Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:48

Ramiz Mehdiyev rəngli inqilablardan, «beşinci kolon»dan və QHT-lərdən yazır


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

-

Dekabrın 3-də AzərTAc Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsini yayıb. Məqalə «İkili standartların dünya nizamı və müasir Azərbaycan» adlanır.

Məqalədə cənab Mehdiyev Qərbi, özəlliklə Birləşmiş Ştatları ikili standartlarda, rəngli inqilablar hazırlamaqda, 5-ci kolon yaratmaqda ittiham edir. Azərbaycan Kommunist Partiyasının keçmiş ideoloqlarından olan Ramiz Mehdiyevin fikrincə, ABŞ rəngli inqilablar vasitəsilə özünü qane etməyən hökumətləri devirir. Prezident Administrasiyasının rəhbəri yazır ki, bu məqsədlə müxtəlif ölkələrdə «beşinci kolon» formalaşdırılır. Müəllif «İraq-Şam İslam Dövləti» (İŞİD) qruplaşmasını da ABŞ-ın yaratdığını qeyd edir. Ramiz Mehdiyev Azərbaycandakı QHT-lərin qeyri-şəffaf fəaliyyət göstərdiyini, beynəlxalq donorlardan alınan vəsaitlərin qeydiyyata alınmadığını iddia edir. O, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatların «siyasi məhbus» saydığı şəxsləri «üzdəniraq siyasi məhbus» adlandırır və həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduğunu bildirir.

AzadlıqRadiosu məqalənin bəzi yerlərini ixtisarla dərc edir. Bu yazıda adıçəkilən şəxslərin, eləcə də digər siyasətçilərin mövqeləri də gün ərzində saytımıza yerləşdiriləcək.

Məqalə belə başlayır:

«Biz hamımız son 25 ildə dünyanın geosiyasi xəritəsinin necə dəyişməsinin şahidiyik. Şərqi Avropa ölkələrində “məxməri inqilablar” “sosializm düşərgəsi”nin dağılmasının və dünya arenasında qüvvələrin yenidən yerləşməsinin başlanğıc nöqtəsi oldu. Dünyanın yalnız bir mərkəzdən idarə edilməsinin təməli qoyuldu. SSRİ dağılandan sonra ikiqütblü dünya faktiki olaraq bir qütblü dünya ilə əvəz edildi və belə dünyada mövcud olmağın bütün xüsusiyyətlərini biz artıq öz gündəlik həyatımızda hiss etməyə başlayırıq».

Müəllif daha sonra «rəngli inqilablar»dan bəhs edir:

«Bu gün politoloqların çoxu qeyd edir ki, «rəngli inqilablar» istənilən regionda təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilir və müstəsna olaraq ABŞ-ı qane etməyən hökumətləri onun nəzarəti altında olan rejimlərlə əvəz etmək məqsədi güdür. Bütün bunlar müxtəlif ölkələrdə, o cümlədən keçmiş SSRİ məkanındakı respublikalarda demokratikləşmə və üzdəniraq «demokratiya proqramları» həyata keçirmək arzusu adı altında baş verir. ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfl riyakarlıqla deyir ki, bu gün ABŞ Prezidenti Barak Obamanın nümayəndələri «rəngli inqilablar»a sponsorluq etmirlər. Bununla belə, o da etiraf edir ki, ABŞ əvvəllər bu işlə məşğul olurdu. O, Yuqoslaviyadakı «buldozer inqilabı» və sonradan Serbiyada baş verən hadisələrdən bəhs edərək açıq etiraf edir ki, «vəziyyətin sabitliyini pozmaq üçün müxalifətə birbaşa pul verilirdi və bu, öz işini gördü».

İKİLİ STANDARTLAR SİYASƏTİ VƏ «BEŞİNCİ KOLON»

