Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:00

Günel Mövlud. Azərbaycanlı vegetarianın dərdi


Günel Mövlud
Günel Mövlud

-

Bir canlının əzablarına, tökülən qana, başı bıçaqla kəsilən canlının çırpınışına... dözə bilməmək üçün insan doğrudan da müəyyən bir mədəni mərhələyə gəlib çatmalıdır.

Günel Mövlud

AZƏRBAYCANLI VEGETARİANIN DƏRDİ

Və ya ətyemə mərasimindən bir gün sonra

Niki adlı alman rəssam tanışımız var. Fayt Helmer.

Azərbaycanda «Absurdistan» filmi çəkiləndə Niki filmin rəssamlarından biri olub.

Həmin vaxt ərzində Niki Azərbaycana gəlib, Bakıda, Lahıcda, Şəkidə xeyli vaxt keçirib. Danışır ki, Şəki sakinlərindən biri filmin yaradıcı heyətini axşam yeməyinə evinə dəvət edib. Bunlar da onun dəvətini qəbul edib, gediblər.

Axşam qonaqlar həyətə girəndə ev sahibinin heyvanları da otlaqdan qayıdırmışlar. Niki qoyunların arasında toppuş, şirin bir quzu görür və başlayır quzu ilə oynamağa.

Ev sahibi də əl və üz hərəkətləri ilə Nikidən soruşur ki, deyəsən, xoşuna gəldi? Niki də başının işarəsi ilə təsdiqləyir.

Sonra da keçib, qonaqlarla oturur həyətdə. Süfrə hazır olandan sonra ev sahibi əlində bir neçə şiş kababla Nikiyə yaxınlaşır və yenə əl işarələri ilə başa salır ki, ala, kababdı, bayaq xoşuna gələn quzunu kəsdim sənin üçün…

Bu hadisəni eşidəndə, o yazıq kişini bir damcı da qınamadım. Əslində, o yazıq əcnəbi xanıma qonaqpərvərlik nümayiş etdirmək istəyib. Kifayət qədər də səmimi olub. O nə bilsin ki, onun qonaqpərvərlik bildiyi şeyi dünyanın o biri tərəfində vəhşilik adlandırırlar.

Bir canlının əzablarına, tökülən qana, başı bıçaqla kəsilən canlının çırpınışına, son nəfəsinə, əzabla qapanan ya da açıq qalan gözlərinə, bir sözlə, bütün bu dəhşətli mənzərəyə dözə bilməmək üçün insan doğrudan da müəyyən bir mədəni mərhələyə gəlib çatmalıdır.

Əlbəttə, söhbət Avropada ət dadsızdır deyə, orada vegeterian olub, Qafqaza gələndə ətyeyən, ora qayıdanda təzədən otyeyənə çevrilən saxta, gəlir-çıxarını bilən vegeterianlardan getmir. Həmçinin gözünün qabağında döyülən insanı görməyib, ayağı qırılan iti, qanadı sınan sərçəni görüb, onların haqlarını qorumağa cəhd edənlərdən də getmir söhbət…

Vegetarianlıq söhbəti cəmiyyətimizi ən çox əsəbiləşdirən mövzulardan biridir. Ən çox çətinlik yaşayan, məhrumiyyət görən zümrələrdən biri də vegetarianlardır. Marketlərdə onlar üçün qida yoxdur. Olanda da böyük, bahalı, bir məhsulu on, iyirmi qat bahasına satan dəbdəbəli marketlərdədir. Kasıb, sadə vegetarian o məhsulları almaq gücündə deyil.

Bu gerçəklikdən yola çıxaraq deyə bilərik ki, Azərbaycanda vegetarian olmaq üçün çox varlı olmalısan. Ya da ciddi mərhumiyyətlərlə yaşamalısan. Qonaq getdiyin evdə vegetarian üçün nəzərdə tutulmuş yemək demək olar ki, olmur. Evlərinə qonaq dəvət edən azərbaycanlılar qonaqlarının vegetarian ola biləcəyi ehtimalı barədə düşünmürlər.

