Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:14

Əli Kərimli: «O zaman məcbur olub boykot qərarı da verə bilərik»


Əli Kərimli mitinqdə
Əli Kərimli mitinqdə

-

«Bizim rəqiblərimizdən biri də ümidsizlikdir. Xeyli dərəcədə insan inildəyir, hətta intihara əl atır, ancaq etiraz etmir».

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna müsahibə verib.

- Əli bəy, bayramınız mübarək. Azərbaycanda belə adət var ki, bayramda yaxşı şeylərdən danışmalısan ki, il də yaxşı keçsin. Bu baxımdan pozitiv olsaq 2015 yaxşı nə vəd edir?

- (Gülür) Bayramınız mübarək olsun. Mən də çox istərdim ki, yaxşı şeylər görüm, müşahidə edim. Amma çox təəssüf ki, ilin əvvəlindən çox neqativ hadisələr baş verib. Hesab edək ki, onlar Şərq təqvimi ilə keçən ildə qaldı. Bu il yaxşı hadisə nə ola bilər? Azərbaycan xalqı bütün baş verənlərdən sonra birmənalı şəkildə qəbul etsin ki, öz taleyinə sahib çıxmasa, talana ciddi etiraz etməsə, həyatı yaxşılaşmayacaq. Bundan sonra Azərbaycanda yalnız bir faktor sosial-iqtisadi vəziyyətin pisləşməsinin qarşısını ala bilər. Bu da Azərbaycan xalqının elliklə öz hüquqları uğrunda, ilk növbədə də sosial-iqtisadi hüquqları uğrunda mübarizəyə qoşulması ola bilər. Bunun simptomları var, 15 martda keçirdiyimiz etiraz mitinqi kifayət qədər yaxşı alındı. Azərbaycanda olan şərtləri, müxalifətin imkanlarının məhdudluğunu, basqıları nəzərə alanda mitinq yetərincə kütləvi oldu. Bunu pozitiv siqnal kimi qəbul edirəm.

- Sizcə, manatın devalvasiyası ilə bağlı keçirilən bir-iki etiraz aksiyası yetərlidirmi? Yəni, hökumət bundan sonra məcbur qalıb hansısa addım atmağı düşünəcəkmi?

- Xeyr, baxmayaraq ki, biz çox vaxtında və yerində addım atdıq. Sağ olsun həmin minlərlə insan, bizim mitinqə gəldilər və aparılan sosial-iqtisadi siyasətdən narazı olduqları ilə bağlı hökumətə mesaj verdilər. Amma bizim keçirdiyimiz mitinqin miqyası hələlik o səviyyədə deyil ki, hökumət təşvişə düşüb korrupsiyanı, monopoliyanı yığışdırsın. Hazırda bizim hədəfimiz odur ki, yaranmış sosial-iqtisadi böhranı xalq üçün imkana çevirək. Biz xalqın fəallaşmasına nail ola bilsək, hökumət də narahat olar və korrupsiyanı heç olmasa müvəqqəti, 2011-ci ildə olduğu kimi, pəhriz kimi dayandırar, eləcə də monopoliyanı da dayandırar. Bizim təzyiqlər nəticəsində, ola bilsin, sahibkarlara yeni imkanlar yaranar, kənd təsərrüfatının inkişafına dəstək ola bilər və s. Amma hələlik mən də o fikirdə deyiləm ki, bizim 15 martda keçirdiyimiz mitinq bunun üçün kifayətdir. Onun üçün də qərara gəldik ki, mitinqin davamı olsun. Burda iki şərt var. Biz həm israrlı olmalıyıq, həm də kütləvi. Milli Şura rəhbərliyi kimi israrlı olmağı boynumuza götürə bilirik, amma kütləvilik məsələsində xalqımızın dəstəyinə ehtiyacımız var. O vaxta qədər ki Azərbaycan insanı bu haqsızlığa, təbəqələşməyə, azğın xərcləmələrə etiraz etməyəcək, – heç nə olmamış kimi gündə bir futbol klubuna 40 milyon, 20 milyon xərcləyirlər – etirazlarımız kütləvi olmayacaq, Azərbaycan iqtidarı düşünəcək ki, xalq onsuz da dözür. On minlər küçələrə çıxıb mesaj verməliyik ki, bəsdir artıq, dözmək imkanımız yoxdur.

- Əli bəy, etiraz aksiyalarında yetərincə kütləvilik alınmırsa, səbəb nədir? Bəlkə manatın devalvasiyası insanları elə də narahat etmir? Ya bəlkə başqa səbəb axtarmaq gərəkdir?

