Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:41

Rəşad Babalının 20-liyə düşməyən hekayəsi


Rəşad Babalı
Rəşad Babalı

-

Bu hekayə "Ədədi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal almayıb.

Rəşad Babalı

GECİKMƏ

Yeni aldığı telefonu zəng çalanda böyük loxmanı ağzına təzə qoymuşdu. Tez-bazar ağzındakını çeynəyib uddu. Deyinə-deyinə əlini telefonun ekranında sürüşdürdü.

-Hə qaqa.

Bir müddət susduqdan sonra

-Yoldayam eee, vallah gəlirəm. Maşını xoddamaq istəyirdim sən zəng elədin. Elə şey olar. Söz vermişəm axı.

Danışandan sonra telefonu stolun üstünə atıb deyindi: Zalım oğlu elə bil altıaylıqdı. Hara tələsirsən, gəlirəm də.

Zakir yeməyinə davam etdi. Onu tələsdirən dostu Orxan idi. Orxanın bacısının keçən ay nişanı olmuşdu. Oğlan evi toyu tələsdirdiyindən qız evi cehizin çatışmayan hissələrini qohum-qonşudan, bankdan aldıqları borclarla birtəhər tamamlayıb oğlan evinə göndərirdi. Gələcək bəyin evi tam hazır olmasa da, cehizlər gəlməliydi. Toydan sonra çiçəyi burnunda olan cütlük bəyin daimi iş yeri olan Ukraynaya getməliyidilər.

Zakir heç tələsmirdi də. Kənardan baxan olsaydı, deməzdi ki, bir az öncə onu kimsə həyəcanlı şəkildə tələsdirirdi. Rahatca yeməyinə davam etdi.

Zakirin bir ortatonnajlı yük maşını vardı. Üstü bağlıydı deyə əsasən ev əşyalarının daşınmasına yarayırdı. Bu maşını Orxanın sayəsində almışdılar. Belə ki, Zakir atası öləndən sonra 12 sot həyətyanı torpağın 4 sotunu satıb özünə “dördgöz mersedes” almaq istəyirmiş. Özü rus dilini yaxşı bilmədiyindən Gürcüstandakı Rustavi maşın bazarına Orxanı da özüylə aparıb ki, ona dilmanclıq etsin. Həm də avtomobil seçimində onun zövqünə güvənirdi. Çünki Orxan dəfələrlə Gürcüstandan maşın alınmasına vasitəçilik etmişdi.

Zakirin gözü mersedeslərdə olsa da, Orxan ona təklif etmişdi ki üstübağlı yük maşını alsın. Bir az baha olsa da, çörək ağacıdı. Bu maşınla işləyib arzuladığı mersedesi də ala bilər. Zakir dostunun bu təklifindən sonra umsuq qalsa da, imtina edə bilməmişdi. Atasının vəfatından sonra anası və bacısının yükü onun üstündə idi. Müfavizəçi işiylə də ancaq bir yerə qədər getmək olardı.

Orxanla Zakir həm xasiyyət, həm də biliyə görə bir-birilərinə uyuşmurdular. Zakir məktəbi 9-dan atıb getmişdi avtomobil təmiri sexinə. Orxan isə orta məktəbi tam bitirib ali məktəbə imtahan vermişdi. Qəbul olunmuşdu, amma ödənişli idi deyə imkanı çatmadı oxumağa. Daha sonra əmisinin məsləhəti ilə sürücülük kurslarına yazılmışdı. Zakirlə də orada tanış olmuşdu. Yaşıd və eyni ayda anadan olduqlarından hərbi xidmətə də bir getdilər. İkisi də hərbi hissənin avtomobil bölüyünə salınmışdılar. İl yarımlıq hərbi xidmətdə bir-birilərinə dəstək oldular. Daha çox Orxan Zakiri qorudu. Baxmayaraq ki Zakir qoldan güclü idi deyə Orxana yaxın düşən olmurdu. Lakin Orxan bacarığı sayəsində zabitlərlə yaxşı münasibət qurmuşdu. Bununla da Zakirin neçə-neçə “ÇP"sini ört-basdır etmişdi. Zakirin dalaşqanlığı bir neçə dəfə vəziyyəti elə ciddiləşdirmişdi ki hərbi hissənin tədqiqatçısı ona bir neçə dəfə ciddi xəbərdarlıq da etmişdi.

