Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:26

«Avrasiya İttifaqı qorxulu deyil. Getmək olar»


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
-
Modern.az saytı politoloq Zərdüşt Əlizadənin Avrasiya İttifaqına münasibətini öyrənib.

Politoloq deyib ki, Rusiya Azərbaycanı da həmin birlikdə görmək istəyir:

«Prinsip etibarı ilə bu ittifaq Azərbaycana heç nə verə bilməz. Çünki Azərbaycanın sənayesi, çeşidli məhsulları, bazar iqtisadiyyatı yox səviyyəsindədir».

Ekspert hesab edir ki, Avrasiya İqtisadi İttifaqı kimi rəsmi birliklərin qorxusu yoxdur:

«Bu ittifaqlar kağız üzərində imzalanan sənədlərlə yox, həyatdakı iqtisadi, bəşəri məfkurə ilə yaşayır. SSRİ çökəndən sonra onun yerinə MDB yarandı. Bu zaman Azərbaycanın «milli demokratik», savadsız müxalifəti səs-küy saldı. Onlar bunu yeni imperiya kimi xarakterizə edirdilər. Mən isə qeyd etdim ki, bu, təhlükəli deyil və hər hansı bir imperiya dağılandan sonra onun yerinə bu cür beynəlxalq təşkilatlar yarana bilər. Lakin zamanın hökmü ilə onlar hakimiyyətdən devrildikdən sonra hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı MDB-yə üzv etdi. Hazırda Azərbaycan bir neçə iqtisadi birliyin üzvüdür. Buna görə də biz həmin beynəlxalq təşkilata da daxil ola bilərik».
Z.Əlizadə onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti Avropaya inteqrasiyanın tərəfdarı deyil:

«Avropada insan haqları, müstəqil məhkəmə, demokratiya, şəffaf seçki var. Bu isə bizim iqtidara sərf etmir».

«MİLLİ ŞURA BU GÜN DƏ VAR , SABAH DA OLACAQ»

Cəmil Həsənli
Cəmil Həsənli
Media Forum saytı Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin müsahibəsini dərc edib. «Milli Şura bu gün də var, sabah da olacaq» adlı yazıda Cəmil Həsənli qurumun bir illik fəaliyyəti barədə danışır:

- Şuranın fəaliyyətinin əsas istiqamətini Azərbaycanda normal, ədalətli cəmiyyətin qurulması təşkil edir. Siyasi məhbuslarsız Azərbaycan şuranın fəaliyyətinin çıxış nöqtəsidir.

- Rusiyanın himayədarlığı ilə Avrasiya İqtisadi İttifaqı yaradılıb. Ermənistan da bu ittifaqa qoşulacağını bəyan edib. Belə bir vəziyyətdə, sizcə, Azərbaycan hansı addımları atmalıdır?
- Biz Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının əleyhinəyik. Hesab edirik ki, ölkəmizin yeri Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramında olmalıdır. Eyni zamanda ticarət, iqtisadiyyat baxımından Azərbaycanın yeri Gömrük İttifaqında deyil, Dünya Ticarət Təşkilatında olmalıdır. Enerjidaşıyıcılar hara istiqamətlənirsə, siyasət də ora istiqamətlənməlidir. Gürcüstan, Moldova və Ukrayna tezliklə Avropa İttifaqı ilə assosiativ saziş imzalayacaq. Azərbaycan da bu siyasi məkanda təmsil olunarsa, həmin siyasi məkana meyllənərsə, əlbəttə, bu, mütərəqqi tarixi proses olar.

«HƏR 4 MANATIN 3-Ü NEFTİN PAYINA DÜŞÜR»

«Bizim yol» qəzeti 7 iyun tarixli sayında iqtisadçı Qubad İbadoğlunun müsahibəsini yayımlayıb. «Büdcədəki hər 4 manatın 3-ü neftin payına düşür» adlı yazıda iqtisadçı-ekspert deyir ki, ötən ilin büdcəsində 1 milyard manata yaxın qalığın taleyi bəlli deyil:
Qubad İbadoğlu
Qubad İbadoğlu

