Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:35

Tut ağacından eşitdiklərim (Sovetski xatirələri-3)


Əli Əkbər
Əli Əkbər

-

Bakı hadisələrinin təsvirində, Əkrəm Əylisli “Daş yuxular”ında hələ çox insaflı davranıb, inanın mənə...

On dörd yaşımda, ani bir qərarla, Bakı-Tiflis qatarına minib Tiflisə gəldim...

Tiflisdə özümdən yaşca böyük gürcülərlə tanış oldum, onların evində iki ay yaşadım, evin büdcəsinə dəstək üçün metronun “Axmeteli teatri” stansiyasının qabağındakı köşkdə siqaret satdım...

Məscidə gələn müsəlmanlar arasında kor Kolya dayıdakı ürəyi, əxlaqı, tərbiyəni, mədəniyyəti, savadı görmədim...

Əli Əkbər

SOVETSKİ XATİRƏLƏRİ-3

əvvəli burda

Tut ağacından eşitdiklərim

Köhnə Bakı və onun köhnə sakinlərinin ümumi obrazı belədir – tut, ya da çinar ağacının altında, kətillərdə oturmuş qarınlı və bığlı kişilər, armudu stəkanlardan çay içib, nərd atırlar.

Ana-bacı var deyə, söyüşlərini astadan, bığ altından söyürlər. Bəzi məhəllələrdə, televizoru çıxarıb həyətə qoyurlar.

"Günün ekranı"na baxmırlar, elə belə qulaq asırlar, kino göstəriləndə isə, nərd taxtası bağlanır, mürəbbəli çayla kino səfası başlayır.

Qadınlar mətbəxdə qurdalanır, kişilərə xidmət edirlər. Biz uşaqlar isə ağaclara dırmaşır, damlarda qaçışır, “roqatka” düzəldirik.

Sovetski... Foto Cahangir Yusif
Sovetski... Foto Cahangir Yusif

Bu mənzərəni, mənim uşaqlığımın Sovetskisində addımbaşı görmək olardı. Kinolarda, kliplərdə, sənədli filmlərdə də Sovetskinin vaz keçilməz atributu kimi ağac altında nərd atıb, çay içən kişilər çıxış edir. Banal olsa da, həqiqətdir.

Bizim həyətimizdə də tut ağacı vardı. Atam nərd həvəskarı olmadığına görə, bizim tutun

Sovetski... Foto Cahangir Yusif
Sovetski... Foto Cahangir Yusif

altında yuxarıda təsvir olunan məclislərdən qurulmazdı. Atam özü də başqa həyətlərə getməzdi, tipik intravert idi, adama yovuşmurdu. Xar tut ağacını isə həyətimizdə mənim üçün, belə deyək – mənim adıma, əkmişdi.

Əslində, həyətimiz ağac əkmək üçün əlverişli deyildi. Dəhliz kimi uzununa, eni uzaqbaşı dörd-beş

Sovetski... Foto Cahangir Yusif
Sovetski... Foto Cahangir Yusif

metr olan xudmani bir həyət idi. Amma atam ağacı həyətin ortasında, sol divara bir az meylli əkməyi, onu böyütməyi bacarmışdı. Həyətimiz xeyli darlaşmışdı, amma hasil olan nəticə, atamın avantürasına artıqlaması ilə bəraət qazandırırdı.

Öz dediyinə görə, ağacı əkəndə mən hələ iməkləyirdim. İnsanları və

Sovetski... Foto Cahangir Yusif
Sovetski... Foto Cahangir Yusif

əşyaları dərk etməyə başladığım yaşda isə, ağac artıq xeyli böyümüş, qol-budaq salmışdı. Amma meyvə vermirdi.

Atam ildən-ilə məni ovudurdu ki, “az qalıb, gələn il tut olacaq”. Mən də tez-tez ağacın altında oturub, onun budaqlarına, yarpaqlarına baxır, bar verəcəyi günü səbirsizliklə gözləyirdim. Sovetski tut ağacı sarıdan bol idi, tanıdığım uşaqların bir neçəsinin həyətində vardı, mən də tut ehtiyacımı onlarda ödəyirdim. Yenə də istəyirdim mənim öz ağacım olsun, uşaqlar bizim həyətə gəlsinlər, budaqlara birgə dırmaşaq.

