Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:15

Bunların nə islamla, nə dövlətlə əlaqəsi var- Mətbuat icmalı


-

Putin Ukraynada bir addım da irəlilədi. Ukraynanın şərqində vəziyyət Ağ evin yox, Moskvanın nəzarətindədir.

“İraq quldurları”. İslam dövləti yaraqlıları ilə vuruşan bəzi dəstələr onlardan heç də yaxşı deyillər.

Suriyada, İraqda vuruşan avropalı cihadçılar Avropanın ən mütərəqqi layihəsi olan Schengen müqaviləsini sınağa çəkir.

Dünya mediası bu gün nədən yazır?

Washington Post qəzeti yazır ki, Putin Ukrayna daxilində oyuncaq dövlət yaratmaqda bir addım da atdı. Krımı çıxmaqla Ukraynanın suverenliyini tanımağa söz verən Rusiya indi də Donetskdə və Luhanskda seçkiləri tanıyır və Kiyevi bunlarla danışıq aparmağa səsləyir.

Qəzet hesab edir ki, Rusiya Ukraynaya qarşı təcavüzün yeni mərhələsinə hazırlaşır. Bazar günü Qərb jurnalistləri və Kiyev bildirirdilər ki, Rusiyadan Ukraynanın şərqinə külli miqdarda silah, sursat gətirilib.

Qəzet yazır ki, Novorossiya deyilən Donetsk və Luhansk öz mövqeyində möhkəmlənsə, Putin öz prinispial strateji məqsədinə çatmış olacaq. O, artıq Ukraynanın böyük bir hissəsinə sahibdir.

ABŞ vitse-prezidenti Biden Ukrayna böhranı haqda deyir ki, “biz bunu nəzarətdə saxlayırıq”. Qəzet isə yazır ki, şərqi Ukraynanın böyük hissəsi Putinin nəzarətindədir. Və burda nə olacağını Ağ Ev yox, Moskva müəyyən edir.

İRAQ QULDURLARI

“İraq quldurları” məqaləsində Foreign Policy məcmuəsində Tirana Hassan yazır ki, hökumətpərəst yaraqlılar İslam dövləti yaraqlıları ilə mübarizədən İraqın sünni icmalarını soyub-talamaq üçün istifadə edir.

Hassan yazır ki, o, Kərkükdən 50 km məsafədə olan Yengiya kəndində olub. Burda yerli sakinlər yoxdur. Hamısı qaçıb-gedib. Küçələrdə isə əsgərə oxşar adamlar gəzir. Onların çiyinlərindən Kalaşnikov avtomatı asılıb. Ancaq bunlar İraq əsgərləri deyil. Bunlar Saraya al-Xorasani Briradasının üzvləridir. Bu briqada Iraqda yayda vəziyyət gərginləşəndə təhlükəsizliyi qorumağa qalxan şiə qruplarından biridir. Adı oxşasa da bunun Xorasan qrupuna aidiyyatı yoxdur. Xorasan qrupu al-Qaida ilə əlaqəlidir.

Bu şiə qrupları İslam dövləti yaraqlıları ilə mübarizədə əsas qüvvədir. Ancaq heç kim qarşısında cavab vermirlər. Onları İraq hökuməti silahla təchiz edir, ancaq onları idarə etmir.

Tirana Hassan yazır ki, onun gördüyü kənddə evlərin çoxuna od vurulub, yandırılıb. O, şiə yaraqlılarının evlərə nöyüt töküb, od vurmasını öz gözləri ilə görüb. Kənddən qaçanlar müxbirə deyiblər ki, bu yarımhərbi şiə birləşmələri onların kəndinə gələn kimi evlərini dağıtmağa və yandırmağa başlayıb.

Bəzi qaçqınlar sonradan öz evlərinə qayıtmağa cəhd edəndə isə onları İslam Dövləti yaraqlılarının casusları və üzvləri kimi ittiham edirlər. Onların bir çoxunu həbsdə günlərdə saxlayıblar və döyüblər. Onlar arasında ümumiyyətlə, yoxa çıxanlar da var. Kərkük şəhərində hökumət qulluqçusu olan Hamad adlı bir iraqlı müxbirə deyib ki, o, Yangiya kəndinə qayıdıb ki, ailə üzvlərinə məxsus əşyaları götürsün, ancaq görüb ki, evdə heç nə qalmayıb.

Hassan yazır ki, kürdlərin peşmərqə qüvvələri də İslam Dövlətinə qarşı mübarizə aparır. Ancaq belə görünür peşmərqə ilə bu Xorasani brigadasının başqa oxşar heç nəyi yoxdur. Xorasani briqadası sünniləri öz evlərindən qovmaqla məşğuldur. Peşmərqə isə buna müdaxilə edə bilmir. Peşmərqə komandiri deyib ki, şiə yaraqlılar onların tutduğu əraziyə kürdlərin girməsinə icazə vermir.

Hasan yazır ki, Yangiya yeganə belə yer deyil.

O, Yangiya ətrafında olan 20-yə yaxın sünni kəndlərindən onlarla belə qaçqın ailəyə rast gəlib.

Ahmed adında bir iş adamı deyir ki, o, öz ailəsini İslam Dövləti yaraqlılarından qorumaq istəyirdi, ancaq indi o anlaya bilmir ki, oz özünü islam dövləti yaraqlıları ilə vuruşmağa gələnlərdən də qorumalıdır.

BUNLARIN NƏ İSLAMLA, NƏ DƏ DÖVLƏTLƏ ƏLAQƏSİ VAR

Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Laurent Fabius Washington Post qəzetində yazır ki, ərəb dilində Daiş deyilən terrorçu qrup Kobanidə dayandırıldı, “biz bu qrupa islam dövləti demirik. Çünki bunların nə islamla əlaqəsi var, nə də dövlətlə”.

Fabius hesab edir ki, Kobanidən sonra Hələb şəhərini xilas etmək lazımdır.

Suriyanın Hələb şəhərində UNESCO-nun siyahısında olan və 5 min yaşı olan məbəd dağıdılıb. Hələb qədim tarixi irs şəhəridir. Bura Bashar Assad rejimi ilə müxalifətin səngəridir. 300 min Hələb sakini didərgindir.

Fabius yazır ki, Daiş və Bashar Assad bir vəhşilik medalının iki üzüdür. Bunların bir ümumi məqsədi var- mötədil müxalifəti məhv etmək. Bu müxalifətin iqamətgahı Hələb şəhəridir. Hələb açıq, plüralistik, demokratik Suriya kimi siyasi alternativ təklif edir. Bu alternativi həm avtoritar hakim Suriya rejimi, həm də Daiş qəbul etmir.

Fabius məqaləsinin sonunda yazır ki, “Kobanidən sonra Hələb şəhərini xilas etməliyik”.

CİHADÇILAR “SCHENGEN”Ə PROBLEM YARADIR

Financial Times qəzeti yazır ki, fransalı cihadçı Mehdi Nemmouche mart ayında Suriyada vuruşub. Sonra Fransaya qayıtmaq istəyib. O əvvəlcə İstanbula gəlib. Sonra Malayziya, Sinqapur və Honq Konqa gedib. Sonra Frankfurta gəlib. Bundan sonra isə Fransaya yola düşüb. Nemmouche bütün sərhədləri asanlıqla keçib, çünki Fransa vətəndaşıdır.

İraqda və Suriyada vuruşun cihadçıların Avropa sərhədləri daxilində vizasız sərbəst hərəkət etməsi isə Avropanın ən mütərəqqi layihələrindən biri olan Schengen müqaviləsini çox böyük sınağa çəkir. 26 ölkə arasında sərbəst hərəkət etməyə imkan verən Schengen müqaviləsini terror əleyhinə mübarizə rəisi bir nömrəli narahatlıq mənbəyi adlandırır.

Qəzet yazır ki, Avropa ölkələrindən azı 3 min adam Suriyada və İraqda vuruşur, və onlar bir gün geri qayıdıb, Avropa ölkələrində terror etməyi düşünə bilər.

XS
SM
MD
LG