Məqalənin bu bölümündə qeyd olunur ki, artıq iki aydır dünya bu dəfə Honkonqda növbəti «rəngli inqilab» cəhdinin şahididir. Bu hadisələr bizə bir daha göstərdi ki, dünyada müəyyən qüvvələr onları qane etməyən hakimiyyətin dəyişdirilməsi üçün «rəngli inqilablar»dan istifadə etmək praktikasından hələ imtina etməyiblər. Hərçənd, bu inqilabların bütün mənfi nəticələri və onların doğurduğu hərc-mərclik göz qabağındadır. Belə kəskin etirazların təşkil olunmasında əsas rol oynayan üzdəniraq «beşinci kolon»dur. Bəs «beşinci kolon» nədir və onun ilhamvericisi kimlərdir? Müxtəlif ölkələrdə «beşinci kolon» fərqli ola bilər. Təcrübə göstərir ki, müvafiq ekspertlər konkret ölkədəki vəziyyəti hərtərəfli öyrənir və çoxsaylı amillərdən asılı olaraq əhalinin bu və ya digər qruplarından «beşinci kolon» formalaşdırmaq üçün həmin qrupları seçirlər. Məlumdur ki, bu anlayış ilk dəfə keçən əsrin 30-cu illərinin ortalarında Madridə hücum edən frankistlər tərəfindən işlədilib. Həmin dövrdə general Frankonun ordusu Madrid üzərinə dörd kolonla hücum edirdi, beşinci kolon dedikdə isə, onun arxa cəbhədə işləyən agentlərinin və təxribatçılarının pozucu fəaliyyəti başa düşülürdü. Sonrakı illərdə bu terminin mənası xeyli dəyişib.

İŞİD-İ ABŞ YARADIB

«Dünya ictimaiyyəti Barak Obamanın ABŞ rəhbərliyinə gəlməsi ilə bu təcavüzkar xarici siyasətin dəyişəcəyinə ümid edirdi. Bəs bu gün biz nə görürük? Suriyada və İraqda özlərini «İraq-Şam İslam Dövləti» (İŞİD) adlandıran terrorçu qruplaşmaya qarşı əməliyyat genişlənir. Halbuki bu qruplaşmanı ABŞ özü Suriya müxalifətini silahlandırmaqla, bunun nəticələrini proqnozlaşdırmadan yaradıb. Bu gün Amerika generalları hətta hava hücumları ilə kifayətlənmir, İŞİD-in məhv edilməsi üçün təkcə hava hücumlarının səmərəli olmamasına əsaslanaraq, Ağ Evdən quru qoşunlarının buraya yeridilməsini tələb edirlər. Məğrib ölkələri ABŞ tərəfindən öz keçmiş «demokratik» müttəfiqlərinə qarşı çox fəal dəstəklənən «Ərəb baharı»nın dağıtdığı ictimai nizamı hələ də tam bərpa edə bilmirlər. Bu regionda bütün xalq tərəfindən seçilmiş liderlər hərbi çevrilişlər yolu ilə devrilir, Qərb demokratiyaları isə yalnız «dərin narahatlıq keçirmələri» barədə bəyanatlar dərc edirlər. Demokratiyaya doğru durmadan irəliləyən hər kəsin arxasında ABŞ-ın dayanması barədə Obamanın ideyalarının gerçəkləşməsi bəs harada qaldı?»

Ramiz Mehdiyevin fikrincə, əgər ABŞ öz milli maraqlarına dönmədən əməl edirsə, onda başqa ölkələr nəyə görə öz maraqlarını inkar etməli və ya anlaşılmaz, dağıntılara gətirib çıxara biləcək güzəştlərə getməlidirlər.

SNOUDEN VƏ YUNUSLAR

«ABŞ-da E. Snouden (Eduard Snowden) barəsində qaldırılmış işi nəyə görə cinayət işi (amma siyasi motivləri olmayan iş) hesab edirlər? Halbuki o da guya əsl liberal kimi hərəkət edib – azadlığı təhlükəsizlikdən üstün tutub, bir sıra milli və beynəlxalq qanunların, normaların ABŞ tərəfindən pozulmasını dünyaya açıqlayıb. Eyni zamanda, ABŞ-dakı və Avropadakı beynəlxalq «qeyri-hökumət» təşkilatları nə üçün Leyla Yunus və Arif Yunus, həmçinin «beşinci kolon»un digər nümayəndələri barəsində cinayət işləri üzrə araşdırmaları siyasi motivli araşdırma hesab edirlər? Nəyə görə ABŞ hamıdan transparentlik tələb edir və korrupsiya ilə mübarizəyə çağırır? Halbuki onun dünyanın müxtəlif guşələrində yaratdığı QHT-lərin fəaliyyəti yetərincə korrupsiyalaşıb və ictimai nəzarət üçün açıq deyildir».