Gün gəldi, ağacımız ilk meyvəsini verdi. Qırmızı tutları atam dərməyə icazə vermirdi, deyirdi gözlə qaralsınlar. Bir səhər isə, atamın səsinə oyananda, əlində dörd-beş dənə qara tut gördüm. Onları ağzıma basıb, tez ağacımın yanına qaçdım. Atam əlçatan yerlərdən dərmişdi tutları, mən isə ağacın orta yerində bir neçə dənə də qapqara tut tapdım. Tez ağaca dırmaşıb, onları da dərdim və yedim.

Artıq ağacımın prezentasiyası ilə məşğul ola bilərdim. Küçəyə qaçıb, məhlə uşaqlarını axtarmağa başladım. Bir saat sonra, həyətimizdə beş-altı “malış” dayanmışdı, ağaca tamaşa edirdilər. “Malış” adını uşaqlara atam qoymuşdu, həmişə onları görəndə sifəti narazı ifadə alardı və “yenə yığmısan malışları başuva” deyirdi. Ona elə gəlirdi ki, məhlə uşaqları ilə ünsiyyət mənə heç nə qazandırmayacaq, ondansa oturub bir kitab oxumaq olar.

Lakin o gün, atam sevincimə şərik çıxaraq, “malış”lara bir söz demədi. Daha ağacda qara tut qalmamışdı, hərəmiz bir-iki dənə kal tutu ağzımıza atdıq, sifətlərimizi turşutduq və küçəyə qaçdıq. Beləliklə mən, ağacımı hər kəsə təqdim etmiş oldum. Çox qürurluydum.

İllər keçdi, ağacımız o qədər böyüdü ki, atam onu budamaqdan yorulurdu. Ağac artıq bütün küçəmizi tutla təmin edirdi. Meyvəsi o qədər bol olurdu ki, xəsis və adamayovuşmaz atam, məhəllə uşaqlarının ağacımızı talan etməyinə göz yumurdu. Bəzən ağacın budaqlarında dörd-beş uşaq birdən oturur, qışqıra-qışqıra tutları basıb yeyirdilər. Ağzımız, üzümüz, üst-başımız qapqara rəngə boyanırdı, tanınmaz hala düşürdük. Adətən əynimizdəki paltlarlar yalnız tut yemək üçün nəzərdə tutulmuş “uniformalar” olurdu. Bizim məktəb formamız, idman formamız, bayırlıq geyimimiz, bir də tut yemək üçün köhnə şalvar-könəyimiz vardı. Bu şalvar-köynəklər heç vaxt yuyulmazdı. Tut yeyəndən yeyənə geyinilib, sonra balkonun, ya da zirzəminin bir küncünə atılardı.

Bu tut ağacı illər keçəcək, məni maraqlı adamlarla tanış edəcək, sayəsində maraqlı əhvalatlar, söhbətlər dinləyəcəkdim. Ağac mənimlə, kor bir kişi arasında körpü olmuşdu. Kor kişi mənə o günəcən eşitmədiyim hekayələr danışmışdı, bir çox mətləblərdən agah etmişdi.

Qapqara, barmaq boyda tutları kiloluq bankaya doldurub, Ostrovski küçəsilə üzü yuxarı, prospekt tərəfə addımlayırdım. Burada, Ostrovskinin bitəcəyində, sol cərgədəki mavi həyət qapısı, Kolya dayının qapısı idi. Kolya dayı gözdən yüz faiz əlil idi. Evinin divarına, bir pəncərədən o birinə, təxminən üç metr uzunluğunda ip bağlamışdı, o ipdən tutaraq o baş-bu başa gedib gəlir və daim gülümsəyirdi. Axıra qədər bilmədim onun ağzında, üzündə donub qalmış bu ifadə iflicin fəsadıdır, yoxsa təbəssümdür. Kolya dayı dilənməz, heç kəsdən heç nə istəməzdi. Amma ona pul, bir qab xörək verənlərə də uzun-uzadı minnətdarlıq bildirər, dua edərdi.

Ona tut dolu bankanı uzadıb, “bu mənəm, Kolya dayı” deyərdim. O da, üzündən düşməyən təbəssümünü daha da genişləndirib “salam, salam Alik, nə yaxşı gəldin” deyə cavab verərdi. Tutları heç vaxt yanımda yeməzdi, evinə aparardı. Ola bilsin yanımda yeməyə utanırdı, ya da özünün xüsusi yeyiş qaydası vardı. Bəlkə də ümumiyyətlə tut yeyən deyildi və məndən sonra tutu zibilə tullayırdı. Hər nə isə, Kolya dayı yanımda tut yemirdi, amma saatlarla maraqlı söhbətlər edirdi, mən də ona qulaq asırdım.