Tayvanda vegetarianlar üçün restoran
Tayvanda vegetarianlar üçün restoran

Kabab, dolma, bozartma, ləvəngi hazırlayırlar, sonra məlum olanda ki, qonaqlardan kimsə vegetariandır və bu yeməklərdən yeməyəcək, bərk pərt olurlar. Hətta bəzən əsəbiləşirlər. Axı necə ola bilər ki, onlar zəhmətə qatlaşıb, bu qədər dadlı ət yeməkləri bişirsinlər, kimsə də imtina etsin?! Onlar səmimi olaraq, bunu başa düşmür və başa

Bakıda qurbanlıq qoyun kəsimi
Bakıda qurbanlıq qoyun kəsimi

düşmək istəmirlər.

Normal ölkələrdə hər bir ev qonaq dəvət edəndə, ziyafət verəndə vegetarian qonaqlar üçün ayrıca yeməklər hazırlayır. Restoranlarda vegetarianlar üçün ayrıca menyu olur. Marketlərdə bu adamlar üçün nəzərdə tutulmuş bölmələr var. Vegetarianlar bu bölmələrdən özlərinə lazım olan ərzaqları normal qiymətə tapa bilirlər. Daha bizdəki kimi, orada vegetarianlıq lüks deyil, sıradan, sadə həyat tərzidir.

Ərzaq tapmaq vegetarianların Azərbaycanda üzləşdiyi problemlərdən ancaq biridir. İşin maddi tərəfidir. Məsələnin bir də mənəvi, psixoloji tərəfi də var. vegetarianlar cəmiyyətimizdə ən yaxşı halda kinayə, ironiya, anlaşılmazlıq, ən pis halda isə təhqirdən çox az seçilən lağlağı ilə üzləşirlər. Ət yeməklərini hər cür müdafiə etməyə çalışan insanlarımız özlərinə oxşamayan bu adamları lağa qoymaqdan, bəzən də təhqir etməkdən çəkinmirlər. Onlara rahatca «xəstə», «ağılsız» kimi sözlər deyə bilirlər. Çalışırlar ki, hər vəchlə onlara vegetarian olmaqla düz iş etmədiklərini, ağılsız olduqlarını başa salsınlar, subut etsinlər. Yəqin ki, bizdə bircə nəfər də vegetarian tapmaq olmaz ki, ömründə ən azı on dəfə seçdiyi həyat tərzi barədə lağlağı, danlaq, təhqir eşitməsin.

Vallah, bizim vegetarianlar çox yaxşı adamlardır. Bu qədər lağlağı, danlaqla, ələsalma, təhqirlə üzləşən insan hələ də ət yeməməyinə davam edirsə, böyük işdir. Onlar bir azca dözümsüz, qeyri-prinsipial adamlar olsaydılar, heyvan əti yeməyə qayıtmasaydılar da, hisslərini bu qədər təhqir edən insanların özlərini basıb yeməyə hazır olardılar. Yəni bizimkilərə insanı buna vadar etdirəcək istedad verilib.

Zarafat bir yana, vegetarianlıq, əslində, həyat tərzi deyil. Mədəniyyətin insanın gəlib çatmalı olduğu bir mərhələsidir. Bəzi insanlar bu mərhələyə gəlib çatıblar. Bəziləri çox yaxınlaşıb, bəziləri az yaxınlaşıb, bəziləri isə mədəniyyətin bu mərhələsindən hələ xeyli uzaqdadırlar. Yəqin ki, bir gün gələcək və bütün insanlar vegetarian olacaq. İnsan orqanizmi üçün ətdə olan vacib maddələr insanın özü tərəfindən hazırlanacaq ya da alternativləri tapılacaq.

Amma təbii ki, qoyun, inək kəsməyi bayram edən insanlar üçün bununla razılaşmaq bir az çətin olacaq…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG