Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:20

Ölkəni tərk edən sürücülər «Yaşıl kart» almalı olacaqlar


Foto: Arxiv
Foto: Arxiv

-

Maliyyə Nazirliyi «Yaşıl kart» sistemi üzrə fəaliyyət göstərmək istəyən sığorta şirkətləri üçün icbari sığorta tariflərini müəyyən edib.

«Yaşıl kart» ölkəni tərk edən avtonəqliyyat vasitələrinə tətbiq edilən icbari sığorta növüdür və gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

fins.az saytı xəbər verir ki, nazirlik 3 kateqoriya üzrə tarif müəyyən edib. Türkiyə və İrana, Belarus, Moldova, Rusiya və Ukraynaya, «Yaşıl kart» sisteminə daxil olan ölkələrə gedən avtonəqliyyat vasitələri üzrə müxtəlif tariflər tətbiq ediləcək.

İcbari sığorta üçün 1, 3, 6 və 12 aylıq müddətlər müəyyən olunub. Minik avtomobilləri mühərrikinə, avtobuslar oturacaq sayına, yük avtomobilləri çəkisinə görə sığorta haqqı ödəyəcək. Motosikletlər, digər nəqliyyat vasitələri sərhədi keçərkən «Yaşıl kart» sorğusu ilə üzləşəcəklər.

Mühərrikindən asılı olaraq ən az məbləğ illik 80, ən çox 220 manatdır. Avtobuslarda illik 240-360 manat arasındadır. Yük avtomobilləri üçün isə məbləğ 350-440 manat arasında dəyişir. Amma məbləğlər ölkələr üzrə dəyişir.

AZƏRBAYCAN GƏLƏN İL ÜZV OLACAQ

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı AzadlıqRadiosuna deyir ki, icbari sığortanın bu növü bir çox ölkələrdə tətbiq olunur:

«Keçən ilin axırlarında müvafiq qanunvericiliyə «Yaşıl kart»ın tətbiqi ilə bağlı dəyişiklik edildi. Əsas tariflərin müəyyənləşməsi qalmışdı ki, Maliyyə Nazirliyi də bu məbləğləri təyin etdi. Bu o deməkdir ki, gələn ildən artıq ölkəni tərk edən avtomobil «Yaşıl kart» icbari sığortasını da ödəməlidir. Dünyada 1959-cu ildən «Yaşıl kart» bürosu yaranıb, 40-dan çox ölkə bu sığorta sisteminin üzvüdür. Azərbaycan, Gürcüstan və Ermənistan da bu sistemə üzv olmaq üçün gözləyən ölkələrdəndir. Azərbaycan gələn ildən bu büronun tam hüquqlu üzvü olacaq. Bu sığorta sisteminə Avropa ölkələri, İran, Türkiyə, Rusiya da daxildir. Gələn ildən bu ölkələrin birinə daxil olan Azərbaycan vətəndaşı olan sürücü orda hər hansı yol qəzası törədərsə, kimisə vurarsa və hansısa yol hadisəsi baş verərsə, «Yaşıl kart» vasitəsilə zərərçəkənlərə sığorta haqqı ödənəcək.

KİMSƏ RUMINİYADA YOL QƏZASI TÖRƏDƏRSƏ…

Xəyal Məmmədxanlı vurğulayır ki, bu, sürücünün məsuliyyətinin sığortasıdır, maşının yox:

«Məsələn, Azərbaycana məxsus maşın Ruminiyada yol qəzası törədib, kiminsə maşınına zərər vurub, ya piyadaya xəsarət yetirib. Bu halda sığorta ödənilməsi lazımdır. Azərbaycan «Yaşıl kart» sisteminin üzvü olandan sonra sığorta ödənişi ilə bağlı məlumat bizim ölkədə sürücünün icbari sığortasını aparmış şirkətə göndərir, şirkət də sığorta haqqını ödəyir. Yəni deyək ki, mühərrik gücü 2000 kubsantimetr olan minik avtomobilinin sürücüsü 6 ay müddətinə Türkiyə və İrana getdiyi üçün 75 manat ödəyir, orda maşını ilə kiməsə ziyan vurur. Bu zaman onun məsuliyyətindən yaranmış zərəri Azərbaycandakı sığorta şirkəti ödəyəcək. Deyim ki, Azərbaycanla müqayisədə Avropa ölkələrində sığorta məbləği çox yüksək olur, buna görə də yol hadisəsi zamanı «Yaşıl kart» sürücünün dadına çatacaq».

BAŞQA ÖLKƏNİN SƏRHƏDİNDƏ «YAŞIL KART» SORĞUSU

Ekspert əlavə edir ki, Azərbaycana məxsus avtomobil «Yaşıl kart»a qoşulan ölkəyə daxil olanda, sərhəddə ondan «Yaşıl kart» soruşulacaq:

«Ona görə də «Yaşıl kart» sisteminin üzvü olan ölkəyə getməyə hazırlaşan sürücü bu ölkədə olduğu müddətə müvafiq sığorta məbləği ödəyib «Yaşıl kart» almalıdır».

İrana, Türkiyəyə Azərbaycandan sərnişin avtobusu gedir, birillik «Yaşıl kart» alan sürücü 240-360 manat sığorta məbləği ödəyəcək. Bu xərc gedişhaqqına təsir edə bilərmi? Xəyal Məmmədxanlı hesab edir ki, bu məbləğ gedişhaqqını artıracaq qədər də yüksək deyil:

«Xərcdir, ancaq fikrimcə, buna xərc kimi yox, elə sığorta kimi də yanaşmaq lazımdır. Heç kim zəmanət verə bilməz ki, nəqliyyat vasitəsini idarə edərkən hər hansı hadisə ilə üzləşməyəcəksən. Ödədiyin sığorta isə səni daha iri məbləğlərdən qoruyacaq».

XS
SM
MD
LG