- Mən hesab etmirəm ki, kütləvilik alınmayıb. Azərbaycanın miqyasını, burdakı repressiyaları götürək. Bu ölkədə 90-100 nəfər siyasi məhbus var, bizdə siyasi məhbusların sayı 144 milyonluq Rusiyadakından iki dəfə çoxdur. Bizim mitinqə çıxanlar az da deyil. Sadəcə, bizim hökumətimiz antidemokratik olduğundan buna daha böyük kütlə lazımdır. Daha böyük kütlənin meydana çıxmamasının da səbəbi var. Birinci səbəbi hələ də qorxudur. Bu qədər siyasi məhbus nəyə görə var? Qorxu yaratmaq üçün. İkincisi, hökumət çox ciddi şantaj siyasəti aparır, onun nəzarətindəki bütün KİV-lər səhərdən axşama qədər Suriyanı, Liviyanı göstərir, xalqı qorxudurlar ki, hökumətə etiraz edən kimi burda qırğın düşəcək. Bizim ölkədə qırğına rəvac vermək fikrimiz yoxdur. Biz istisnasız olaraq dinc mübarizə tərəfdarıyıq. Hökumət də bunu gözəl bilir. Ancaq hökumət xalqı bilərəkdən şantaj edir, guya hüquqlarınız uğrunda mübarizə başlasa, qarşıdurma yaranacaq. Eyni zamanda, uzun zamandır ölkədə repressiya şəraitində qəbiristanlıq sükutu təmin olunub. Bəzi insanlar bu şəraitdə inamlarını itiriblər. Onlar inanmırlar, bir ölkədə ki qanun yox, məhkəmə yox, parlament yox, danışan cəzalandırılır, belə ölkədə dinc, demokratik yolla mübarizənin nəticə verəcəyinə ümidlərini itiriblər. Bizim rəqiblərimizdən biri də ümidsizlikdir. Xeyli dərəcədə insan inildəyir, hətta intihara əl atır, ancaq etiraz etmir. Çünki etirazla ölkədə dəyişikliyə nail olacağımıza hələ hamını inandıra bilməmişik. Əlbəttə, biz başa düşürük ki, istənilən nəticə yoxdursa, burda bizim də məsuliyyətimiz də var. Burda bir faktor da var – informasiya mühiti məhduddur. Mitinq haqda məlumatları 9 milyonluq ölkədə ancaq 300 min adama çatdıra bilirik. Azad mətbuat yoxdur, internet də azad deyil... Nəinki televiziyaya çıxmaq imkanı yoxdur, razılaşdırılmış mitinqlə bağlı plakat yapışdırmağa belə aman vermirlər. Azərbaycan insanı baş verənlərin fərqindədir. O gördükcə ki vəziyyət pisləşir, hakimiyyət yenə bədxərclik edir, pulu çöllərə tökür öz hüquqları uğrunda mübarizəyə qoşulmağın alternativi olmadığı qənaətinə gələcək.

- Siz mitinqlərə gəlməməklə bağlı bir sıra amilləri sadaladınız, qorxu, ümidsizlik və s.... Müxalifətin son illərdə elektoratın ona olan inamını, etimadını boşa xərcləməsi də bu amillər arasında yoxdurmu?

- Yəqin ki var. Hakimiyyət son illər müxalifətə qarşı bütün imkanlardan yararlanıb qara piar aparır. Bu kampaniya da bir çoxlarının təsəvvürünə təsir göstərib, inamsızlıq yaradıb. Bir məqam da. Bir çox insanlar mübarizənin indiki mərhələsində iştirak etmək istəmirlər, həlledici məqamda mübarizəyə qoşulmağı düşünürlər. Bir az da özlərini sığortalayırlar. Müxalifət bir qüvvə deyil.Bunu bəyənmirsən o birinin arxasınca get, onu bəyənmirsən, başqasını seç, heç kimə etimadın yoxdur, onda özün müxalifətçi kimi mübarizə apar.

- 2014-cü ilin sonlarında bir çoxları kimi siz də bu il üçün belə bir proqnoz vermişdiniz ki, Avropa Oyunları və parlament seçkiləri ərəfəsində hakimiyyət basqıları azaldacaq, siyasi məhbuslar azadlığa buraxılacaq və ilaxır. Bu ilin 3 ayı bitməkdədir, həmin nikbin proqnozlarınız qüvvəsində qalırmı?

- Mənim proqnozlarım siyasi fəallıqla bağlı olub. Bu da artıq görünür. Ancaq məntiqlə bu qədər basqıların altında hakimiyyət geriyə addım atmalıydı. Çox təəssüf ki, bu addımlar atılmır. Bu hakimiyyət hər dəfə insanları təəccübləndirir. Biz proqnoz verəndə sağlam məntiqdən çıxış edirik, yəni bütün beynəlxalq qurumlar Azərbaycana təzyiq edir, ölkənin imici bərbad olub, bütün dünyada Azərbaycan iqtidarı repressiv, korrupsioner hökumət kimi tanınır. Ölkənin adını bu qədər bədnam edəndən sonra hansısa futbol klubunun köynəyinə «Land of Fire» yazmaqla nəyə nail olursan? Düşünürdük ki, bu ölkəni idarə edənlərin də azacıq məsuliyyət hissi olmalıdır, bu qədər basqıdan sonra, ölkənin daha da rüsvay edilməməsi üçün geriyə addımlar atılacaq, vicdan məhbusları azad ediləcək, xırda islahatlar aparılacaq. Ancaq razıyam ki, hökumət bizi hər dəfə təəccübləndirir. Onlar hər dəfə bizə təlqin edirlər ki, heç nə onların şəxsi maraqlarından, qazanc maraqlarından müqəddəs deyil, nə ölkənin imici, nə də perspektivi.

- Ölkənin imici məsələsinə toxundunuz. Hakimiyyət böyük pullar xərclədiyi Avropa Oyunlarının ölkənin təbliğatı, imici üçün mühüm olduğunu deyir, müxalifətsə əksini iddia edir. Siz nə düşünürsünüz?

- Gərək adam ayağını yorğanına görə uzatsın. Bir halda ki bizim ölkənin büdcəsi 19-20 milyarddır, 8 milyardlıq oyun bizim nəyimizə yaraşır? Bir halda ki bizim ölkənin sosial büdcəsi 4 milyarddır, onun ikiqatını Oyunlara qoymaq nəyimizə yaraşır? Almaniyanın ÜDM-i Azərbaycandan 54 dəfə artıqdır. Ancaq o da bu Oyunları keçirməyi özünə rəva görmədi, artıq xərc kimi baxdı. Beynəlxalq mətbuatda bu Oyunlara 8 milyard xərcləndiyi yazılıb, ancaq sizin radionun araşdırması göstərdi ki, ən azı Oyunlara xərclənən 4 milyardı tapıb ortaya çıxarmaq olar. Bu, nəhəng rəqəmdır. İndi hansı zamandır ki, Azərbaycan hökuməti var-dövləti ilə dünyanın gözünü qamaşdırsın? XXI əsrdə insanlar var-dövlətlə fəxr etmirlər, insani həyatla, elmə-təhsilə münasibətlə, müstəqil, ədalətli məhkəmə sistemi ilə fəxr edirlər. Məqsəd Azərbaycanı populyarlaşdırmaq idisə, ona nail olurlar. Hər gün dünyanın nüfuzlu KİV-ləri Azərbaycandakı korrupsiyadan, repressiyadan yazırlar. Bu populyarlığımı axtarırdı Azərbaycan hökuməti? Nəyə lazımıydı bu milyardları xərcləmək? Azərbaycanın o stadionlara, idman qurğularına qoyduğu milyardların xeyrini görmək şansı yoxdur. Hətta Avropa dövlətlərində bu xərclər özünü doğrultmur, Yunanıstan olimpiadadan sonra hansı vəziyyətə düşüb hamı bilir.Bu xərclər Azərbaycana yaraşmırdı.

- Bu il parlament seçkiləri keçirilməlidir. Seçki ovqatı hiss olunurmu? Proqnoz nədir? Qatılacaqsınız seçkilərə?

- Bu gün ölkədə seçki mühiti yoxdur. Öz təcrübəmdən deyim. Mən 2005-ci ildə 31-ci Suraxanı seçki dairəsindən millət vəkili seçilmişəm. Sonra nəticələri ləğv olunub. Avropa İnsan Haqları Məhkəməsi mənim xeyrimə qərar çıxardıb, hökuməti cərimələyib, mən də o pulu almışam. 2010-cu ildə yenə həmin dairədən namizədliyimi vermişəm, yenə həmin saxtakar dairə seçki komissiya üzvləri iş başındadırlar, hüquqlarımı yenə pozublar, iş yenə Avropa Məhkəməsindədir. Komissiya üzvləri yenə də dəyişməyib. Komissiyalar yenə hökumətin nəzarətindədir. Bu şəraitdə demokratik seçki təsəvvür etmək çətindir. Amma indi ictimai-siyasi canlanma var. Azərbaycan xalqı o qənaətə gəlsə ki, problemlərin kökündə hüquqsuzluq dayanır, seçki hüquqları uğrunda ciddi mübarizə mümkün olsa, o zaman 15-ci ilin payızında situasiya xeyli dərəcədə fərqlənə bilər. Biz Milli Şura olaraq seçkilərə hazırlıq siyasəti aparırıq, boykot haqda qərarımız yoxdur. Biz seçkilərdə iştirakda maraqlıyıq. İnsanları kütləvi şəkildə bu işə qoşmaqda maraqlıyıq. Amma, əlbəttə, elə bir vəziyyət yaranar ki, seçkilərdə iştirakın mənası qalmaz, biz bunu da istisna etmirik. O zaman məcbur olub boykot qərarı da verə bilərik. Hələlik demokratik seçki mühiti yoxdur. Bu mühitin dəyişməsi üçün bizim vaxtımız var.

XS
SM
MD
LG