Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:41

Rəsul Quliyev ABŞ-ın Azərbaycana sanksiya tətbiqini real saymır (MÜSAHİBƏ)


Rasul Quliyev
Rasul Quliyev

.

Gözlə

No media source currently available

0:00 0:10:42 0:00
Direct-ə keçid


Rəsul Quliyev deyir ki, ötən 10 ilə yaxın müddətdə bəzi ABŞ rəsmiləri, konqresmenlərlə münasibətləri elə yaxınlaşıb ki, hətta buna “dostluq” da demək olar.

Milli Məclisin eks-spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevlə telefonla danışırıq.

Deyir ki, həyatında xüsusi bir dəyişiklik yoxdur: regionda və Azərbaycandakı prosesləri yaxından izləyir, mütaliə edir, yazılar yazır, idmanla məşğul olur:

“Hər şey normaldır, əgər Azərbaycandakı prosesləri belə uzaqdan izləmək məcburiyyətində qalmasaydım. Siyasi proseslərdən kənarda qalmaq məni sıxır”.

Azərbaycan hökuməti ABŞ-ı Azərbaycanda insan haqlarının vəziyyətini yersiz tənqid etməkdə suçlayır, bəzi Azərbaycan liberalları, hətta regionu izləyən amerikalı mütəxəssislər iddia edirlər ki, ABŞ gərək Azərbaycana hansısa sanksiyalar tətbiq edərdi. Rəsul Quliyev bu haqda deyir:

- İstənilən hökumətə qarşı nəticəni görmədən hansısa sanksiyanı tətbiq üçün gərək "idiot" olasan. Azərbaycandakılara elə gəlir ki, sanksiyanın tətbiqi asandır və hər şey düzələcək. İlk baxışda Rusiyaya qarşı ağır sanksiyalar tətbiq olunub. Amma Rusiya iqtisadiyyatının yıxılmasının əsas səbəbi neftin qiymətinin düşməsidir.

İrana qarşı görün neçə illər ərzində sanksiyalar tətbiq olundu, İran yıxılmadı ki?! Tutaq ki, Azərbaycana qarşı “nefti almırıq” sanksiyası tətbiq olundu, nə baş verəcək o zaman?

Biz bazara çox da böyük həcmdə neft çıxarmırıq- gündə 600 min barrel neft satırıq. Bu həcmdə neft heç Türkiyənin tələbatını ödəmir. Türkiyə gündə 1 milyon 200 min barrel neft istehlak edir. Bu sanksiyanın nə nəticəsi olacaq o zaman? Heç bir şey.

Sanksiyaları tətbiq edib Azərbaycanla əlaqəni kəsməyin nəticəsi nə olacaq, sanksiya tətbiq etməyib daim təzyiq etməyin nəticəsi nə olacaq? Bunları hesablamaq lazımdır.

Sözsüz ki, Amerikada oturan siyasətçilər sanksiyaların nəticəsinin nə olacağını fikirləşirlər. Hələ ki, sanksiya üçün əsas görmürlər. Biri var ki, sanksiyanın tətbiqindən ruhlanan müxalifət güclənir və daxildən rejimə qarşı mübarizə apara bilir, daxildən rejimi məcbur edir ki, demokratik islahatlara getsin, o zaman bu addımı atmaq olardı.

Biri də var ölkənin daxilində sükutdur, durğunluqdur, ümumiyyətlə müxalifət adlı bir şey yoxdur, o zaman sanksiyaların nə faydası ola bilər? Odur ki, Amerika siyasətçisi olsaydım, mən də belə addım atardım.

Ya da tutaq ki, rəsmilərə səyahət qadağası qoyuldu, bunun nə faydası olacaq? Birinci növbədə Azərbaycan daxilində mübarizə aparacaq qüvvə olmalıdır.

-Bəs hazırda ABŞ Azərbaycan hökumətinə qarşı hansısa təzyiqlər edirmi, sizcə?

