Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:39

Şərqi Avropada NATO bazaları: kim əleyhinə, kim lehinədir


Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen

-

NATO RUSİYA TƏHLÜKƏSİNƏ QARŞI ŞƏRQİ AVROPADA GÜCLƏNMƏYİ PLANLAŞDIRIR

NATO Ukrayna böhranından nəticə çıxararaq və Vladimir Putinin Baltikyanı ölkələrə qarşı mümkün təxribatlarını önləmək məqsədilə tarixdə ilk dəfə olaraq Şərqi Avropada bazalar qurmağı planlaşdırır.

Bu barədə bəyanatı alyansın rəhbəri Anders Fogh Rasmussen NATO-nun gələn həftə Kardifdə keçiriləcək sammiti ərəfəsində Britaniyanın «The Guardian» qəzeti də daxil olmaqla, beş Avropa qəzetinə müsahibəsində səsləndirib.

NATO-nun baş katibi bildirib ki, o, bu sammitdə Rusiya ilə həmsərhəd ölkələrdə bazaların yaradılması məsələsində alyansın üzvləri arasındakı fikirayrılığının çözüləcəyinə ümid bəsləyir.

Təhlilçilər belə bir qərarın qəbul edilməsindən Moskvanın son dərəcə hiddətlənəcəyini söyləyirlər.

Baş katib həmçinin bildirib ki, alyans Ukraynanın təhlükəsizliyini möhkəmləndirmək və onun Rusiyadan gələn təhlükəyə hazır olmasını təmin etmək məqsədilə Ukrayna ordusunun müasirləşdirilməsinə dəstək verəcək:

«Biz Avropada yaranmış tamamilə yeni təhlükəsizlik mühitində çevik hərəkət etməyə qabil olmaq məqsədilə hazırlıq üçün fəaliyyət planı qəbul edəcəyik. Bizim hazırda NATO-nun çevik reaksiya qüvvəsi deyilən bir qurumumuz var və ondan məqsəd lazım gələrsə, çevik şəkildə qoşun çıxarmaq iqtidarında olmaqdır. İndi isə bizim niyyətimiz həmin qüvvənin çərçivəsində ondan çox-çox yüksək hazırlıqlı struktur yaratmaqdır».

Cənab Rasmussen izah edib ki, belə bir çevik qoşunun çıxarılması üçün dislokasiya ölkələrində xüsusi məntəqələrin olması zəruridir.

NATO-nun baş katibi məntəqə dedikdə hazırlıq təchizatını, infrastrukturu, bazaları və qərargahları nəzərdə tutduğunu bildirib.

«Qısası siz gələcəkdə NATO-nun Şərqdə daha aydın görünən mövcudluğunun şahidi olacaqsınız», Anders Fogh Rasmussen deyib.

NATO-NUN ŞƏRQ BAZALARI: LEHİNƏ VƏ ƏLEYHİNƏ

Polşa və üç Baltikyanı ölkə - Litva, Latviya və Estoniya Rusiyadan gözlənilə biləcək təhlükədən daha çox narahatdırlar və regionda NATO qüvvələrinin olmasını istərdi.

Adı çəkilən ölkələr NATO-nu çox vaxt simvolik fəaliyyətdə günahlandırırlar.

Bununla belə, indiyədək, NATO-nun Şərqi Avropada daimi bazalar yaratmaq ideyası alyans daxilində fikir ayrılığına səbəb olub.

Fransa, İtaliya və İspaniya bu ideyaya qarşı çıxır, Amerika və Britaniya isə onu dəstəkləyirlər.

Rusiyanın mümkün münasibətindən narahat olan Almaniya hələlik orta mövqe tutub.

ADINI NƏ QOYSAN DA SÖHBƏT BAZALARDAN GEDİR

Mediada «NATO-dakı mənbələrə istinadən» yayılan xəbərlərdə deyilir ki, alyans Kardif sammitində yeni bazalar üçün «daimi» sözünün işlənməyəcəyi termin barədə razılığa gəlməyə çalışacaq.

Təhlilçilər isə deyirlər ki, adlanmasından asılı olmayaraq, reallıqda söhbət Rusiya ilə həmsərhəd ölkələrdə NATO-nun hərbi bazalarının qurulmasından gedir.