QHT-LƏR YENİ NƏSİL «BEŞİNCİ KOLON»LAR ROLUNDA

«Məsələn, Azərbaycanda «beşinci kolon» yaradılması üzrə müxtəlif QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsi sxemi təxminən belədir. Dövlət Departamenti demokratiyanın yayılması üzrə əsas təşkilat olan USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) üçün pul ayırır. USAİD də öz növbəsində rəngli inqilabların NED (Milli Demokratiya Fondu), İRİ (Beynəlxalq Respublika İnstitutu) və NDİ (Milli Demokratiya İnstitutu) kimi təşkilatçılarını maliyyələşdirir. Bundan əlavə, USAİD yerli QHT-ləri və xarici təşkilatların Azərbaycandakı digər nümayəndəliklərini birbaşa maliyyələşdirir. Bununla yanaşı, Milli Demokratiya Fondu (NED) yerli QHT-ləri və xarici təşkilatların ölkəmizdəki nümayəndəliklərini bilavasitə özü maliyyələşdirir.

«Bu sxem başlıca məqsədi «beşinci kolon»ları formalaşdırmaq və dəstəkləmək olan bütün qeyri-hökumət fondlarının və təşkilatlarının əslində necə işlədiklərini yalnız qismən anlamağa imkan verir. ABŞ-ın vergi ödəyicilərinin pulları əslində bu və ya digər ölkədə hakimiyyətin dəyişdirilməsinə və ya həmin ölkənin hökumətini Amerika Administrasiyasının tələblərini yerinə yetirməyə məcbur etmək üçün xərclənir. Ağ Ev qeyri-hökumət təşkilatlarının şəxsində bu xəyali vətəndaş sektorunu demokratiyanı yayanlar kimi təqdim etməyə çalışır.

«YUMŞAQ GÜC»

Müəllif Nyu-Yorkdan olan geosiyasi analitik Erik Drayser-dən sitat gətirir, onun Seçkilərin Monitorinqi və Demokratiyanın Tədris Mərkəzinin rəhbəri Anar Məmmədli barədə yazdıqlarını qeyd edir: «Təşkilat 2002-ci ildə yaradıldığı andan ABŞ-ın «yumşaq güc»ünün əlavəsi olub. O, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən demokratiyaya dəstək milli fondunun bir qolu olan Milli Demokratiya İnstitutunun (NDİ) maliyyə dəstəyi ilə QHT-nin və vətəndaş cəmiyyəti təşkilatlarının köməyi ilə bütün dünyada «yumşaq güc» yaymaq məqsədilə yaradılıb». Erik Drayser hesab edir ki, Anar Məmmədli və onun «siyasi məhbus» həmkarları əslində ABŞ-ın və onun müttəfiqlərinin agentləridir, onların siyasi və ictimai həyatı bütünlüklə Qərb təşkilatlarına borcludur. ABŞ nə üçün vəzifəsi seçkiləri şübhə altına almaq olan agentlər yerləşdirir və bununla da onun qəzəbinə tuş gəlmiş hökumətləri mütiliyə məcbur edir?

«Vaşinqton strateqlərinin fikrincə, Azərbaycan NDİ-nin fəaliyyətini, «World vision» təşkilatının, Amerika Hüquqşünaslar Assosiasiyasının (ABACELLİ), habelə Beynəlxalq Araşdırmalar və Mübadilə Şurasının (İREX) aktivlərini dondurmaqla hüquqazidd hərəkət edib. Onlar hesab edirlər ki, bütün bu qurumlar bilavasitə ABŞ, Avropa dövlətləri və təşkilatları tərəfindən maliyyələşdirildiyinə görə, Azərbaycan dövləti onların fəaliyyətini tənzimləyən tədbirlər görməməli idi. Bununla yanaşı, aşkardır ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı yeni normativ-hüquqi aktların qəbul edilməsi də bu sahədə qanunçuluğun təmin olunmasına və QHT-lərin müvafiq dövlət strukturları ilə qarşılıqlı fəaliyyətinin asanlaşdırılmasına yönəlib. Şəffaflığın artırılması Azərbaycanda həyata keçirilən bütün islahatların məzmununun əsasını təşkil edir. Biz bu müddəanı əsas tuturuq ki, şəffaflığın təmin edilməsi tədbirləri həm dövlət sektorunun, həm də vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini əhatə etməlidir və bu, ədalətlidir.

QHT-LƏR ŞƏFFAF DEYİL

Ramiz Mehdiyev noyabrın 20-dən qüvvəyə minmiş QHT-lərin fəaliyyəti barədə qanunvericilik aktı – «Qrantlar haqqında» Qanundan bəhs edir:

«Qanuna əsasən qrantları yalnız ölkəmizdə donorlar qismində çıxış etmək hüququna malik olan, filialları və ya nümayəndəlikləri qeydiyyatdan keçmiş xarici təşkilatlar ayıra bilər. Bu, QHT-lər üçün qrantlar ayrılmasının və ən başlıcası, onlardan hansı məqsədlər üçün istifadə olunmasının şəffaflığını təmin edəcəkdir. Bu, ondan irəli gəlir ki, vətəndaş cəmiyyətinin iştirakçılarının, xüsusən beynəlxalq QHT-lərin Azərbaycanda fəaliyyəti yetərincə şəffaf deyildir. Burada korrupsiya və pulların yuyulması faktları mövcuddur, özü də təkcə Azərbaycanda yox, Qərb ölkələrində də».

DONORLAR NAĞD PUL VERİR

«Azərbaycanda «Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi» İctimai Birliyi bir neçə il ərzində 9 qrant sazişi üzrə təqribən 358 min manat alıb. Qanuna görə, bu cür sazişlər qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Lakin bu mərkəz 9 qrant sazişindən yalnız ikisini qeydiyyatdan keçirib. Daha bir nümunə kimi «Sülh və Demokratiya İnstitutu»nu göstərmək olar. Bu institutun rəhbəri Leyla Yunus «Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda» QHT-nin təsisçisi olmadığı halda məhz bu təşkilatın hesablarından müxtəlif valyutalarda iri məbləğlər çıxararaq onlardan şəxsi məqsədləri üçün istifadə edib. Yalnız təəssüflənmək olar ki, xarici QHT-lərin Azərbaycandakı filialları və nümayəndəlikləri çox vaxt milli qanunvericiliyin tələblərini və beynəlxalq hüquq normalarını pozurlar. Məsələn, son illərdə ABŞ-ın Milli Demokratiya Fondu (National Endowment for Democracy – NED) tərəfindən Azərbaycan QHT-lərinə 83 saziş üzrə təqribən 2,8 milyon manat, Amerika Milli Demokratiya İnstitutu (NDİ) tərəfindən 12 saziş üzrə təqribən yarım milyon manat, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX) tərəfindən 35 saziş üzrə təqribən 900 min manat, Avropa Demokratiyaya Dəstək Fondu (EED) tərəfindən 300 min manat, Açıq Cəmiyyətə Dəstək Fondu (Lixtenşteyn) tərəfindən 625 qrant sazişi üzrə 7,6 milyon manat vəsait ayrılıb. Bu qrant sazişlərinin xeyli hissəsi qeydiyyata alınmayıb. Bəzi donorlar QHT-lərə pulu nağd, yəni, rəsmi sənədləşdirmə olmadan verirlər. Bu, ciddi hüquq pozuntusudur. Bütün bunlar heyrət doğurur, ən azı ona görə ki, nəticədə QHT-lər aldıqları vəsaitlərdən müvafiq vergiləri ödəmirlər. Bəzi QHT-lər aldıqları qrantları vətəndaş cəmiyyəti strukturlarının inkişafına deyil, ölkədə konstitusion quruluşu zorakılıqla dəyişmək cəhdlərinə yönəldirlər. Xarici donorlar müəyyən təşkilatları maliyyələşdirməklə onları Azərbaycan qanunlarını və ölkədə sabitliyi kobud şəkildə pozmağa məcbur edirlər. Bununla da həmin donorlar faktiki surətdə vətəndaş cəmiyyəti təsisatlarının inkişafı ilə məşğul olmaq əvəzinə, «beşinci kolon»dan olan müəyyən şəxslərə pul verərək onlardan Azərbaycan dövlətinə qarşı istifadə edirlər. Məsələn, Avropa Demokratiyaya Dəstək Fondu yeganə məqsədi Azərbaycan dövlətinə qara yaxmaq, Azərbaycanın nüfuzunu azaltmaq olan Meydan TV layihəsinə təqribən 300 min dollar məbləğində qrant ayırıb. Bu cür fəaliyyət siyasi riyakarlığın sübutu olmaqla bərabər, həm də vətəndaş cəmiyyəti ideyasının özünün əhəmiyyətinə ziyan vurur.

DÖVLƏT DƏSTƏYİNDƏ PİS CƏHƏT YOXDUR

«Vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyində prinsip etibarilə heç bir pis cəhət yoxdur. Ölkədə vətəndaş cəmiyyəti quruculuğu yolunda Azərbaycan hökuməti də çox tədbirlər görür. Məsələn, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Bu Şura 2008-ci ildə insan hüquqları və demokratiya sahəsində 20 layihəyə 166 min AZN məbləğində maliyyə ayırmışdısa, artıq 2013-cü ildə belə layihələrin sayı 46-ya, onların büdcəsinin ümumi həcmi isə 543 min AZN-ə çatıb. Məgər, bu, Azərbaycan dövləti tərəfindən vətəndaş sektorunun və demokratiyanın əsaslarının inkişafına diqqət və dəstəyin göstəricisi deyilmi? Elə isə bizim vətəndaş cəmiyyətini inkişaf etdirmək və dəstəkləmək cəhdlərimiz Qərb tərəfindən nə üçün tənqid edilir?»

Müəllif Azərbaycan hərbçilərinin vurduğu Ermənistan helikopterindən də bəhs edir:

«Ermənilərin Mi-24 döyüş helikopteri Ermənistan və Azərbaycan qoşunlarını ayıran kiçik sahəyə soxularaq təhdidedici uçuşlar keçirir, bizim qoşunların mövqelərinə hücum etməyə cəhd göstərir. Bu, bizim hərbçiləri cavab hərəkətlərinə sövq etmək üçün şüurlu şəkildə törədilən provokasiya idi. Buna görə də tamamilə təbiidir ki, silahlı qarşıdurmanın bütün qaydalarına əsasən həmin helikopter vurulmalı idi və o, vurulub. Bəs nəyə görə ABŞ Ermənistanı bu təhlükəli provokasiyaya görə qınamır, halbuki Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiyanın ünvanına az qala hər gün xəbərdaredici bəyanatlar səslənir. Ermənistanın ünvanına isə heç nə deyilmir. Məgər bu, ABŞ-ın xarici siyasətində ikili standartların göstəricisi deyilmi?»

RAMİZ MEHDİYEV RAUF ARİFOĞLUDAN SİTAT GƏTİRİR

Ramiz Mehdiyev yazır ki, «Xalq Cəbhəsi və Müsavat partiyalarının çıxış etdiyi «beşinci kolon» öz pozucu hərəkətlərini gücləndirməyə çalışır. Getdikcə daha da radikallaşan Xalq Cəbhəsi Partiyası artıq çoxdan bəri təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilib... Bu partiyaya məxsus olan «Azadlıq» qəzeti yalan və iftira ruporu rolunu yerinə yetirir, onun hər bir səhifəsi intriqalarla, insanların şərəf və ləyaqətini alçaldan materiallar, uydurma və böhtanlarla doludur. Bu partiyanın imici belədir. Bu gün həmin partiya təşkilati böhran və tam deqradasiya həddindədir. Onun fəaliyyəti o dərəcədə abırsız xarakter alıb ki, hətta «Yeni Müsavat» qəzetinin redaktoru da Əli Kərimlinin və onun partiyasının fəaliyyətini kəskin pisləyərək bəyan edir:

«Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub. Əli Kərimlinin və partiyasının – siyasi savadı, geridə qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab edirəm». Bax, belə səmimi etiraf».

«Bu il noyabrın 9-da Bakıda qondarma «Milli Şura»nın, əslində isə Xalq Cəbhəsi Partiyasının azsaylı tərəfdarlarının şəhər hakimiyyəti ilə razılaşdırılmış mitinqi oldu. Mitinqin əsas təşkilatçıları Əli Kərimli və Cəmil Həsənli idi. Mitinqin keçirilməsi faktının özündən göründüyü kimi, radikal müxalifətin səsini heç kəs boğmur. Onlar öz mitinqlərini maneəsiz keçirirlər (bu, müxalifətin xaricdəki donorlarına xatırlamadır. Onların fikrincə, agentlərinin mitinq keçirmələrinə imkan verilmir). Siyasi ekspertlər hesab edirlər ki, bu mitinq əvvəlkilərdən heç nə ilə fərqlənməyib, tam iflas olub və biabırçılıqla başa çatıb:

«O, radikal müxalifətin peşəkarlıq baxımından tamamilə yararsız olmasını göstərdi. Yenə az sayda adam, eyni şüarlar, bir-birinə oxşar çıxışlar, çeynənmiş, zəhlətökən sözlər. Mitinq «Milli Şura» üçün növbəti biabırçılıq oldu». Ekspertlərin fikrincə, bu, radikalların sosial bazasının olmamasının və aqressivliyinin artmasının nəticəsidir. Eldar Namazovun da missiyası bundan yaxşı olmayıb. O, «beşinci kolon»un ən «parlaq» nümayəndələrindən biridir. Bunu yalnız kor adam görməz. O, bu yaxınlarda David Şahnazaryan ilə birgə verdiyi bəyanatda bunu yerinə yetirilmiş borc hissi ilə təsdiq etdi».

«BEŞİNCİ KOLON»A MESAJ

Prezident Administrasiyasının rəhbəri AzadlıqRadiosunun «antiazərbaycan verilişləri təşkil etdiyini, cəfəng bəyanatlarla çıxış etdiyini» yazır.

«Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı «beşinci kolon»u pozucu fəaliyyət üçün geniş meydandan məhrum edib. Onun nümayəndələrinin son sığınacağı cəmiyyəti və hətta prezidentin ətrafını parçalamaq cəhdləridir. Rəhbər işçilər haqqında mütəşəkkil qaydada açıq-aydın yalan məlumatlar yaymaqla hakimiyyəti zəiflətmək üçün gülünc cəhdlər, hakimiyyətdə olan şəxslər arasında guya müharibə qızışması barədə fantaziyalarla onları bir-birinə qarşı qoymaq istəyi onların bəsitliyini və siyasi savadsızlığını bir daha nümayiş etdirir. Onlar İlham Əliyevin ətrafının əvvəlki kimi monolit olmasını, bu ətrafı parçalamaq mümkün olmamasını, Prezidentin ölkə əhalisi arasında və ölkənin hüdudlarından kənarda nüfuzunun və populyarlığının yüksək olmasını başa düşməyərək, dövlətimizin başçısına qarşı birbaşa şəxsi təhqirlərə və çirkin hücumlara keçməyə başlayıblar. Əlbəttə, yaxşısı budur, onlar başa düşsünlər ki, onların aqressiyası özlərinə biabırçılıqdan başqa heç nə gətirməyəcək və nəticədə onlar siyasət səhnəsini tərk etməyə məcbur olacaqlar».

«YUMŞAQ GÜC» KONSEPSİYASI

Müəllif noyabrın 26-da Saxarov adına mükafatın təqdim edilməsi mərasimində Avropa Parlamentinin sədri Martin Şults-un Azərbaycanla bağlı bəyanatına toxunur, onun «üzdəniraq «siyasi məhbuslar» barədə də bəyanat verdiyini» yazır. «Leyla Yunusu xatırlayıb. Əlbəttə, Martin Şults kimi şəxsin dilindən bu cür tənqid səslənməsi nonsens kimi qəbul edilməlidir», yazan Ramiz Mehdiyev Avropa Parlamentinin sədrinin «sağlam məntiqdən məhrum olan çıxışları və qeyri-adekvat mühakimələri ilə «məşhurdur», islamofobiya ideyaları ilə «ad çıxardığını» yazır.

Müəllif ölkənin iqtisadi uğurlarından da bəhs edir, bildirir ki, Azərbaycan kreativ iqtisadiyyatın yaradılması ilə paralel olaraq başqa dövlətlərin daxili işlərinə qarışmamağa əsaslanan «yumşaq güc» konsepsiyasını da formalaşdırmağa başlayıb.

«Ulu əcdadlarımız deyiblər: «Dövlətin müdrikliklə idarə edilməsi təhlükəni azaltmaq və onu xalqdan uzaqlaşdırmaq deməkdir». Dövlətin idarə edilməsi sənətinin mahiyyəti də bundadur. İndiki mürəkkəb şəraitdə İlham Əliyev həm dövlət maşınını enişli-yoxuşlu yollardan keçirərək nəzərdə tutulan məqsədə yönəltməyə, həm də gələcək üçün etibarlı möhkəm təməl yaratmağa nail olub».

XS
SM
MD
LG