«Azərbaycan büdcəsinin hər 4 manatdan 1 manatı sosial xərclər təşkil edir, amma bir sıra inkişaf etmiş ölkələrdə büdcənin yarısı bu istiqamətə yönəldilir. Burada ölkələrin seçdiyi kursdan asılıdır. İsveç, Norveç, İsveçrə kimi dövlətlərdə sosial xərcləmələr üstünlük təşkil edir. Nəzərə almaq lazımdır ki, bu ölkələrin büdcələri bizdəki qədər infrastruktur və digər məsələlərlə bağlı ehtiyacları qarşılamır. Çünki həmin ölkələrdə infrastruktur ehtiyaclarının qarşılanmasında dövlət və biznes strukturlarının əməkdaşlığı inkişaf edib. Dövlət burada öz səlahiyyətlərinin bir hissəsini bizneslə bölüşüb. Dövlət müəssisələrinin böyük əksəriyyəti özəlləşdirilib. Bu baxımdan onların büdcəsi bizimki qədər infrastruktur layihələr ilə yüklənmir».

İKİLİ VƏTƏNDAŞLIĞI OLAN AZƏRBAYCANLI SEÇİM QARŞISINDA

«Yeni Azərbaycan» qəzeti «Yeniliklər Azərbaycan vətəndaşlığının əhəmiyyətini, dəyərini daha da yüksəldir» adlı məqaləsində deputat Mübariz Qurbanlının müsahibəsini yayımlayıb.

Mübariz Qurbanlı
«Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında» qanuna edilən son əlavə də dəyişikliyi şərh edib. O deyir ki, bundan sonra ikili vətəndaşlığı olan azərbaycanlı seçim etməlidir:

«Qanun vətəndaşlıqdan məhrum etməni qadağan etmir. Amma şəxs könüllü olaraq başqa ölkənin vətəndaşlığını qəbul edirsə, avtomatik olaraq Azərbaycan vətəndaşlığını itirir».
Samir Əliyev
Samir Əliyev

«PROBLEMLİ KREDİTLƏRİN HƏCMİ 1 MİLYARDA ÇATIR»

«Azadlıq» qəzeti yazır ki, zərərlə işləyən bankların sayı artıq 11-ə, bankların zərəri isə 34 milyon manata çatıb.

«Problemli kreditlərin həcmi 1 milyarda çatır» adlı yazıda iqtisadçı-ekspert Samir Əliyev Mərkəzi Bankın aprel ayı üzrə statistik məlumatlarını şərh edib. O bildirir ki, Mərkəzi Bankın ilin əvvəlində atdığı sərt tədbirlər uzunmüddətli dövr üçün bank sistemini xilas etməyə yönəlsə də, artıq sistemdə illərlə mövcud olmuş xroniki xəstəlikləri üzə çıxartmaqdadır:

«Əslində bu gözlənilən idi. Çünki bankların uzun müddət məsuliyyətsiz kredit siyasəti, kredit risklərini düzgün qiymətləndirməmələri, istehlak kreditləşməsi bazarından asılılıqlarının artması onların maliyyə dayanıqlığını zərbə altına qoymalı idi».

«COCA-COLA»YA NİDA-NI KİM QOYUB?

Köşklərdə «N!DA» yazılan «Coca-Cola» içkisinin satıldığına rast gəlinməyib.

Bu barədə «Yeni Müsavat»a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib:

«Buna baxmayaraq, məsələ nəzarətimizdədir. Bu, sadəcə reklam haqqında qanunun pozulmasına gətirib çıxardır. Adın yazılması ayrı, hansısa bir təşkilat və partiyanın adının yazılması ayrı».

«Coca-cola» şirkəti Azərbaycandakı 20 illiyi münasibətilə məhsullarının üzərinə ölkədəki məşhur kişi və qadın adlarını yazıb. Sosial şəbəkələrdə üzərində «N!DA» yazılmış «Coca-cola» qabının fotosu paylaşılıb.

«Nida adında insan olsa, bu, yenə problem yarada bilərmi» sualına Fazil Talıblı belə cavab verib:

«Bu halda həmin insanın adının Nida olduğunu təsdiq edən sənədi varsa, məncə, problem olmayacaq. Bizə daxil olan məlumata görə, «Coca-Cola» içkisinin üzərində «N!DA» sözü kompüter texnikasından istifadə edilərək yazılıb və bu, təxribat xarakterli məsələdir».
XS
SM
MD
LG