Cənab Rasmussen izah edib ki, sözügedən məntəqələr tez-tez dəyişən rotasiya əsasında da fəaliyyət göstərə bilər.

NATO MÜTTƏFİQİNƏ HÜCUM EDƏN QARŞISINDA NATO GÖRƏCƏK

Baş katibin fikrincə, əsas məqsəd budur ki, NATO müttəfiqi olan ölkəyə qarşı potensial təcavüzü hətta ağlına belə gətirən ölkə bir işə əl atarsa, təkcə həmin ölkənin əsgərləri ilə deyil, NATO ilə üzləşəcəyini bilsin.

Hazırda keçmiş «dəmir pərdə»nin şərqində olan yeganə NATO qərargahı Polşanın Baltik sahilindəki Seçin şəhərində yerləşir.

NATO-ya yaxın mənbələr bildiriblər ki, çox güman, elə bu qərargah gələcək dislokasiyalar üçün qovşaq olacaq.

Mətbuat bildirir ki, NATO üzvləri hava və dəniz qüvvələrinə dair planı razılaşdırıblar, lakin Şərqdə quru qoşunları saxlanması məsələsi mürəkkəb olaraq qalır.

RASMUSSENİN QISA VƏ UZUN CAVABI

«Şərqi Avropada NATO bayrağı altında daimi beynəlxalq dislokasiya olacaqmı?» sualına Rasmussen belə cavab verib:

«Qısa cavab «bəli»dir. Lakin anlaşılmazlıqları önləmək üçün mən belə deyərdim: «lazım olduğu müddətdə».

NATO baş katibi bildirib ki, alyansın yeni qoşunları bir neçə saat ərzində dislokasiya oluna bilər.

Analitiklərin fikrincə, NATO Rusiyanın strateji partnyordan pərdələnmiş müharibə metodlarına əl atan düşmən oyunçuya çevrildiyi müasir erada tamamilə yeni strategiya yaratmaq üzərində çalışır.

«RUSİYA DOST DEYİL» HƏQİQƏTİ

Anders Fogh Rasmussen deyib ki, Rusiyanın NATO-nu müttəfiq hesab etməməsi həqiqətini qəbul etmək lazımdır.

O, təəssüflə qeyd edib ki, Rusiya İkinci Dünya Müharibəsindən bəri silah gücünə torpaq qoparan ilk ölkəyə çevrilib.

«Təbiidir ki, biz bu vəziyyətə uyğun hərəkət etməliyik» baş katib deyib.

MOSKVANIN MANEVRİ MÜHARİBƏYƏ ÇEVİRMƏK İSTEDADI

Cənab Rasmussen deyib ki, «biz Rusiyanın qısa müddətdə təlim manevrini hərbi hücum əməliyyatına çevirmək bacarığının şahidi olduq».

NATO-nun baş katibi bunu da bildirib ki, alyansın kəşfiyyat məlumatları Rusiyanın Ukrayna münaqişəsinə fəal müdaxiləsini aşkara çıxarıb.

O deyib ki, Rusiya silah və dezinformasiya vasitələrindən «çarpaz müharibə» metodu yaradıb və öz çevikliyi ilə hətta Qərb liderlərini mat qoyub.

NATO-UKRAYNA SAMMİTİ

Petro Poroshenko
Petro Poroshenko

«Əgər biz ruslardan iki addım geri qalırıqsa, deməli ukraynalılar 16 addım geri qalırlar» Rasmussen deyib.

NATO mənbələri bildiriblər ki, Rusiyanın Ukrayna münaqişəsində tutduğu mövqeyə cavab olaraq alyans Kiyevə bütün səviyyələrdə dəstək verməyə hazırlaşır.

Ukraynanın yeni prezidenti Petro Poroshenko NATO-nun Kardif sammitində iştirak edəcək və burada alyans rəhbərliyi ilə danışıqlar aparan yeganə qeyri - NATO lideri olacaq.

Rasmussen deyib ki, bu mənada Britaniyanın Uels əyalətində keçiriləcək sammiti «NATO-Ukrayna» sammiti də adlandırmaq olar.

XS
SM
MD
LG