İlk dəfə ürəyimə mərhəmət toxumları səpən insan Kolya dayı oldu. Mərhəmət anlayışını məndə formalaşdıran, reklam sloqanı kimi səslənsə də, həyatın paylaşdıqca gözəlləşdiyini öyrədən o oldu. İmperiyanın çöküşü sosial müdafiəsiz insanlara çox pis təsir etmişdi. Ortada qalmışdılar. Kolya da onlardan biri idi. Mərhəmət hissi unudulub getmişdi, insanların sifətindən qəzəb tökülürdü, insanlar gülməyi tərgitmişdilər.

Mağazalar gündən-günə boşalırdı. Qastronomların rəflərində heç kəsin almadığı, dibinə “gil” çökmüş günəbaxan yağları və pomidor turşusu balonları tozlanırdı. Süd və ət məhsulları yoxa çıxmışdı. Qıtlıq ucbatından, atam heç vaxt almayacağı, üstü möhürlü qara ətlər alırdı. Talonlara ancaq belə ət verirdilər. Talonlar həyatımızın bir parçası olmuşdu - yağı, şəkəri, əti talonla alırdıq.

Cibində talon, əlində qırmızı, toxunma torba, ət və yağ almağa gedən sovetskili uşaq - bu mənəm. “Şərikli çörək”dəki Vaqif kimi. Çox axmaq günlər idi. Bir yandan da

ermənilər Qarabağda nəsə istəyirdilər. Hamı travmalı gəzirdi. Mağazaların boşalması, yeyib-içməyinə qarşı çox həssas və səliqəli olan atamı depressiyaya salmışdı. Artıq mən atamın üzündə üç-dörd günlük saqqal görə bilirdim. Bütün kişiləri, bütün ölkəni

Sovetski... Foto: Cahangir Yusif
Sovetski... Foto: Cahangir Yusif

​saqqal basmışdı, hər kəs yasa batmışdı.

Üzbəüzdəki həyətdə yaşayan rus qadından sonra, ən çox Kolya dayı ilə ünsiyyətdə olurdum. Onun heç kəsi yox idi, iki otaqlı, bapbalaca həyət evində qalırdı. Mən heç vaxt onun evində olmamış, məişətini görməmişdim. Nə o məni dəvət edirdi, nə də özüm görmək istəmirdim. Mən onun mənzilinin qapısını heç vaxt döyməmişdim, əgər küçədə görsəm yaxınlaşmışdım. Ancaq təsəvvür edə bilirdim. Evin küçəyə baxan hər iki pəncərəsi ilboyu, iyirmi dörd saat qaranlıq idi. Heç vaxt işığın yanmadığı, işığa ehtiyacın olmadığı bir evi təsəvvür edə bilirdim. Zərrə qədər evi görmək marağında deyildim. Fantaziyalarım, həyəcanım mənə bəs edirdi.

Beləliklə, on bir-on iki yaşlarında bir uşaq olaraq, Kolya dayının həyat kursunu keçdim. Onunla görüşlərimiz get-gedə intensivləşirdi. Hava yaxşı olan kimi, küçəyə çıxıb, ipindən tuta-tuta gəzən Kolya dayı, mənim gündəlik proqramıma “yazılmışdı”. Onun qədər adama təşəkkür edən, baş əyə-əyə dua edən adama rast gəlməmişəm. O vaxtacan mən, heç bir azərbaycanlıda Kolya dayıda gördüyüm səmimiyyəti görməmişdim. Sonralar məscidə ayaq açdığımda da, məscidə gələn müsəlmanlar arasında kor Kolya dayıdakı ürəyi, əxlaqı, tərbiyəni, mədəniyyəti, savadı görmədim.

Mən Kolya dayıya oxuduğum kitablar haqqında danışırdım, o da mənə diqqətlə qulaq asırdı. Sonra məlum olurdu ki, onların çoxunu özü də oxuyub. Bilmirəm korluğundan əvvəl, ya da korluq vaxt, kor əlifbası ilə? Jül Vernin həyəcanını onunla bölüşürdüm, o da mənə tanış olmayan yazıçıları nişan verirdi. Onun adını çəkdiyi çox kitabı məktəbimizin kitabxanasından tapıb oxumuşdum.

