Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:14

Hökumət 1-ci rübü kəsirlə başa vurub


Foto illüstrasiya
Foto illüstrasiya

-

2015-ci ilin birinci rübündə dövlət büdcəsinin gəliri 4 milyard manata yaxın, xərcləri isə 4 milyarddan çox olub. 251 milyon manat büdcə kəsiri (defisit) yaranıb.

Maliyyə Nazirliyinin aprelin 15-də yaydığı məlumata görə, 2015-cü ilin birinci rübündə dövlət büdcəsinin mədaxili proqnoza qarşı 1.0 faiz çox olub.

Vergilər Nazirliyi mədaxil proqnozu 102.6 faiz icra edərək dövlət büdcəsinə 1 milyard 500 milyon manatdan çox vəsait ödəyib.

Maliyyə Nazirliyi bildirir ki, bu vəsaitin 69.5 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu isə2014-cü ilin müvafiq dövrünə nisbətən 4.6 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi də proqnozu 100.5 faiz əməl edərək büdcəyə 341.9 milyon manat ödəyib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 3.5 faiz çoxdur.

Dövlət Neft Fondundan isə dövlət büdcəsinə 2 milyard manata yaxın vəsait transfert edilib.

1 MİLYARD MAAŞ VƏ TƏQAÜDƏ, 1.5 MİLYARD YENİDƏNQURMA İŞLƏRİNƏ XƏRCLƏNİB

Maliyyə Nazirliyi bildirir ki, bu ilin ilk 3 ayı ərzində dövlət büdcəsi xərclərinin 33 faizi (1 milyard manatdan çox) sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.

Nazirliyin açıqlamasına görə, müdafiə, səhiyyə, iqtisadi fəaliyyət, sosial müdafiə və sosial təminat xərcləri ötən ilin 1-ci rübü ilə müqayisədə artıb.

«Cari ilin üç ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 507.7 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 911.6 mln. manat vəsait yönəldilib», - açıqlamada deyilir.

«BÜDCƏ İNVESTİSİYAYÖNÜMLÜDÜR»

Müstəqil iqtisadçılar 2015-ci il dövlət büdcəsində səhiyyə, elm, təhsil xərclərinin az olması, daha çox investisiyayönümlü tərtib edilməsini tənqid ediblər. Ötən il büdcənin Milli Məclisdə müzakirəsi zamanı iqtisadçı Rövşən Ağayev bildirmişdi ki, büdcənin təxminən hər 3 manatından bir manatı investisiya xərclərinə yönəldiləcək:

«İnvestisiya xərclərinin isə təxminən 25 faizi yayda keçiriləcək Avropa Olimpiya Oyunlarının təşkilinə yönəldilib»-ekspert təhlilində açıqlamışdı. Onun dediyinə görə, ümumilikdə büdcənin yarısı investisiya və müdafiə xərclərinə gedəcək: «Sosial büdcənin payı təxminən 20 faiz ətrafındadır. Sosial xərclər qonşu Gürcüstan və Qazaxıstanla müqayisədə çox azdır. Bu ölkələrdə sosial xərclər büdcənin 40 faizini təşkil edir», - o qeyd edib.

2015-ci il dövlət büdcəsinin gəlirləri təxminən 19 milyard 500 milyon manat, xərcləri isə 21 milyard manat proqnozlaşdırılıb. Neft Fondundan il ərzində 10 milyard manatdan çox vəsaitin transferti nəzərdə tutulub.

XS
SM
MD
LG