Rəsul Quliyev nəvəsi ilə
Rəsul Quliyev nəvəsi ilə

- Elə çıxmasın ki Leyla Yunusa görə və ya digər siyasi məhbuslara görə ABŞ hökuməti Azərbaycana təzyiqlər etmir. Dəqiq bilirəm ki, təzyiqlər edir.Amma yalnız qorxutmaqla. Məsələn, deyir ki, bax, biz səninlə dostluğu kəsə bilərik, sən nahaq yerə demokratiyaya getmirsən, sən nahaq yerə camaatı həbs etmisən və s. Amma bu sözlərdən sonra sanksiya tətbiq etmək üçün baza yoxdur. Odur ki, Amerika bu məsələni Azərbaycanı dilə tutmaqla həll etmək istəyir. Sanksiyaları qoyaq bir kənara.

Azərbaycan hökumətinin liderlərindən tutmuş aşağıdakı məmurlara qədər xarici ölkələrin banklarında milyardları var - ABŞ bu milyardları dondura bilər. Qorxutmağın yollarından biri də onları hesabları dondurmaqla hədələməkdir. Amma hesabları dondurmaq da çox qısa müddətdə effekt verən deyil.

Məsələn, banklarda olan bir neçə hesab haqqında İngiltərə, ABŞ xarici kəşfiyyat idarələri bilir. 90 faiz pulları isə gərək axtarıb tapasan. 90 faizi axtarıb tapmaq üçün gərək milyardlar xərcləyəsən. Nə üçün bu işi görməlidirlər?!

Üstəlik, banklara təsir edib hesabları dondurmaq məsələsi var. Bunlar mürəkkəb məsələlərdir. Bunlar o vaxt baş verə bilər ki, ölkədə müqavimət göstərə bilən qüvvə olsun. Belə qüvvə yoxdursa, heç bir dəyişiklik etmək mümkün deyil.

Ölkənin daxilində müqavimət qüvvəsi yoxdursa, kənardan sanksiya, təzyiq və embarqo ilə bir şey etmək olmaz. Odur ki, ABŞ və Avropa ölkələrinin hamısı ölkənin daxilində nə isə müqavimət yaratmaq istəyir, amma bu da alınmır.

Ona görə alınmır ki, özünü müxalifət elan etmiş şəxslərin hər birinin müxalifətdə 20 illik, heç bir uğuru olmayan təcrübəsi var. Elə də asan deyil, ABŞ-ın müdaxiləsi. Elə deyirlər ki, Amerika istəsə bunu edər. Gülünc sözlərdir.

Amerika istədiyini o vaxt edə bilir ki, gedib ölkəni işğal etsin. ABŞ kənardan heç nə edə bilməz Azərbaycana. Mümkün olan bir şey deyil. Amma Azərbaycanı işğal etməyə bir səbəb varmı? Bunu edərmi?

Hər halda Rusiyanın qonşuluğunda olan bir dövlətdir və Azərbaycanı işğala səbəb də yoxdur. Odur ki, “Amerika istəsə” azərbaycanlıların çeynənmiş sözləridir. Amerika Ukraynada istəyir edir, amma Azərbaycanda eləmir?

Bəs, axı Ukrayna altı min nəfərlik qurban verdi azadlıq uğrunda. Orda insanlar vuruşur axı. Deyirlər gürcülərə kömək edir Amerika. Gürcülərə necə kömək etməsin?! Gürcülərin daxilində müxalifət var idi.

-Bəs, Sizcə Azərbaycan rəsmilərinin ABŞ-a artan hücumları nə ilə nəticələnə bilər?

- Nədənsə siz jurnalistlərin gördükləri Azərbaycanın ABŞ-a qarşı sərt münasibəti mən görə bilmirəm. Azərbaycan son 20 ildə hər il bir dəfə ABŞ-la əlaqədar sərt mövqe göstərir.

Siz jurnalistlər təəssüf ki, hadisələrin xronikasına baxmırsınız, eyni hadisələrin hansı ardıcıllıqla baş verdiyini araşdırmırsınız. Araşdırsaydınız hər il Dövlət Departamentinin insan haqları hesabatından sonra Azərbaycanın ABŞ-a qarşı müvəqqəti sərt mövqe tutduğunun şahidi olardınız və qeyri-adi bir şeyin baş vermədiyini görərdiniz.

Azərbaycan son həbslərlə əlaqədar ABŞ-ın göstərdiyi təzyiqi zəiflətmək üçün müqavimət göstərmək istəyir. Düşünür ki, bu məqsədlə ABŞ-Rusiya münasibətlərinin korlanmasından istifadə etmək olar, yəni, sən təzyiqləri azaltmasan mən də üzümü Rusiyaya çevirərəm.