Əsgərlikdən sonra Zakir atasının “jiquli”siylə taksilik etməyə başladı. Orxan isə ali məktəblərə imtahan versə də, yenə pullu bölməyə girdiyi üçün tələbə olmaq sevdasından birdəfəlik əl çəkdi. Xarici neft şirkətlərindən birinə fəhlə kimi işə düzəldi. Şirkət daxilində təşkil olunan ingilis dili kurslarına getdi və o dili yaxşıca mənimsədi. Tezliklə işdə özünü göstərməsi nəticəsində irəli çəkildi, briqadirliyə qədər yüksəldildi. Dili bilməsinə görə şirkətin fəaliyyət göstərdiyi ölkələrə göndərildi. İl yarımlıq ezamiyyətdən gələndən sonra gördü ki Zakir bir dəfə həbsə düşməyə imkan tapıb.

Belə ki bir dəfə xuliqanlıq edib bir nəfəri yaxşıca əzişdirmişdi. Zərərçəkən Orxanın atasının qohumuydu. Orxanın ailəsi nə qədər dil töksə də zərərçəkən Zakiri bağışlamadı. Ancaq bir il yatandan sonra döyülən adam uzun israrlardan sonra bağışladı və Zakir tez azadlığa çıxa bildi. Bunda həm də Zakirin anasının qızıllarının lombardda girov qoyulmasının rolu oldu. Hakim prosesi “sürətləndirdi”.

Zakir vaxtından tez azadlığa çıxmasına baxmayaraq zərərçəkənə görə Orxanı və atasını suçlu görürdü. Atasıyla salam-məleyki azaltdı. Ağsaqqalı görəndə yolunu dəyişir, ya da ona tərəf baxmırdı. Əlinə imkan düşəndə onların qarasınca danışardı.

Orxan ezamiyyətdən gələndə bunlardan xəbəri yoxuydu. Zakirin məhkum olunmasını bilsə də, təəccüblənməmişdi. Ancaq vəziyəti atraflı bilmirdi. Valideynləri də danışmamışdı. Zakirin dəyişən münasibətini də həbs olunmasına bağlayırdı. Həbsxanaya düşən adamın davranışları dəyişir, daha ağır olur, şıltaqlıqları qalmır məntiqiylə anladı dostunun davranışlarını. Zakir isə getdikcə daha da aralı gəzdi, telefonlara az cavab verdi. Amma maşın almağa görə Orxana ağız açdı. Axı onun bu məsələdə səriştəsi vardı.

Orxan isə heç bir şeydən şübhələnmirdi. Dost bildiyi Zakirin heç bir xahişini geri çevirmirdi. Gürcüstana maşın almağa da öz puluyla getmişdi. Bütün səfər xərcini özü çəkmişdi. Halbuki bundan əvvəlki və sonrakı belə səfərlərdə əlləri cibində gedib gəlirdi. Zakir isə elə bilirdi Orxan suçluluq duyğusuna görə Zakirə qarşı daha mehriban, daha qayğıkeş olmaq istəyir. Zakir də üstünə qoyurdu, özünü lap yuxarı çəkirdi. Elə matah olmuşdu ki, Orxan bezib bunu dilinə belə gətirirdi.

Orxan bacısının cehizlərini başqa maşınlarla da həll edə bilərdi. Xeyiri dostuna vermək üçün onu seçmişdi. Üstəgəl bir az artıq ödəyəcəkdi. Zakir isə gəlib çıxmaq bilmirdi. Azı saat birdə gəlməliydi. Deyilən vaxtdan yarım saat keçsə də Zakirdən xəbər yox idi. Orxan anasının təkidi ilə telefonu yığdı

-Qaqa, hardasan? Hamı səni gözləyir eee.

