaurun üzünə dikib, bayaqdan bəri içimə sinmiş şübhələrimin öz təsdiqini tapmasını gözləyirdim.

- Akif məndən iki sinif aşağı oxuyub. Əla oxuyurdu. Amma beşinci sinfə qədər oxuya bildi. Atası Murad dayı gəmidə işləyirdi. Xəzərdəki limanlara yük daşıyırdılar. Akif beşinci sinifdə oxuyanda Murad dayıgilin gəmisi dənizdə güclü qasırğaya düşür. Dalğa yazığı göyərtədən dənizə salır. Meyitini də tapmadılar. Atası öləndən sonra onların ailəsinin gün-güzəranı heç cür düzəlmədi ki, düzəlmədi. Anası ərinin fikrini çəkməkdən xəstələnib yorğan-döşəyə düşdü. Murad dayı bizim məhəllədə doğulub böyümüşdü, yoldaşı isə yetimxanada böyüdüyündən məhəllədə hörmət qoymurdular, həmişə yad, yiyəsiz kimi baxırdılar. Yazıq ölənə qədər qohumlarının tənəsində qaldı ki, gör kimi almısan. Amma arvadı o öləndən sonra onun fikrini çəkməkdən xəstələndi. Akiflə balaca bacısı atasından qalma “pensiya” ilə böyüdülər. Akif atasının ölümündən sonra evlərinə kömək etmək üçün işləməyə məcbur oldu. Dərsdən sonra ustalara köməklik edib 3-5 manat alırdı. Doqquzuncu sinfə qədər oxudu. Əsgərliyə qədər maşın ustası Mərdanın yanında şagirdlik eləyib pul qazandı.

Əsgərlikdən gələndən sonra işləmədiyi sahə qalmadı. Bərbər, xarrat, elektrik, motorist, “svarşik”, satıcı, bənna, rəngsaz. Bir sözlə, nə peşə varsa hamısıyla məşğul olub. Uşaq vaxtından bacarıqlıydı deyə məhlədə onun xətrini istəyirdilər. Di gəl ki yazıq hara əlini atırdı boşa çıxırdı, bu adamın bəxti gətirmirdi ki, gətirmirdi. Elə ki, atası öldü, çox adamın onlara münasibəti dəyişdi. Bax Fuadgil Akiflə bir yerdə oxuyublar. Baxma indi onun haqqında ağız dolusu danışırlar. O vaxtı onu aralarına buraxmırdılar. Bilyarda, futbola, “play station”a gedirdilər, amma özləriylə aparmırdılar. Əskiklik bilirdilər onu özləriylə gəzdirməyi. Birdən Akif dayanacağın yanında bunların toplanış yerlərinə gəlib çıxardı, onunla məzələnib elə yola salardılar ki, bir-iki ay özünə gələ bilməzdi. Akif ancaq iş görmək lazım olanda yada düşərdi. Özü də ucuz işçi qüvvəsi kimi. Akifin tayı-bərabəri yoxuydu, qardaş. Kiminsə evində su kranı xarab olurdusa, birinci Akif yada düşürdü, otağını təmir eləmək, maşınına əl gəzdirmək, canım sənə desin, mebel yığmaq lazım olsa, Akifi çağırırdılar, o da canla-başla gəlib işləyərdi. Rəhmətliyin əlindən gəlməyən iş yox idi. Elə vaxt olurdu ki, işlədib pul da vermirdilər. Verəndə də qəpik-quruş. Çox insafsızdılar buranın adamları. Bax sənə daha bir şey deyim. Akifgilin həyəti bu məhəllədə ən böyüyü idi. Atası evlərini tikəndə həyətlərinin yerində bataqlıq varıymış. Rəhmətlik Murad dayı bataqlığı qurudub o evi tikdi. Ondan sonra orada başqaları da ev tikməyə başladılar. Bax oturduğumuz həyət varıydı ha, ora Akifgilin həyətinin bir hissəsidi.

- Axı necə ola bilər? Satıblar həyəti? – deyə mən eşitdiklərimin təsirindən həyəcan içində soruşdum

- Nə satmaq, ələ keçiriblər. O həyətə Qasımgil yiyələnib. Ad qoydular ki, bəs evdə 3 qardaşıq, ev tikib ayrılmaq istəyirik. Akif də heç nəsiz həyəti kəsib verdi bunlara. Uçurdulan hasarı da özü təzədən yerində tikdi. Qasımgil orda ev-zad tikmədilər. Arsız-arsız satlığa qoyublar.

Zaurun gərginləşdiyini hiss etdim. Səsi tez-tez kəsilir, içindəki nifrəti, qəzəbi bacardıqca boğub saxlamağa çalışır, “yad” adamın qarşısında ağzından yanlış bir söz çıxartmamağa səy göstərirdi. Sakitcə sözünə davam etməyini gözlədim. Əslində ona veriləsi xeyli sualım vardı. Amma səbrimi basıb söhbətin sonuna qədər susmağa çalışdım. Bu, Zaurun daha çox əsəbiləşməyinin qarşısını alırdı.

- Ölən gündən bir gün əvvəl axşam güclü külək əsmişdi. Köhnə işıq dirəyinin xətlərindən bəziləri qopmuşdu. Burda işıqla bağlı problem olanda elektrik axtarmazlar, Akif var axı. Bu dəfə də yazığı dırmaşdırdılar dirəyə ki düzəltsin. Əlində əlcək də varıydı. Amma necə oldusa cərəyan vurub o boyda hürdürlükdən saldı bunu yerə. Yazıq hələ ölməmişdi. Onun bu qədər yaxşılığı keçən məhəllədən heç kim öz maşınına qoyub xəstəxanaya aparmadı. Gözlədilər təcili yardım gəlsin. Vallah, billah bunlar insan deyil, əlimə imkan düşən kimi burdan baş götürüb köçəcəm.

- Bəs anası, bacısı neynirlər? Anası harda yatır?

- Bacısını uzaq qohumlarına verdilər. Kürəkənləri yaxşı oğlandı, amma bədbəxt kasıb, fağırın biridi. Kasıbın kürəkəni kim olar? Akifin ölüm xəbərindən sonra xəstə anasının halı pisləşdi. Xəstəxanaya apardılar. Orda da qızı və kürəkəni baxırlar ona.

- Bəs evləri?

- Ona ev deyirsən? 30-40 il bundan qabaq tikilmiş evdi. Təmiri də o vaxtdan qalıb. Hamının evini təmir edən Akif öz evinə əl gəzdirə bilmirdi. Yazıq evlənə də bilmədi ki, evinə sahib çıxan olsun. Bir-iki qızı istədi, yetim, yiyəsiz olduğuyçün qız vermədilər. O da əlini üzdü evlənməkdən. Nakam getdi bu dünyadan.

Bax yekə-yekə danışanlar varıydı ha, onlar da Akifin evinə göz dikiblər. Qasımgilin həyətindəki yasın əksər xərcini kürəkənləri çəkib, inanırsanmı?

Zaurdan ayrılıb metroya yönəldim. Zaurdan eşitdiklərimin təsirindən çıxa bilmirdim. Evə qayıdarkən, insanın içindəki bunca amansızlığın mənbəyi nədir deyə düşünürdüm.
XS
SM
MD
LG