On üç yaşıma qədər oxusam da, heç kəslə bölüşmədiyim, danışmadığım kitablar dünya xalqlarının nağılları idi. Nağılları özüm üçün oxuyurdum, onlar fantaziyalarımın zənginləşməsinə kömək edirdilər. Mən də bu fantaziyam sayəsində Kolya dayının evinin içini, ən xırda detallarına qədər beynimdə şəkilləndirə bilmişdim.

Nizami küçəsi, faktiki olaraq bizim qapının ağzından başlayırdı. Aşağılara doğru enlənirdi, vacibliyi artırdı. Mərkəzi Univermaqda Nizami küçəsi elitləşməyə başlayır, Torqovıda isə kulminasiyaya çatırdı. Atam vəfat edəndə, həyətimizdəki tut ağacı artıq uzaqdan, həm Ostrovski, həm də Nizami küçəsindən görünürdü. Onu Nərimanov heykəlinin sağında dayananda da görmək olurdu. O ağaca mən həmişə “mənim” ağacım demişəm, onu çox sevmişəm. Mənim adımla bağlı olduğu, isti günlərdə həyətimizə kölgə saldığı, küçəmizi dadlı tutla təmin etdiyi üçün.

Deməzdim tək Sovetski, ümumiyyətlə bütün şəhər məni sıxmağa başlamışdı. Heç nədən zövq almırdım, ürəyim heç bir işə yatmırdı. Başa düşürdüm ki, artıq heç vaxt əvvəlki kimi olmayacaq, hər şey ancaq pisləşəcək. Bunu atam da deyirdi. Elə onunla da dil tapa bilmirdim. Kitablar xarici aləmə qarşı sipərim olmuşdu. Şəhərə az-az çıxırdım.

Yay kinoteatrı “Vətən”də, ayaqlarını oturacaqların belinə qoyub, tumun qabığını adamın boynuna, başına tüpürən adamlar peyda olmuşdular. Küçə ortasında döyülən, şil-küt edilən, balkonlardan atılıb öldürülən ermənilər çox adamın psixikasını sıradan çıxarmışdı. 134-cü məktəbdə, sinifimizdə erməni dostlarım vardı. Bir gün onlar yoxa çıxdılar. Müəllimələrim yoxa çıxdılar. Hər gün bir hadisəyə şahid olub, hər gün bir xəbər eşidib travma üstünə travma alırdıq.

Bakı hadisələrinin təsvirində, Əkrəm Əylisli “Daş yuxular”ında hələ çox insaflı davranıb, inanın mənə. Bakı dözülməz olmuşdu, bir müddət bu rəzalətdən uzaqlaşmaq ehtiyacı yaranmışdı. Evdə qapanıb qalmaq olmurdu, mütləq nəyəsə görə küçəyə çıxmalı idin. Artıq Kolya dayı da küçəyə az çıxırdı. Rus qadın da yoxa çıxmışdı. Atamla yola getmirdim, kitablar bezdirmişdi, ağacda tut qalmamışdı. Ya intihar, ya qaçış. İkisindən birini seçməli idim.

Üsyanım özümə məxsus oldu. On dörd yaşımda, ani bir qərarla, Bakı-Tiflis qatarına minib Tiflisə gəldim. Bu qədər sadə. Tiflisdə özümdən yaşca böyük gürcülərlə tanış oldum, onların evində iki ay yaşadım, evin büdcəsinə dəstək üçün metronun “Axmeteli teatri” stansiyasının qabağındakı köşkdə siqaret satdım. İndi soruşsanız ki, o gürcülər kimlər idi, onları hardan tapdın, siqareti necə satdın – konkret heç bir söz deyə bilmərəm. Özümü axına buraxmışdım, axın məni hara sürükləsə gedirdim, müqavimət göstərmədən üzürdüm.

Gürcülərin evi, qəribə küçədə yerləşirdi - Nəriman Nərimanov küçəsində. Mən, Bakıda onun heykəlindən uzaqlaşmış, Tiflisdə onun adına olan küçəyə düşmüşdüm. Təsadüf olsa da maraqlıdır.

İki ay sonra Bakıya qayıdanda, atamın sözü bu olmuşdu: “Mən axı səni milisə axtarışa vermişdim, köpək uşaqları bu iki ayda səni nə əcəb tapa bilmədilər?”

(Yazı müəllifin şəxsi fikirlərini əks etdirir)

XS
SM
MD
LG