-Bax “raboçi”yə girirəm. “Morvağzal”ın yanında probkadayıq. Yenə yolu qazıblar nədi…

Zakir telefonu yenidən masanın üzərinə qoyub yeməyinə daha iştahla davam edirdi. Orxanın əziyyət çəkməsindən xüsusi zövq alırdı. Yeməyini bitirnəyə yaxın Orxan bir də zəng elədi. Bundan əvvəl dediyi yerdən 300 metr irəlini deyib suçu atdı yenə tıxacların üstünə. Yeməkdən sonra tələsmədən bir stəkan çay da içib gərnəşə-gərnəşə maşınına tərəf getdi.

Orxangilə çatanda saat dördə işləyirdi. Gətirilən fəhlələr gözləməyib getmişdilər. Üstəgəl anası və qonşu qadınlar Orxana nəyi var döşəmişdilər. “Tutduğun iş başına dəysin. Türemşikdən başqa şofer tanışın yoxdu? Aman-zaman bir bacın var, onun da xeyir işinə gör kimi çağırmısan”. Zavallı Orxan dostuna görə udmuşdu bunları. Zakir isə gecikməyinə görə nəinki üzrxahlıq elədi, hələ üstəlik gəlməyini belə minnət etdi.

-O qədər “probka”da qalıb sonra aralarından manevr edə-edə gəlib çıxmaq asandı bəyəm. O qədər benzin yandırmışam ki. Hələ sağ ol deməlisən.

Orxan dostunun minnətinə görə cavab vermək istəsə də, onsuz da qaralan qanını daha da korlamaq istəmədi.

Cehiz səhərisi gün getdi. Yükdaşıma ilə məşğul olan firmaya zəng elədilər. Firma onlara Zakirə veriləcək puldan iki dəfə baha çıxsa da, başları ağrımadı. Zakirə bir az benzin pulu verdi. Verməsəydi adicə onların qapısına gəlməyini başına vuracaqdı. Dostunun əvvəllər bu cür hərəkətlərini görmüşdü.

O hadisədən sonra Orxan Zakirdən incidi. Bunu büruzə verməsə də, tədricən araları soyudu. Bacısının toyundan sonra o da işləmək üçün Türkiyəyə getdi.

Zakir isə yük maşınını satıb arzusunda olduğu “mersedesi” aldı. Artıq başını xarab edən Orxan yox idi. Maşının üstünə taksi işarəsini qoyub əvvəl məhəllənin avtobus dayanacağına, daha sonra isə şəhərə ayaq açdı.

Bir gün Nəqliyyat nazirliyinin departament əməkdaşları Zakiri qanunsuz taksi xidməti ilə məşğul olduğu üçün “mersedesi”nin nömrəsini açıb apardılar. Gecələr nömrəsiz taksi sürmək istədikdə isə bu dəfə yol polisi maşını cərimə meydançasına apardı. Beləcə Zakir sevimli oyuncaqsız qalmışdı. Artıq dostlarının yanında lovğalana bilmirdi. Axşam məhlə ev-eşiyinə yığışandan sonra evə gəlirdi ki tay-tuşları onun piyada olmağını görməsinlər.

Bir gün şəhərdə avaralanıb gecənin düşməsini gözləyən vaxt qonşu Leyla xanım həyəcanla zəng edib dedi ki ananın vəziyyəti pisdi, tez dur gəl. Çox da uzaqda olmadığından 20 dəqiqəyə özünü çatdırdı. Qonşular təcili yardım çağırmışdılar. Ancaq gəlib çıxmırdı. Hüsniyyə arvad astma xəstəsi olsa da, imkansızlıqdan lazım olan müalicə və dərmanları ala bilmirdilər. Üstəlik Zakir də biganəydi anasının durumuna. Belə xəstələr üçün təmiz hava mütləq olsa da, zavallı qadın günlərlə evdən bayıra çıxa bilmirdi.

