Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:14

Arzu Abdullayeva: «Bu baş versə, QHT-lərin vəziyyəti də yüngülləşəcək»


Arzu Abdullayeva
Arzu Abdullayeva

-

Fevralın 4-də Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi üzvləri yenidən bir araya gəlib. Onlar vətəndaş cəmiyyətinin problemlərini müzakirə ediblər. Bu haqda AzadlıqRadiosuna Komitə üzvü Arzu Abdullayeva danışıb:

- Bu Komitə təxminən iki ildir mövcuddur. Bu yaxınlarda biz onun fəaliyyətini bərpa etməli olduq. Vəziyyət o qədər acınacaqlıdır, o qədər problem var ki, hər tərəfdən Azərbaycana qınaq gəlir. Qərar verdik ki, işimizi canlandıraq, təkliflər hazırlayaq.

- Təklifləri yəqin hakimiyyətə göndərəcəksiniz?

- İndi biz qeyri-hökumət təşkilatları ilə bağlı sorğu hazırlayırıq. Bu sorğu əsasında məlumat bazası yaradılacaq. Yəni nə qədər QHT təqib olunur, nə qədərinin hesabına həbs qoyulub, nə qədəri bağlanıb?.. Bütün bunları dəqiqləşdirdikdən sonra hesabat hazırlayacağıq, vətəndaş cəmiyyətinin dəyərləndirilməsini aparacağıq. Yekunda hökumətə, beynəlxalq qurumlara müraciətlər göndərəcəyik. Eyni zamanda, biz müxalifətə də müraciət etməyi düşünürük, istəyirik onlar partiyadakı problemlərini öz aralarında həll etsinlər, çünki bunun ictimailəşməsi insanlarda məyusluq yaradır. Siyasi məhbusların, təqib olunan fəalların məsələsini önə çəkəcəyik. Biz debatlar və forum keçirməyi də düşünürük. İndi kim nə bacarır, öz hesabına edəcək bunu, bank hesablarına həbs qoyulub deyə, maliyyə problemlərimiz var. Amma söz veriblər ki, martdan bu problem qismən həll olunmalıdır.

- Kim söz verib?

- Ədliyyə Nazirliyində söz veriblər ki, qeydiyyat və başqa məsələlər həll olunmalıdır. Bu baş versə, QHT-lərin vəziyyəti də yüngülləşəcək. Çünki vətəndaş cəmiyyəti təqib olunur, bu gün, sözün əsl mənasında, o, sıxma-boğmaya salınıb, ağır vəziyyətdədir.

- Komitə üzvlərindən artıq həbsdə olanlar var: İntiqam Əliyev, Rəsul Cəfərov... Siyasi məhbus məsələsi də Komitənin gündəmində olacaqmı?

- Bu məsələ həmişə gündəmdə birincidir. Hər zaman onların məhkəməsinə gedirik. Həbslər o qədər çoxdur ki, bəzən hamısına çatdıra bilmirik, ona görə növbətçilik əsasında gedirik. Çalışırıq bacardığımız kimi dəstək olaq. Bizim Komitə üzvlərindən bəzisi İnsan Hüquqları üzrə Birgə Qrupdadır. Həmin qrupda da bu yöndə iş aparırıq. Hətta bu günlərdə prezidentə siyasi məhbuslarla bağlı müraciət edəcəyik. İstəyirik bu müraciət təsirli olsun. Ona görə də üzərində düşünürük. İstəyirik həbsdəkilərin günahsız olduqlarını, bununla bağlı hüquqşünasların tutarlı arqumentlərini ortaya qoyaq.

- Arzu xanım, tam ciddi və səmimi olsaq, bu cür müraciətlərin, forumların, görüşlərin, sadaladığınız bütün bunların bir faydası olacağını düşünürsünüz?

- Mən də tam səmimiyəm. Əvvəl təsir gücümüz daha güclü idi. İndi təəssüf ki, təsir gücümüz çox azdır. Amma göstəririk ki, biz varıq, fəaliyyət göstəririk, hər nə qədər bunu büruzə verə bilməsək də. İqtidar, istər-istəməz, bizə qulaq asmalıdır, eləcə də beynəlxalq qurumlara. Yoxsa bizi Avropa Şurasında, Avropa Parlamentində Rusiyanın aqibəti gözləyər... Bizim Qarabağ kimi dərdimiz var. Bütün beynəlxalq qurumlarda müsbət xallar toplamalıyıq. Amma, əksinə, beynəlxalq qurumlar bizdən üz döndəriblər. Ürək ağrısı ilə deyirəm, vəziyyət ürəkaçan deyil. Bizi indi 90-cı illərlə bəlkə də müqayisə etmək olar.

- İnsan Hüquqları üzrə Birgə Qrupda da təmsil olunursunuz. Onun işini necə dəyərləndirirsiniz?

- Onun işini qənaətbəxş saymaq olar. Yəni əla yox, yaxşı da yox, kafi saymaq olar. İki dəfə toplandıq, nəsə nəticə oldu. Amma artıq toplantılar yoxdur. Sadəcə, orda təmsil olunan hüquq müdafiəçiləri öz aralarında toplaşır, siyasi məhbus problemini müzakirə edir, rəsmi qurumlara – Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə gedərək həmin məsələləri qaldırırıq. İşimizə onda yaxşı deyərdik ki, həbsdəkiləri azadlıqda görə bilək.

XS
SM
MD
LG