Əlbəttə bu, uşaq siyasətidir, nəticə etibarı ilə Azərbaycanın ABŞ-ın təzyiqlərini zəiflətmək üçün bir yolu var, o da siyasi dustaqların bir neçəsini azad etməkdir. Azərbaycan öz taleyini Qərblə bağlayıb, onu qırmaq faktiki mümkün deyil.

Azərbaycanın Rusiya ilə əlaqələri iki faiz, Qərblə 98 faizdir. Azərbaycanın ABŞ-ın hansısa kabinetlərində çevriliş hazırlaması barədə sayıqlamaları qeyri-ciddi məsələdir, çünki bu işi görmək üçün Azərbaycanda şərait sıfra bərabərdir.

Azərbaycanın ABŞ-a qarşı irəli sürdüyü ittihamların sonu ancaq və ancaq siyasi dustaqların bir hissəsinin azad olunması ilə nəticələnəcək.
Yəni, məsələn, Xədicə İsmayılın azad olunması ilə adekvat təzyiqlərin azalması müşahidə olunacaq.

Bilirsiniz, kimlərinsə ABŞ-la Azərbaycan əlaqələrini soyuq müharibə səviyyəsinə qaldırmasından komik fikir olmaz. Ola bilər Azərbaycan soyuq müharibə səviyyəsindədir, ancaq sizi əmin edirəm ki, bundan Amerikanın xəbəri yoxdur.

ABŞ-ın istənilən bir ştatının (məsələn kiçik Rod Ayland ştatı) iqtisadiyyatının 30 faizi həcmində məhsul istehsal edən bir ölkənin ABŞ-la yox, heç məsələn, Qazaxıstanla da soyuq müharibə aparmaq şansı yoxdur.

Əlavə.

Eks-spiker Rəsul Quliyev Azərbaycanı 1996-cı ildə tərk edib. Özü ölkəni tərk etməyi və geri qayıtmamasının səbəbini belə izah edir:

Mən 1993-cü ildə Parlamentin sədri seçiləndə 3-4 cümləlik bir çıxış etmişəm. Cümlənin biri belə idi: “Biz Heydər Əliyevlə bir komandadayıq, fikir ayrılığı olarsa, istefa verəcəyəm. 1996-cı ildə fikir ayrılığı dözülməz həddə çatdı. Mən ölkənin inkişafını demokratiyada, H.Əliyev isə avtoritarizmi və ən yaxşı halda idarə edilən demokratiyada görürdü.

Haqqımda qondarma cinayət işi açılıb. Bu cinayət işi öz absurdluğu ilə Ginnes kitabına düşə bilər. Cinayət işinə görə mən o dövrdə (1991-1993-cü illər) Azərbaycanın olmayan neftinin kimlərəsə satmağına şərait yaratmışam.

Ortada nə neft var, nə alan, nə satan, nə də mənim imzamla olan sənəd. Bu absurd cinayət işi hələdə götürülməyib. Mən Azərbaycana dönəndə həbs olunacağam. Azərbaycan məhkəmələri olan ölkədə səni nə gözləyir hər bir şəxs bilir. Ona görə də Azərbaycana qayıdıb boş-boşuna, heç bir xeyirin olmadan ömrünün axırına qədər həbsxanada oturmağı ancaq ağıldan kəm adam edə bilər”.

2005-ci ildə Baş prokuror Zakir Qaralov deputatlığa nəmizəd Rəsul Quliyevin üzərindən Milli Məclisə seçkilərdə iştirak edən namizədlərə şamil olunan toxunulmazlığın götürülməsi haqqında qərar çıxarıb, barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Daxili İşlər Nazirliyinə tapşırıq verib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Rəsul Quliyev 1990-1995-ci illərdə «Azərneftyağ» zavodunun direktoru işlədiyi dövrdə 107 milyon ABŞ dolları məbləğində dövlət əmlakını mənimsəyib.

Baş Prokurorluğun məlumatına görə, 2000-ci ildə Rəsul Quliyev haqqında axtarış elan edilib.

XS
SM
MD
LG