Təcili yardım gecikirdi, qadının da vəziyyəti getdikcə ağırlaşır, nəfəs alması çətinləşirdi. Qonşular onu birtəhər ümumi həyətə çıxartmışdılar. Üzünü yelpiklə yelləyirdilər. Biri qonşu məhlədə yaşayan tibb bacısı Azadəni çağırmağa getmişdi. O da gəlib demişdi ki oksigen balışı lazımdı. O qarışıqlıqda hardan tapacaqdılar.

Qiymətli dəqiqələr keçir, amma təcili yardım gəlib çıxmırdı. Təklif edildi ki xəstənin özü xəstəxanaya aparılsın. Amma Hüsniyyə arvadın kök olmasına görə Azadə məsləhət gördü ki, xəstə yerindən tərpədilməsini.

Zakir təcili yardımın şəhər nömrəsini tapıb zəng elədi. Niyə gəlib çıxmadıqlarını soruşduqda operator qız cavab verdi ki, çoxdan çxıblar. Ola bilər yollarda tıxac var, ona görədi.

Amma hamının səbirsizliklə gözlədiyi siren səsləri eşidilmirdi. O anlar Zakir üçün dünyanın ən gözəl musiqisi olardı təcili yardımın siren səsi. Gəlsə təkərlərini öpərdi. Artıq qanırdı ki həyatda tək dayağı olan anasını da itirmək üzrədi.

Zakir yenə telefona əl atdı. Operator qız yenə eyni sözləri dedi, çoxdan çıxıblar, harada olsalar, gəlib özlərini çatdıracaqlar.

Getdikcə dəqiqələr dözülməz olmuşdu. Zakir yerində dura bilmir, qonşuların üstünə qışqırır. Siqareti siqaretin dalınca yandırırdı. Birdən siren səsini eşitdi. Qaça-qaça onları qarşılamaq üçün məhlənin əsas yola çıxan hissəsinə getdi. Bir dəqiqə sonra kor-peşman qayıtdı. Polis sireniymiş.

Zakir yenidən telefona sarıldı. Bu dəfə qızla əsəbi danışırdı. Səsinə bütün məhəllə qulaq asırdı. Sonra hirsindən telefonu yerə atdı. Telefonun batareyası çıxıb kənara düşdü.

Birdən qapıbir qonşu “Hüsniyyə” deyib qışdırdı. Zakir bu çığırtının nə olduğu başa düşmüşdü. “Ana” deyib özünü insan topasının arasına atdı. “Ana, ölmə. Nolar ölmə. Bax indicə gələcək. Vallah gəlir. Ölmə də”. Başını qaldırıb gözüyaşlı qonşularına baxdı. Onları suçlu gördü bir an. “Niyə qoydunuz ölsün? Azadə, sənin başın çıxmırdı bundan?”. İnsanlar onun isterik sözlərinə cavab vermirdilər. Hamısı başını aşağı salıb durmuşdu.

Hüsniyyə arvadın keçinməsindən bir qədər sonra yenidən siren səsi eşidildi. Bu dəfə yaxınlaşırdı. Artıq bu səs Zakir üçün dünyanın ən iyrənc səsiydi. Qatilin istehzalı gülüşünə bənzəyirdi. Təcili yardım insan topasının yanında durdu. Bir kişi, bir qadın maşından çıxıb özlərini yetirdilər.

Zakir ayağa qalxıb onların üstünə şığıdı. Kişiyə bir təpik vurmağa macal tapsa da qonşular onu götürüb kənara çəkdilər. Zakir isə “anamı siz öldürdünüz” deyib bağırırdı. Üstəlik bildiyi bütün söyüşləri yağdırırdı.

Nəhayət bir az sonra sakitləşdi. Həkimlər də suçlarını duyurdular. Onlar da başlarını aşağı salıb dayanmışdılar. Təpik yeyən həkim isə dua edirdi ki canını bununla qurtarsa nəzir verəcək. Diliylə dişinin arasında qalan yemək qalıntısını çıxardıb ona da şükür etdi ki pivə qoxusunu hiss etmədilər. Çünki yolda ağzına 3-4 nanəli saqqız atmışdı

XS
SM
MD
LG